Ədliyyə Nazirliyi: Məhkəmələrin şəffaflığı üçün jurnalistlərlə təmaslar çox vacibdir

Ədliyyə Nazirliyi: Məhkəmələrin şəffaflığı üçün jurnalistlərlə təmaslar çox vacibdir

“Bu il Azərbaycanda 39 hakim barəsində intizam icraatı başlanılıb, 2 hakimin səlahiyyətlərinə xitam verilib 6 hakim isə işdən azad olunub"

 

Bu gün Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurasının təşkilatçılığı ilə Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda tədbir keçirilib.

 

AYNA xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyinin aidiyyəti qurumlarının, Məhkəmə-Hüquq Şurasının və Azərbaycan Mətbuat Şurasının rəhbərliyi və əməkdaşları, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, çoxsaylı KİV rəhbərləri və jurnalistlər iştirak ediblər.

 

Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova çıxış edərək Beynəlxalq İnsan Hüquqları Günündə keçirilən tədbirin əhəmiyyətindən danışıb, bu istiqamətdə mühüm addımların atıldığını vurğulayıb. Bildirib ki, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş davamlı tədbirlər görülür, bu sahədə nüfuzlu beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edilir, həmçinin respublikamız 50-dən çox beynəlxalq sənədə qoşularaq beynəlxalq öhdəliklərin həyata keçirilməsi daim diqqətdə saxlanılır.

 

İdarə rəisi onu da diqqətə çatdırıb ki, ölkə mətbuatı, həmçinin hüquqi maarifləndirmə sahəsində mühüm rol oynayır. Ədliyyə Nazirliyi fəaliyyətində şəffaflığa, aşkarlığa və ictimaiyyətlə əlaqələrə daim böyük önəm verərək kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlıq edir: “Prezident İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 2019-cu il 3 aprel tarixli Fərmanı ilə aidiyyəti qurumların qarşısında mühüm vəzifələr qoyulub. Fərmanın icrası çərçivəsində məhkəmə hakimiyyətinə ictimai etimadın artırılması, məhkəmə fəaliyyətində şəffaflığın artırılması, geniş ictimaiyyətin məlumatlandırılması üzrə işlərin davamı olaraq Məhkəmə-Hüquq Şurasının son iclasında Şuranın sədri, Ədliyyə naziri Fikrət Məmmədovun təşəbbüsü ilə kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqələrin səmərəli qurulması üzrə təşkilati məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunub”.

 

A.Sabitova insan hüquqlarının etibarlı təmin olunmasında məhkəmə hakimiyyətinin müstəsna rolunu qeyd edərək məhkəmələrdə mətbuatla əlaqələrə məsul spiker hakimlərin (bir növ mətbuat xidməti kimi – red.) ayrıldığını diqqətə çatdırıb. Bildirib ki, görüşün məqsədi həmin hakimlərlə tanışlıqla yanaşı, məhkəmələrlə media orqanları arasında əməkdaşlığın genişləndirilməsi, məhkəmə fəaliyyəti barədə əhalinin mütəmadi, dolğun və düzgün məlumatlandırılması məsələlərinin müzakirə olunmasıdır.

Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli medianın məhkəmə fəaliyyətinin, məhkəmə işlərinin işıqlandırılmasında daim maraqlı olduğunu vurğulayıb: “Jurnalistlərin etik davranış Kodeksi mətbuat nümayəndələrinin bu sahədə obyektiv və qərəzsiz fəaliyyəti üçün mühüm əsas yaradır. Ədliyyə Nazirliyinin KİV-lərlə fəal əməkdaşlıq qurması böyük əhəmiyyət kəsb edir və bu sahədə səmərəli əməkdaşlıq qurulub. Keçirilən birgə tədbirlər də bunun bariz nümunəsidir”.

 

Daha sonra Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi Elçin Qasımov çıxış edib: “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası üzrə görülən kompleks qanunvericilik, institusional və praktiki işlər, həyata keçirilən tədbirlər mediada geniş işıqlandırılıb. Məhkəmələrin nüfuzunun artırılması, şəffaflığın təmin olunması üçün KİV təmsilçiləri ilə görüşlər olduqca əhəmiyyətlidir”.

 

Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynov da bildirib ki, Məhkəmə-Hüquq Şurasında hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün “qaynar xətt”in yaradılıb: “Bu il Azərbaycanda 39 hakim barəsində intizam icraatı başlanılıb, 2 hakimin səlahiyyətlərinə xitam verilib və 6 hakim isə işdən azad olunub. Məhkəmələrin fəaliyyətinə dair mütəmadi monitorinqlər aparılır, məhkəmələrdə bilavasitə vətəndaş qəbulları keçirilir”.

Aparat rəhbəri vurğulayıb ki, məhkəmə hakimiyyətinə ictimai etimadın artırılmasında media ilə münasibətlərin düzgün qurulması olduqca vacibdir və bu, digər dövlətlərdə də aktualdır: “Bununla bağlı ötən il İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən hakimlərin media ilə əlaqələrinin gücləndirilməsinə dair mühüm sənəd qəbul olunub. Bu məsələ Məhkəmə-Hüquq Şurasının iclasında müzakirə olunub və ilkin olaraq Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən məhkəmələrin hər birində media ilə işləyəcək bir hakim, eləcə də Şuranın özündə məsul əməkdaş müəyyən edilib”.

 

C.Hüseynov, həmçinin spiker hakimləri tədbr iştirakçılarına təqdim edib. Vurğulayıb ki, media nümayəndələrinə həmin hakimlərlə bağlı məlumatlar yaxın günlərdə Məhkəmə-Hüquq Şurası Aparatının rəsmi saytında yerləşdiriləcək.

Tədbir KİV rəhbrlərinin və vətəndaş cəmiyyəti təmsilçilərinin çıxışları ilə davam edib. Çıxış edənlər  insanların öz hüquqlarını bilmələrinin təşviqi baxımından tədbirin önəmini xüsusi vurğulayıblar, media ilə səmərəli əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini bildiriblər. Eləcə də vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı məlumatlandırılması baxımından hakimlərin, tanınmış hüquqşünasların dövri mətbuatda mütəmadi çıxış etmələrinin zəruriliyini qeyd ediblər. Həmçinin məhkəmələrdə media ilə əməkdaşlıq üzrə hakimlərin ayrılmasının önəmini vurğulayıblar.

Müəllif: Ayna.az      10 Dekabr 2019 21:00
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin