Sabah ölkə üzrə 650 min ağac əkiləcək

Sabah ölkə üzrə 650 min ağac əkiləcək

650 min ağacın əkilməsinə saatlar qaldı

 

Xəbər verdiyimiz kimi, sabah ölkə üzrə bir gündə 650 min ağac əkiləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova AYNA-ya açıqlamasında bildirib ki, artıq ağac əkiləcək bütün ərazilərdə torpaq hazırlıq işləri başa çatıb, çalalar qazılıb, əkiləcək ağac tingləri ərazilərə gətirilib. 

 

İ.İbrahimova qeyd edib ki, dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı keçiriləcək ağacəkmə kampaniyası respublikanın bütün regionlarını əhatə edəcək. “Böyük şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları iştirak edəcək”.

 

"650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, bütün bəşəriyyət üçün qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, karbon qazının udulmasına, həm də torpaqların şoranlaşmasının qarşısının alınmasına müsbət təsir göstərəcək. “İnanırıq ki, bu aksiya ilə insanları nəcib təşəbbüslər ətrafında birləşdirməyə yönələn xeyirxah ənənənin əsası qoyulacaq”, - deyə nazirliyin sözçüsü əlavə edib.

Müəllif: Ayna.az      5 Dekabr 2019 15:05
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin