Təəssüf, təəssüf və yenə də təəssüf - VİDEO

Aktual

16.07.2026 - 10:49

Bu parlaq övladlarımızın taleyinə, gələcəyinə nə üçün biganəyik?

Bir neçə gün əvvəl Türkiyədə uzmanlıq təhsili alan azərbaycanlı asistan həkimlərin maliyyə hüquqları ilə bağlı hazırladığım yazıda bəhs etdiyim məsələ 14.07.2026 tarixində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Təhsil komissiyasında müzakirə olundu. 

Komissiyanın iclasında Türkiyə vətəndaşı olmayan asistan həkimlərin  maliyyə hüquqları ilə bağlı ciddi etirazlar dilə gətirildi. Asistan həkimlərin mövqeyini müdafiə edənlər çıxışlarında bu həkimlərin Türkiyə vətəndaşı olan həmkarları ilə eyni xəstəxanalarda çalışır, eyni növbələri tutur, eyni xəstələrə baxır, eyni əməliyyatlarda iştirak edir və eyni tibbi məsuliyyəti daşıyırlar. Buna görə də yalnız vətəndaşlıq statusuna əsasən onların dövriyyə kapitalından verilən əlavə ödənişlərdən məhrum edilməsi bərabərlik və “eyni işə eyni əməkhaqqı” prinsiplərinə zidd hesab edildiyi dilə gətirildi. 

Çıxışlarda qeyd edildi ki, qanun layihəsi bu şəkildə qəbul edilərsə, azərbaycanlı övladlarımızın (digər bütün xarici vətəndaşların da) gəliri təxminən 17.900 Türkiyə lirəsi (təxminən 647 AZN) səviyyəsində qalacaq. Eyni işi görən türk asistanlar isə xaricilərdən nə az, nə də çox, düz 10 dəfə (!!!) daha çox pul alacaqlar. 

İki həkim arasında yalnız vətəndaşlığa görə bu qədər böyük gəlir fərqinin yaradılması həm hüquqi, həm də vicdani baxımdan qəbul edilməzdir. Bunu müzakirələrdə iştirak edən bəzi çıxışçılar açıq şəkildə ifadə etdilər.

Bu gün də qeyd etmək istəyirəm ki, başqa ölkələrin vətəndaşı olan asistan həkimlər ödəniş hüququnu hansısa bir güzəştlə deyil, məhkəməni udaraq, eləcə dəTürkiyə Cümhuriyyəti  Konstitusiya Məhkəməsinin qərarı əsasında əldə ediblər. Ona görə də məhkəmə qərarı ilə qazandıqları hüququn yeni qanunla yenidən əllərindən alınmasını anlamaqda çətinlik çəkirəm.

Maraqlıdır ki, türk həkimlər İngiltərə, Almaniya və digər ölkələrə getdikdə, aldıqları təqaüddən əlavə, çalışdıqları xəstəxanalarda yerli həkimlərlə eyni məvacib ala bilirlər. Türkiyəyə təhsil almağa və işləməyə gələn gələcəyin uzman həkimlərinə belə fərqli və yad münasibət göstərilməsi ürəyimi ağrıdır. 

İşin ən düşündürücü tərəfi odur ki, asistan həkimlərimiz heç bir əlavə imtiyaz tələb etmirlər. Onların tələbi yalnız gördükləri real əməyin qarşılığıdır. Bütün bu hüquqi, vicdani və sosial arqumentlər Komissiyada bəzi millət vəkilləri tərəfindən səsləndirildi. Lakin bütün bu çıxışlara baxmayaraq, təqdim olunan təkliflər komissiyada qəbul edilmədi. 

Maddənin dəyişdirilməsi və xarici vətəndaş olan asistan həkimlərin mövcud hüquqlarının qorunması ilə bağlı çağırışlar nəticəni dəyişmədi və qanun layihəsi Komissiyadan keçdi. 

Ancaq proses bununla yekunlaşmır. Azərbaycanlı asistan həkimlər həkimlərin hüquqlarının müdafiəsi məqsədilə “Suriya” dərnəyinin rəhbəri tərəfindən hazırlanan müraciət mətnini şəxsi məlumatları ilə dolduraraq aidiyyəti qurumlara təqdim ediblər. Məqsəd komissiyada qəbul edilməyən etirazların, həkimlərin yaşadığı real problemlərin və Konstitusiya Məhkəməsinin əvvəlki qərarının növbəti mərhələdə yenidən gündəmə gətirilməsidir. 

Ehtimal ki, qanun layihəsi TBMM-nin önümüzdəki iclaslarında müzakirə olunacaq. Onun aqibəti Məclisin ümumi iclasındakı səsvermədən sonra bəlli olacaq. Qəbul olunacağı təqdirdə qanun layihəsi Türkiyə Respublikası Prezidentinin təsdiqinə gedəcək.

Nə qədər soruşsam da, soraqlaşsam da bizim rəsmilərin – Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin, Milli Məclisin hansısa bir təşəbbüsü, hansısa bir addımı, hansısa bir nümayəndəsinin Ankaraya ezam edilməsi haqda heç bir məlumat öyrənə bilmədim. 

Ancaq öyrəndiyim bir xəbərə çox üzüldüm…

Azərbaycan tərəfin anlaşılmaz susqunluğunun əksinə, “Suriya Doktorlar Birliyi” adında bir təşkilat TBMM-də, Təhsil Komissiyasında və kulislərdə çalışmalar aparır, millət vəkillərini bilgiləndirir, bir çox instasiyada suriyalı həkimlərin haqq və hüquqları üçün mübarizə aparır. 

Bu parlaq övladlarımızın taleyinə, gələcəyinə nə üçün biganəyik?

Ancaq xəstələnəndə yenə də onlara müraciət edəcəksiniz, unutmayın!

Çalışın xəstələnməyin!

TBMM Təhsil Komissiyasında  Qanun layihəsinə qarşı çıxan Bursa millət vəkili Kayıhan Pala, Mersin millət vəkili Perihan Koca və Suat Özçağdaşın çıxışlarını paylaşıram...

Videoçıxışları aşağıdakı linklərdən izləyə bilərsiniz. 

https://www.facebook.com/share/v/1JZi55qvsQ/

https://www.facebook.com/share/v/19HqG7nois/

https://www.facebook.com/share/v/1F5eAm29zn/

 

Müəllif: İbrahim Nəbioğlu

Pin up casino Pin-up casino giriş