Tikinti layihələrinə ictimai dinləmələrdən sonra rəy veriləcək

Tikinti layihələrinə ictimai dinləmələrdən sonra rəy veriləcək

Ayda dəfə Nazirliyin Dövlət Ekspertiza İdarəsində ictimai dinləmə təşkil olunur

 

Azərbaycanda ekoloji rəy tələb olunan bütün tikinti layihələrinə ictimai dinləmələrdən sonra rəy veriləcək. AYNA xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

 

İdarə rəisinin sözlərinə görə, bu gün qarşıya qoyulan əsas məqsəd ölkədə ekoloji ekspertizanın obyekti olan bütün tikinti, istehsalat və digər layihələrin açıq şəkildə, ictimaiyyətin və maraqlı tərəflərin iştirakı ilə qiymətləndirilməsidir: "Ona görə də artıq bir neçə müddətdir ekoloji rəy üçün təqdim olunan bütün layihələrin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə ayda bir dəfə Nazirliyin Dövlət Ekspertiza İdarəsində ictimai dinləmə təşkil olunur. Dinləmələrdə layihə təqdim edən tərəflər, ərazi üzrə icra, bələdiyyə qurumları, QHT nümayəndələri, ekspertlər, həmin ərazinin sakinləri və media təmsilçiləri iştirak edir. Bundan sonra ekoloji rəy tələb olunan bütün tikinti layihələrinə ictimai dinləmələrdən sonra rəy veriləcək. Bizim vəzifə borcumuz, əhəmiyyətindən asılı olmayaraq rəyə göndərilən bütün layihələrin ekoloji tələblərə cavab verməsini, götürülməsinə zərurət yaranan yaşıllıqların yerində daha çox ağac əkilməsini təmin etməkdir". 

 

Mirsalam Qənbərov onu da qeyd edib ki, yeni tikilən binaların ərazisinin 25 faizində mütləq yaşıllıq salınması tələbi qoyulur: "Bu gün köhnə binaların sökülərək yerində müasir və daha rahat binaların tikilməsi üçün icra edilən pilot layihələr təqdir ediləndir. Lakin bu layihələrin icrası zamanı da bütün ekoloji tələblər nəzərə alınmalıdır. Bu tip layihələrə, tikinti altına düşən ağacların əvəzində daha çox sayda ağacın əkilməsi tələbi ilə müsbət rəy veririk. Yəni layihəsi təqdim olunan ərazinin mütləq olaraq 25 faizində yaşıllıq salınması tələbi qoyulur. Deyək ki, 200 kvadrat metrlik ərazidə tikinti aparılacaq, biz həmin tikintiyə, ərazinin 25 faizində mütləq ağac əkilməsi şərtilə ictimai dinləmədən sonra müsbət rəy veririk".

 

"Əgər ərazidə ağac əkməyə yer olmursa, yəni tikinti kiçik bir ərazini əhatə edirsə, onda yenə də ictimai dinləmədən, məsləhətləşmədən sonra müvafiq boş sahələrdə yaşıllığın salınması tələbi ilə tikintiyə rəy verilir. Yəni, həm köhnə binanın əvəzində əhali yeni, yaraşıqlı, rahat binalara köçür, həm də həyəti bağça ilə, yaşıllıqla təmin edilir", - deyə o vurğulayıb.

Müəllif: Mərahim Nəsib      20 Dekabr 2019 17:58
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin