“Düşmən o qədər çıxılmaz vəziyyətdədir ki, hansı addım atacağını bilmir”

Aktual

07.10.2020 - 19:21

Həkimlər Klinikalar SEO Xidməti

Üzeyir Cəfərov: “İş o yerə çatıb ki, ermənilər döyüşmək üçün keşişləri də silahlandırıblar”

 

Azərbaycan Ordusunun işğal altında olan əraziləri azad etmək üçün apardığı hərbi əməliyatlar uğurlar davam edir. Əməliyyatların 8-ci günündə qondarma rejim rəhbərinin mətbuat katibi Vaqram Poqosyan erməni ordusunun təmas xəttindən geri çəkildiyini deyib. Bildirib ki, bu gediş ordunun daha çox itki verməsinin qarşısını almaq və qarşı tərəfə daha çox zərbə vurmaq məqsədi daşıyır.

 

Sözügedən açıqlamanı AYNA-ya şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov Poqosyanın çıxışlarının qeyri-ciddi olduğunu və onun nə danışdığını bilmədiyini deyib: “Poqosyan guya ki, mühüm məlumat verirmiş kimi özünü göstərməyə çalışır. Amma o qədər savadsız, o qədər əsassız açıqlamalar verir ki, bu da onların necə çıxılmaz vəziyyətdə olduqlarını göstərir. Elə ona görə də ağıllarına nə gəldi, yazırlar”.

 

“Hətta, iş o yerə çatıb ki, döyüşmək üçün keşişləri də silahlandırıblar. Həmin Vaqram Poqosyan idi ki, bir neçə gün bundan əvvəl taktiki olaraq geriyə addım atdıqlarını, Azərbaycan Ordusunu pusquya saldıqlarını və 200 nəfər Azərbaycan hərbçisini məhv elədiklərini demişdi. Onların heç normal əyin-başları yoxdur, Azərbaycan hərbçisini necə məhv edəcəklər?”, - müsahibimiz bildirib.

Üzeyir Cəfərov: “Azərbaycan ordusunun güclənməsini istəmirlər”

“Aydın məsələdir ki, düşmən öz ordusunun ruhunu qaldırmaq və döyüş meydanında saxlamaq üçün müxtəlif məlumatlar uydurur. Amma bunun heç bir xeyri yoxdur. Çünki artıq gecikiblər və Azərbaycan Ordusu lazım olandan da daha artığını edib. Elə qondarma rejim rəhbəri Arayik Arutunyanın ifadələri də Poqosyanın açıqlamalarından geri qalmır və onların necə boşboğaz olduqlarını göstərir. Halbuki, Aratunyan bizim əsgərlərimiz atəş açmağa başlayan kimi bunkerdə qaçıb gizlənir, elə bunkerdə də bombalandı”, - Cəfərov vurğulayıb.

 

Ekspert düşmənin çarəsiz vəziyyətdə qaldığını qeyd edib: “Gah qadınları döyüşə göndərir, gah da jurnalistlərə silah verib döyüşməyə məcbur edirlər. Düşmən tərəf itkiləri ilə bağlı siyahı dərc edib və 300-ə yaxın döyüşçüsünün məhv edildiyini etiraf edib. Deməli, bunların itkiləri o qədər çoxdur və darmadağın olublar ki, itkilərini minimal göstərməyə çalışır və məcburiyyət qarşısında qalıb müxtəlif uydurmadolu açıqlamalar verirlər.”

 

“Lakin Azərbaycan Müdafiə Nazirliyi xidməti müşavirə keçirib və Müdafiə naziri Zakir Həsənov düşmən ordusunun darmadağın edilməsini tapşırıb. Bu da o deməkdir ki, Azərbaycan Müdafiə Nazirliyi Ali Baş Komandan İlham Əliyevin verdiyi əmri yerinə yetirəcək. Düşmən də bütün bunları görəndən sonra qorxuya düşüb. Buna görə də mən bizim narahat olmağımız üçün heç bir ciddi əsas görmürəm”, - polkovnik-leytenant əlavə edib.

 

O, Ermənistanın Baş Naziri Nikol Paşinyanın müxtəlif ölkələrə, həmçinin tez-tez Moskvaya zəng etməsini, onların qorxu içində olmalarının bariz nümunəsi kimi dəyərləndirib: “Lakin Paşinyanın əl-ayağa düşməsinə baxmayaraq onu ciddiyə alan yoxdur. Hətta, canlı yayımda Rusiya Prezidenti Vladimir Putinə Paşinyanın zəng etməsi ilə bağlı məlumat veriləndə, Putin rədd eləmişdi. Yəni, hər şey açıq-aşkar ortadadır. Düşmən də nə deyir-desin, Azərbaycan Ordusu öz işini layiqincə görür. Bu da əməliyyatların uğurla nəticələnəcəyini göstərir”.

 

“Son olaraq qeyd edim ki, Poqosyanın nə deyib-deməməsinin heç bir əhəmiyyəti yoxdur. Çünki bir neçə gün əvvələ kimi hücuma keçdiklərini deyirdilər, indi isə taktiki addım olaraq geriyə addım atdıqlarını açıqlayırlar. Azərbaycan Ordusunun piltosuz uçuş aparatlarından (PUA) gələn zərbələr bunları elə bir vəziyyətə salıb ki, artıq özlərinə yer tapa bilmirlər”, - Cəfərov fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib