“Dövlət bununla həm iqtisadiyyata maliyyə kanalları cəlb edə, büdcəni artıra, həm də narazı vətəndaşların problemlərini yoluna qoya bilər”
SSRİ-nin dağılması ilə Azərbaycan sosialist rejimindən çıxaraq müstəqilliyini əldə etdi. Bundan sonra ölkədəki nəhəng dövlət əmlakının - mülkiyyətinin onun həqiqi sahibi olan vətəndaşlara, yəni xalqa əvəzsiz qaydada verilməsi məsələsi gündəmə gəldi. 1990-cı illərin 1-ci yarısında dövlət əmlakının bir hissəsinin dövlət özəlləşdirmə payları kimi vətəndaşların mülkiyyətinə verilməsi qərara alındı, tarixi ədalətin təmin olunması üçün qanunlar qəbul edildi və bununla dövlət əmlakının dövlət özəlləşdirmə payları kimi xalqa verilməsi mexanizmi quruldu.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda özəlləşdirmə qanunvericiliyi digər postsovet ölkələrində baş vermiş hüquqi pozuntular nəzərə alınmaqla daha yüksək hüquqi təminatlarla qəbul edildi. Ümummilli Liderin uzaqgörənliyi nəticəsində Azərbaycan qanunvericiliyi daha dəqiq və hüquqi baxımdan daha güclü şəkildə formalaşdırıldı və özəlləşdirmə haqqında qanunun özündə özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi olduğu birbaşa təsbit edildi.
Belə olan halda, qanunla vətəndaşlara verilmiş hüququn sonradan qanundan aşağı hüquqi qüvvəyə malik olan normativ aktlarla, xüsusilə icra hakimiyyəti orqanlarının fərmanları ilə faktiki olaraq ləğv edilməsi hüquqi dövlət prinsipinə ziddir. Sonradan həmin qanunvericiliyin icra olunmaması və icrasının aşağı hüquqi qüvvəli aktlarla məhdudlaşdırılması Konstitusiyanın aliliyi prinsipinin pozulmasıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən, Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir və qanunlar digər normativ aktlardan üstündür. İcra hakimiyyəti orqanlarının aktları qanunlara zidd ola bilməz. Dövlət Özəlləşdirmə Payları və Dövlət Özəlləşdirmə Çekləri (DÖP/DÖÇ) ilə bağlı hüquqi gözləntinin kompensasiya ödənilmədən aradan qaldırılması mülkiyyət hüququnun pozulması hesab olunur və Konstitusiyanın 29-cu maddəsinə ziddir. Nəticə olaraq, dövlət tərəfindən verilmiş mülkiyyət hüququnun qanundan aşağı hüquqi aktlarla faktiki olaraq aradan qaldırılması hüquqi dövlət prinsipinin, Konstitusiyanın aliliyinin və mülkiyyət hüququnun pozulmasıdır.
Qeyd edək ki, Ulu Öndərin xalqa vədinə və qanunun aliliyinə inanıb özəlləşdirmə çeklərini ümidlə saxlayan vətəndaşlar (686 iddaçı və 3500-dən çox 3-cü şəxs) 2024-2025-ci illərdə Bakı İnzibati Məhkəməsinə, sonradan Bakı Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə ərizə ilə müraciət edib. Lakin məhkəmələr qanunları və Konstitusiyanı pozaraq işi araşdırmaqdan imtina edib. Əllərində çekləri qalmış və ondan istifadə edə bilməyən vətəndaşlar isə özəlləşdirmə paylarından istifadə edə bilmək üçün hökumətin qəti qərar verməsini gözləyirlər. Onlar tarixi ədalətin bərpa olunmasını tələb edirlər.
Diqqət: hüquqşünas və vəkillər DÖP/Ç-lərini satmayıb ümidlə saxlayan bütün vətəndaşlara israrla tövsiyə edirlər ki, Cənab Prezidentə və Milli Məclisin Sədrinə müraciət məktubları ünvanlasınlar. Özəlləşdirmə Çekləri Qrupunun 070 304 05 21 nömrəli əlaqə vasitəsinə “Whatsapp” üzərindən ad-soyadını yazan şəxslərə hər iki müraciət forması göndəriləcək.
