Rusiya Türkiyə meyvələrinin idxalına qadağa qoyub

Dünya

20.07.2026 - 17:27

Qadağa beş Türkiyə şirkətinin ərik, albalı və şaftalısına şamil edilib

Rusiya Türkiyədən çəyirdəkli meyvə idxalına məhdudiyyətlər tətbiq edib. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

Bildirilib ki, qadağa beş Türkiyə şirkətinin ərik, albalı və şaftalısına şamil edilib.

"Qərar Avrasiya İqtisadi Birliyinə üzv ölkələr üçün karantin altına alınan çəyirdəkli meyvə məhsullarında orqanizmlərin sistematik şəkildə aşkarlanması səbəbindən verilib", - “Rosselxoznadzor”dan bildirilib.

Agentlik Türkiyə meyvələrində hansı orqanizmlərin aşkarlandığını dəqiqləşdirməyib.

“Rosselxoznadzor” qərarını Türkiyə xarici işlər naziri Hakan Fidanın Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşündən bir neçə saat sonra açıqlayıb. Görüşdən sonra Fidan Türkiyənin Kiyev üçün təhlükəsizlik zəmanətlərinə qoşulmağa və NATO müttəfiqləri ilə birlikdə bu zəmanətlərin dəniz komponentinə rəhbərlik etməyə hazır olduğunu bildirib: "Biz müharibənin Qara dənizə yayılmasını istəmirik. Qara dənizdə limanların, tankerlərin və balıqçı gəmilərinin atəşə tutulması və mülki insanların həyatına təhlükə qəbuledilməzdir.

Nazir həmçinin əlavə edib ki, Ankara Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və Krımın qanunsuz ilhaqı ilə bağlı sarsılmaz mövqeyini bir daha bəyan edir.

Türkiyə hazırda Rusiyaya ən böyük çəyirdəkli meyvə tədarükçüləri arasında deyil. Keçən il əsas ixracatçılar Özbəkistan (180.000 ton), Azərbaycan (111.000 ton) və Ermənistan (64.000 ton) olub. Lakin Türkiyə Rusiyaya sitrus meyvələrinin aparıcı tədarükçüsüdür (599.000 ton) və qarpız, qovun (16.000 ton) üzrə Özbəkistandan (335.000 ton) sonra ikinci yerdədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş