Rəsmi Bakıdan Avropa Parlamentinə cavab: “Açıq siyasi sifarişdir”

Aktual

26.04.2024 - 12:58

“Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq”

“Bu kimi birtərəfli və qərəzli qətnamələrin adekvat olaraq dəyərləndirilmədən avtomatik şəkildə qəbulu Avropa Parlamenti üçün çoxdan adi hala çevrilib”. AYNA xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli qətnaməsinə cavab bəyanatında əksini tapıb.

Bildirilib ki, bu addım Avropadakı bir sıra qüvvələrin Azərbaycanla münasibətlərin daha da pisləşməsinə yönəlmiş açıq siyasi sifarişindən başqa bir şey deyil: “Belə mühitdə, Avropa Parlamentinin öz daxili mülahizələrini və şəxsi mənfəətlərini rəhbər tutan müəyyən qrup üzvləri, sadəcə, Azərbaycandakı vəziyyətin təhrif olunmuş mənzərəsini irəlilətməklə məşğuldurlar. Bu qəbildən sənədləri qəbul etməyi təşviq edənlərin niyyəti, həmçinin, diqqəti Avropa cəmiyyətinin, həqiqətən, aktual sosial-iqtisadi və siyasi problemlərindən yayındırmaqdır. Bundan əlavə, Azərbaycana qarşı sanksiya çağırışları yalnız Azərbaycan və Avropa ittifaqı arasında münasibətləri mürəkkəbləşdirir. Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq”.

Müəllif: Ayna.az