Mövzu ilə bağlı AYNA.AZ-a danışan iqtisadçı ekspertlər bildiriblər ki, əllərində qiymətli kağızları qalan vətəndaşların bundan səmərəli istifadə etməsinə hökumət tərəfindən şərait yaradılmalı, problem ədalətli şəkildə həllini tapmalıdır.
İqtisad elmləri doktoru, professor Elşad Məmmədov:

“Özəlləşdirmə prosesi çərçivəsində problemlər yaşandı. Azərbaycanda və bəzi postsovet ölkələrində özəlləşdirmə prosesi düzgün həyata keçirilmədi. Biz çeklərin iqtisadiyyatda effektiv şəkildə dövr etməsinin şahidi olmadıq. Bu prosesin üzərindən illər keçib və çeklərin dövriyyədə istifadəsi mürəkkəbləşib.
Amma hesab edirəm ki, bu problemdən çıxış yolu var. Nəticədə bu çeklər qiymətli kağızlardır, həm də dövlət tərəfindən tanınan qiymətli kağızlardır. Mütərəqqi sistemlərdə emissiya belə baş verir ki, hansısa qiymətli kağızların alınmasına dövlət pul ayırır və onun hesabına iqtisadiyyata pul kanalları cəlb edir. Düşünürəm ki, məhz bu qiymətli kağızlardan müvafiq proqram hazırlayaraq investisiya axınlarına cəlb olunması üçün istifadə edə bilərik.
Mexanizm hazırlayaraq, “batmış” sayılan qiymətli kağızları – vauçerləri dirçəltmək mümkündür. Qiymətli kağızlar emissiyanın istiqaməti ola bilər. Çeklərin dövriyyəyə qaytarılması effektiv nəticə verə bilər. Məncə, dövlət bu məsələyə ciddi yanaşmalı və təklifləri nəzərə almalıdır. Bununla həm iqtisadiyyatda canlanmaya nail olmaq mümkündür, həm də narazı vətəndaşların problemlərini yoluna qoymaq mümkündür. Mən də mexanizmin yaradılmasında əlimdən gələni etməyə hazıram”.
İqtisadçı Günay Hüseynova:

“İqtisadi münasibətlərdə mülkiyyət hüququnun qorunması, həmçinin dövlət öhdəliklərinə etimad vacib prinsiplərdən hesab olunur. Əllərində özəlləşdirmə çeki olan minlərlə vətəndaş var ki, onlar illərdir çeklərindən səmərəli istifadə edə biləcəklərini gözləyirlər.
Hesab edirəm ki, artıq özəlləşdirmə ilə bağlı əsas mərhələ başa çatıb. Həmçinin də dövlət əmlakının böyük bir hissəsi özəlləşdirilib. Amma məsələ burasındadır ki, hüquqi qeyri-müəyyənlik bu sahədə vətəndaşlarda çaşqınlıq yaradır. Əslində, qeyri-müəyyənlik də yox, qanunla qərar arasında ziddiyyətlilik mövcuddur.
Vətəndaşların hüquqa əsaslanan narazılığına aidiyyəti orqanlar tərəfindən baxılmalı və yekun qərar verilməlidir. Tutalım, özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması mümkün deyilsə, vətəndaşların qanunla haqlı narazılıqlarının aradan qaldırılması məqsədi ilə kompensasiya ödənilə bilər”.
İqtisadçı Pünhan Musayev:

“Vauçerlərin mahiyyəti və xüsusi təyinatı var idi. 30 il bundan qabaq keçmiş postsovet ölkələri kapitalizmə keçid edirdi. Bununla yanaşı, Şərqi Avropa ölkələri də bu addımı atdı. Kapitalizmə keçiddə iki vacib stimul var idi ki, bunlardan biri sərbəst qiymət mexanizminin tətbiqi, sərbəst qiymətin liberallaşdırılmasıdır. Digər əsas məqam ictimai mülkiyyətdən xüsusi mülkiyyətə keçidin təmini idi. Yəni ki, bir qrup fərddən mülkiyyətin cəmiyyətə proporsional qaydada bölünməsi idi. Kapitalizmə keçidin əsasında dayanan əsas prinsiplər fundamental qayda və çərçivənin olması, əhalinin maarifləndirilməsi idi.
