Bazar baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun infrastrukturla təmin olunub
Xaçmaz rayonunda yerləşən heyvan satışı bazarı fəaliyyətini bərpa edib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən, biotəhlükəsizlik tələbləri təmin olunaraq bazar yenidən qurulub. AYNA.AZ xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.
Qeyd olunub ki, bazar baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun infrastrukturla təmin olunub. Obyektdə baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb, kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar quraşdırılıb.
Eyni zamanda, heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr təşkil edilib, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri tam şəkildə qurulub.
Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı və Ağsu rayonlarında və Bakının Binə qəsəbəsində heyvan bazarları fəaliyyətə başlayıb. Xaçmazda heyvan bazarının açılması ilə ölkə üzrə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 15-ə çatıb.
Qeyd edək ki, heyvan bazarları AQTA Kollegiyasının qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun şəkildə yenidən qurulmalıdır. Yenidən qurulan bazarlar yalnız Agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyətə başlaya bilər.