“Qırğızıstan həm regional, həm də beynəlxalq səviyyələrdə dialoq, əməkdaşlıq və çoxtərəfliliyi ardıcıl olaraq təşviq edir”
Qırğızıstan 2027–2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. AYNA.AZ xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatı (TDT) məlumat yayıb.
TDT-nin baş katibi Kubanıçbek Ömürəliyev Qırğızıstanın seçilməsini alqışlayıb və bunu beynəlxalq ictimaiyyətin ölkənin konstruktiv iştirakına, məsuliyyətli diplomatiyasına və “BMT prinsiplərinə sadiqliyinə inamını əks etdirən əhəmiyyətli bir nailiyyət” adlandırıb.
O qeyd edib ki, “Qırğızıstan həm regional, həm də beynəlxalq səviyyələrdə dialoq, əməkdaşlıq və çoxtərəfliliyi ardıcıl olaraq təşviq edir”.
Ömürəliyev Qırğızıstanın Təhlükəsizlik Şurasının işinə və dünyada sülhün, təhlükəsizliyin və əməkdaşlığın qorunması üçün beynəlxalq səylərə dəyərli töhfə verəcəyinə əminliyini bildirib.
TDT-nin baş katibi həmçinin Qırğızıstanın Təhlükəsizlik Şurasının qarşıdan gələn qeyri-daimi üzvlüyündə ona dəstəyini bir daha təsdiqləyib və ölkəyə üzvlük müddətində uğurlar arzulayıb.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri ədalətli coğrafi bölgü prinsipi nəzərə alınmaqla Baş Assambleya tərəfindən seçilir. Onların mandatı dərhal yenidən seçilmək hüququ olmadan iki il müddətinə qüvvədədir.