Bu amillərin çatışmazlığı xaotik, qeyri-şəffaf vəziyyətə gətirib çıxarmışdı. Bu, təkcə Azərbaycan nümunəsində deyildi, keçmiş postsovet və Şərqi Avropa ölkələrində də bu barədə narazılıqlar var idi.
Azərbaycanın həmin dövrdə qarşısında dayanan iki nümunə var idi. Birincisi, Britaniya təcrübəsidir. Burada belə idi ki, iri sənaye obyektləri ödənişli şəkildə özəlləşdirilir. Bu, ödənişli olduğu, əhalinin də əlində resurslar olmadığı, uzun müddət tələb etdiyi üçün Azərbaycan bu praktikanı istifadə etmədi. Azərbaycan daha sadə olan Rusiya praktikasını seçdi. Bununla özəlləşdirmə həm ödənişsiz idi, həm də qısa müddət tələb edirdi.
Amma fundamental əsasların olmaması, miras paylarının verilməsindəki problemlər, maarifləndirmənin olmaması səbəbindən özəlləşdirmə prosesi özünü doğrultmadı. Həmin problemlər indi üzə çıxır və əllərində dövlət tərəfindən verilmiş qiynmətli kağızları qalan insanlar narazıdırlar və narazılıqlarında haqlı tərəflər çoxdur.
Təbii ki, bu prosesdə haqları pozulan vətəndaşlar öz haqlarını əldə edə bilməlidirlər, bunun üçün ədalətli qərar qəbul olmalıdır. Bunun da hüquqi çərçivəsi olmalıdır. Düşünürəm ki, hüququn tələb etdiyi formada məsələnin həlli təqdirəlayiq olardı. Dövlət tərəfindən vətəndaşların narazılığı nəzərə alınmalı və konkret qərar verilməlidir”.
Kiçik xatırlatmalar
Diqqətə çatdıraq ki, bir neçə ildir AYNA.AZ-a açıqlama verən iqtisadçılar, əmlak ekspertləri eyni mövqeni bölüşürlər. Onların yekdil rəyi bundan ibarətdir ki, özəlləşdirmə çekləri dövlət qiymətli kağızıdır və ölkə heç bir özəlləşdirmə prosesi vauçerlərsiz aparıla bilməz.
“Fm Consulting” şirkətinin direktoru, iqtisadçı Nahid Həsənov:

“Müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyev 1996-cı ildə tarixi fərman imzaladı. Bu fərmanla ölkə vətəndaşlarına əvəzsiz özəlləşdirmə çekləri paylanıldı. Lakin sonradan prosesin icrası zamanı qüsurlara yol verildi. Ümidvaram ki, nəhayət, doğru qərar qəbul ediləcək. Özəlləşdirmə çekləri qiymətli dövlət kağızıdır və onlar üçün tədavül müddəti nəzərdə tutulmamalıdır. Bu mənada məsələyə aydınlıq gətirilməsi, dəymiş zərərin ya qəbul edilmiş normativlərə uyğun olaraq ödənilməsi, ya da növbəti özəlləşdirmələr zamanı payları əlində qalan vətəndaşların iştirakına şərait yaradılması labüddür. Müvafiq qurumlar bununla bağlı hərəkətə keçməli və tarixi qərarı elan etməlidir”.
