"Azəriqaz"ın işçilərindən müraciət: "Nisyəmizi güc-bəla ilə ödəyirik"

"Azəriqaz"ın işçilərindən müraciət:   "Nisyəmizi güc-bəla ilə ödəyirik"

"Azəriqaz" İstehsalat Birliyinin bir qrup əməkdaşı Nazim Bəydəmirliyə müraciət edib


"Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismar İdarəsinin Masallı və Astara Xidmət Sahələrində xidməti müqavilə ilə çalışan işçiləri qarşılaşdıqları problemlə bağlı sabiq millət vəkili, iqtisadçı-ekspert Nazim Bəydəmirliyə müraciət ediblər. 

 

N.Bəydəmirli ona edilən müraciəti SOCAR və "Azəriqaz"ın rəhbərliyinin nəzərinə çatdırmaq üçün öz "Facebook" səhifəsində ictimailəşdirib.

 

AYNA həmin müraciəti təqdim edir: 

 

""Nazim müəllim, bizə kömək edin.

Məsələ bundadır ki, intizamın gücləndirilməsi ilə bağlı ayda üç dəfə Lənkərana gedib orada davamiyyət jurnalına qol çəkirik, şəxsiyyət vəsiqəsi və maaş kartı yoxlanılır. Eyni zamanda həftədə üç dəfə öz rayonumuzun Xidmət Sahəsinə gəlib ordakı davamiyyət jurnalına da qol çəkirik. 

Biz yoxlamaya qətiyyən etiraz etmirik. Biz ayda üç dəfə Lənkərana gedib gəlməyə etiraz edirik.

Təklifimiz budur ki, qol çəkməyə görə ayda üç dəfə yüzlərlə insana mənasız əzab əziyyət verib Lənkərana aparıb gətirməkdənsə, elə oradan mərkəzdən bir nəfər jurnalı götürüb Masallı və Astaraya gəlib işçiləri yoxlayıb getsin. Bir nəfər bu işi asan görə bilər. Digər rayonlara Lənkərandan nümayəndə göndərilir, işçilər öz rayonunda yoxlanılır. Masallı və Astaraya niyə göndərmirlər, bilmirik.

Bura da nümayəndə göndərmələrini xahiş edirik. İndiki vəziyyətdə qazanclı tərəf təkcə avtobus şoferləridir. Qalan hamı itirir. Boş yerə yol yorğunu oluruq, işimiz pozulur. Yola sərf etdiyimiz enerjini, vaxtı idarəyə sərf etsək, dövlətimizin qaz təsərrüfatına daha çox xeyir vermiş olarıq.

Ayda üç dəfə Lənkərana gedib gəlmək bizə hərtərəfli yük olur. Dolanmaq çətindir, çatdıra bilmirik, bir yandan da bu get gəllər pul aparır. Dükanlara nisyə borcumuzu güc bəlayla ödəyirik, maaş əldə qalmır, alan kimi borca xərcə gedir, çatmır. Yenə də Dövlətimizə "sağ ol" deyirik ki, köməklik edib bu işi bizə verib. Şükür edirik ki, bu iş var. Lakin bir qol çəkməyə görə yüzlərlə insan əzab çəkir.

Xahiş edirik, bu get-gəlləri ləğv etsinlər. Bu get-gəl təzə çıxıb, əvvəl belə şey olmayıb. Gəlsinlər, öz rayonumuzda bizi nə qədər istəyirlər, yoxlasınlar. 

Sağ olun".

Müəllif: Ayna.az      1 İyul 2019 18:35
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin