Peter Madyar: “Macarların hüquqları ilə bağlı Ukrayna ilə razılaşma əldə edilib”
Budapeşt və Kiyev Zakarpatiyadakı macarların hüquqları ilə bağlı razılığa gəliblər. AYNA.AZ bildirir ki, bu barədə Macarıstan Baş naziri Peter Madyar “Facebook”da yazıb.
Baş nazir vurğulayıb ki, onun hökuməti üç həftə ərzində keçmiş Baş nazir Viktor Orbanın "on ildə" əldə edə bilmədiyi bir şeyə nail olub.
"Biz Ukrayna ilə 100.000 nəfərlik macar azlığının dil, təhsil, mədəni və siyasi hüquqlarını genişləndirmək üçün hərtərəfli razılığa gəldik. Ukrayna hökuməti yaxın gələcəkdə razılaşdırılmış tədbirləri öz qanunvericiliyinə daxil etməyi və Zakarpatiyadakı soydaşlarımıza əvvəllər sahib olduqlarından daha geniş təhsil, mədəni, dil və siyasi hüquqlar verməyi öhdəsinə götürüb", - deyə o bildirib.
Madyarın sözlərinə görə, Ukraynanın öhdəlikləri Kiyevin Avropa İttifaqı üçün həyata keçirməli olduğu fəaliyyət planında öz əksini tapacaq. Əgər bu baş verərsə, Macarıstan Ukraynanın Aİ-yə daxil olması ilə bağlı ilk danışıqlar qrupunun açılmasını dəstəkləyəcək.