İqtisadçı ekspert Razi Abbasbəyli:

“Paradoks odur ki, çeklər tədavüldən çıxarılsa da, onların etibarsızlığı ilə bağlı ortada qanunvericilik aktı yoxdur. 2011-ci ildən vauçerlərin istifadə müddəti uzadılmadı ki, bu da mübahisəlidir. Məsələ burasındadır ki, çeklər ləğv edilməyib. Bu, vətəndaşın özəlləşdirmədə iştirakını təmin etmək üçün qiymətli kağızdır. Amma bu gün faktiki olaraq bu çeklər özəlləşdirmədə iştirak etmir və bu, tamamilə yanlış yanaşmadır. Hesab edirəm ki, Prezident müvafiq sərəncam verməli, özəlləşdirmə çeklərinin istifadəsinə təkrar şərait yaradılmalıdır. Dövlət əmlakının özəlləşməsində dövlətin verdiyi qiymətli kağızlardan istifadəyə şərait yaratmaq mümkündür. Bu gün Azərbaycanda xeyli sayda vətəndaşda çeklər qalıb ki, onlar bundan yararlana bilməyiblər. Məsələni həll etməklə həm narazılıq aradan qalxar, həm də haqqı pozulanların hüquqlarının qorunması təmin edilər. Narazı vətəndaşların, onların hüquqlarını müdafiə edən ekspertlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, deputatların səsini eşitmək lazımdır”.
Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli:

“Dövlətin verdiyi qiymətli kağızlardan istifadə edə bilməyən vətəndaşların hüquqlarının bərpa olunması şərtdir. Məlumdur ki, çeklər tədavüldə olan zaman bundan istifadə etməyən, yaxud edə bilməyən vətəndaşlar olub. Kimsə zamanında çeklərdən istifadə etdi, bəs, istifadə edə bilməyən vətəndaş nə etməlidir? Vauçerlərini saxlayan vətəndaşlar düşünürdülər ki, bundan daha səmərəli istifadə edəcəklər. Bu düşüncələrində də kifayət qədər haqlı idilər. Çünki dövlətin onlara verdiyi qiymətli kağızın üzərində tədavül müddəti, etibarlılıq müddəti yoxdur. Etibarlılıq müddəti göstərilməyibsə, demək ki istənilən zaman bu çeklər özəlləşdirmədə iştirak edə bilər. Bu gün də müəyyən dövlət müəssisələri özəlləşdirməyə çıxarılır, hərraclar keçirilir. Hesab edirəm ki, əlində çeki qalan vətəndaşların bundan yararlanmaları üçün şərait yaradılmalı, yaxud da hansısa ciddi qərar verilməlidir. Çeklərin tədavül müddətinin artırılması, yaxud da vətəndaşlara kompensasiya ödənilməsi mümkündür. Müvafiq komissiya yaradıla bilər, qiymət müəyyənləşər ki, bir vauçerin qiyməti bu qədərdir. Əlində çeki qalan vətəndaş da bunu təqdim edər, kompensasiyasını alar. Bununla həm vətəndaşın hüququ bərpa edilmiş olar, həm də problem həllini tapar. Demək istədiyim odur ki, məsələyə birdəfəlik nöqtə qoyulmalıdır”.
QEYD
Ötən əsrin sonunda - Özəlləşdirmə Payları (çekləri) 29 sentyabr 1995-ci il 1120 nömrəli Qanunla qəbul olunmuş Dövlət Proqramı ilə verilmişdir və Qanunun icrasını təmin etmək ücün AR Prezidentinin 25 mart 1996-cı il tarixli 450 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə"yə uyğun olaraq (verilmişdir) paylanmışdır. Qanunla vətəndaşlara mülkiyyət sahibi olmaq üçün verilmiş qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Eyni zamanda dövriyyədə Tədiyyə-Özəlləşdirmə vasitəsi kimi istifadəsi də Qanuna və Konstitusiyaya zidd olaraq Fərmanla məhdudlaşdırılıb. Əllərində qiymətli kağız olan çekləri qalmış yüzminlərlə vətəndaş Tədiyyə-Ödəmə müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir. Çünki vətəndaşlar üçün çeklərin dövriyyədə tədavül vasitəsi (alqı-satqı, banka girov və s.) olması vacib deyil. 100 minlərlə vətəndaş Heydər Əliyevin məsləhətinə uyğun olaraq öz çeklərindən dövriyyədə Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə edərək özəlləşdiriləcək iri müəsisələrdə pay sahibi olmaq və divident almaq ümüdi ilə öz çeklərini satmayıb – saxlayıblar.
Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.
Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.
Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.
Əlavə qeyd
Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!
Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 15 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.
Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.
Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!
Mövzuya dair daha ətraflı məlumatla aşağıdakı keçidlərə daxil olmaqla tanış ola bilərsiniz: