Müharibə haqqında informasiya – <font color=red> informasiya müharibəsi deyil</font>

Aktual

12.10.2020 - 15:52

Həkimlər Klinikalar SEO Xidməti

Döyüşdəki qələbəni informasiya cəbhəsində necə möhkəmləndirək?

 

Qədim, hamıya yaxşı tanış bir deyim var: “Toplar danışanda, qələmlər susur”.

 

İndi bu qayda qüvvədən düşüb, deyim gəlişigözəl ifadəyə çevrilib – daha qələm heç vaxt susmur, toplar guruldayanda onlardan bərk səs salır. Hər halda, döyüş bölgəsində müvəqqəti atəşkəs elan olunubsa və ölənlər-itənlər axtarılırsa, informasiya cəbhəsində itkilərimizdən danışmaq da yerinə düşərdi.

 

İndi informasiya müharibəsindən bircə tənbəllər danışmırlar: rəsmilər, ekspertlər, qeyri-ekspertlər, demək olar, hər gün televiziyalarda bu məsələni müzakirə edirlər. Amma bir şeydən çox danışmaq hələ onun nə demək olduğunu yaxşı bilmək və bu sahədə işi düzgün qurmağı bacarmaq anlamına gəlmir.

 

Erməni təbliğat maşınının dövriyyəyə buraxdığı 4 tezis

 

Nizami ordumuz son 25 ildə həyata keçirdiyi ən böyük hərbi əməliyyatdan humanitar məqsədlərlə yaradılmış hazırkı fasiləyədək alnıaçıq çıxıb. Necə fikirləşirsiniz, əgər qoşun vahid mərkəzdən idarə olunmasaydı, hər alay istədiyi yerdə, əlinə keçən silahla, bildiyi kimi vuruşsaydı, qələbə mümkün idimi?

 

İnanmıram. Müharibə isə həmişə müharibədir: informasiya cəbhəsində savaş da təxminən eyni qaydalara tabedir. Burada da vahid idarəçilik, taktika və hətta xüsusi “silahlar”, bilik və bacarıqlar, texnologiyalar tələb olunur.

 

Xəbər sahəsində çalışan jurnalist əyninə mülki paltar əvəzinə hərbi forma geyib efirə çıxmaqla, yaxud bütün günü cəbhədən danışmaqla informasiya müharibəsinin döyüşçüsünə çevrilmir! Savaş haqqında fəal, doğru-dürüst məlumatlar yaymaq və informasiya müharibəsi aparmaq xeyli dərəcədə fərqli anlayışlardır. Əlbəttə, hərb şəraitində medianın, xəbər jurnalistikasının informasiya qarşıdurmasında rolu çox mühümdür, ancaq həlledici deyil. Həlledici olan başqa şeydir.

Niyə ənənəvi müharibə yox, informasiya müharibəsi? – ANALİZ

“Biz informasiya müharibəsində Ermənistana uduzuruq” ifadəsini tez-tez eşidirik. Bununla belə, köhnə düşmənlə media cəbhəsində savaşda ciddi dönüşə nail olmaqda çətinlik çəkirik. Çünki nəyin çatışmadığını dəqiqləşdirə bilmirik. Geri qaldığımızı görəndə, səbəbi jurnalistlərimizin zəifliyində, diasporumuzun passivliyində, xarici mediada təmsil olunmuş ermənilərin çoxluğunda axtarırıq.

 

Sözsüz ki, ayrı-ayrılıqda burada hər detalın öz rolu var, ancaq Ermənistanın informasiya qarşıdurmasında üstünlüyünün başlıca sirri onun bu sahədə bütöv mexanizmi daha düzgün qurmasındadır. Bəli-bəli, mexanizmi, mən hətta deyərdim, maşını!

 

Yerevan yeni media mühitində informasiya savaşına ciddi hazırlığa XXI əsrin ilk illərindən başlayıb. “Müasir informasiya texnologiyalarının tədrisi” adı ilə yaradılmış institusional qurumda məhz bu sahə üçün mütəxəssislər yetişdirilir. Onlar həmin instituta bağlılıqlarını sonra da itirmirlər, ehtiyatda olan zabitlər necə vaxtaşırı təlimlər keçirlərsə, eyni qayda ilə ixtisaslarını artırırlar. Bu qurum çoxşaxəli fəaliyyət göstərir, həm “beyin mərkəzi”, həm də “idarəetmə pultu” rolunu oynayır. İnformasiya müharibəsindən danışdığımız üçün müharibə dili ilə desək, burada döyüş taktikası və texnikası, informasiya dili ilə desək, ictimai fikrə yeridilməli olan tezislər və manipulyasiya texnologiyaları hazırlanır. Media vasitələri isə bu müharibədə “hərbi sursatlar”, jurnalistlər, bloqerlər “atıcılar” funksiyasını yerinə yetirir.

 

Məsələn, müharibənin hazırkı mərhələsində erməni təbliğat maşınının dövriyyəyə buraxıb ardıcıl olaraq dünyaya təlqin etdiyi dörd əsas tezis var: “Ermənistanla savaşı Türkiyə aparır, Azərbaycanı o, idarə edir”, “Türk-Azərbaycan ordusunda Suriyadan, Əfqanıstandan və s. yığılmış terrorçular döyüşürlər”, “Azərbaycanın ordusu erməni ordusuna qarşı vuruşmur, dinc əhalini, kəndləri və şəhərləri hədəf tutur” və nəticə olaraq: “Müsəlmanların məqsədi yeni erməni soyqırımı törətməkdir”.

 

Bununla ermənilər diqqəti münaqişənin məğzindən – hərbi əməliyyatların məhz Azərbaycanın öz torpaqlarında, beynəlxalq miqyasda tanınmış ərazilərində getdiyindən, məqsədin ölkənin inkişafını buxovlayan 30 illik xarici işğala son qoymaqdan ibarət olduğundan yayındırırlar. İnformasiya hücumu o qədər əlaqəli və ardıcıl, texnologiyalar o qədər dəqiqdir ki, indi Qərbdə, Rusiyada Qarabağ müharibəsindən söz düşəndə önə “Suriya terrorçuları”, “dinc əhaliyə divan tutulması” mövzuları çıxır.

 

Özünüz hər gün xarici televiziyalarda, İnternetdə şahidi olursunuz. Və bu ideoloji təzyiq altında artıq çox adam məntiq ipini itirib, düşünmür ki, Ermənistan ordusundan həm say, həm qüvvə etibarı ilə qat-qat üstün olan Azərbaycan ordusunun terrorçuya nə ehtiyacı var? Əsasən uçuş aparatları, artilleriya qurğuları kimi yüksək dəqiqliyə malik mürəkkəb sistemlərlə aparılan döyüşlərdə avtomatla silahlanmış ərəb muzdlusu kimə gərəkdir? Ermənilər döyüş meydanında bir terrorçu tapsaydılar, indi onu ölkə-ölkə gəzdirib nümayiş etdirirdilər, bəs, niyə gecə-gündüz yalnız səhnələşdirilmiş (feyk) videosüjetlər yaymaqla kifayətlənirlər? Azərbaycan “çirkli”, Ermənistan “humanist” müharibə aparırsa, necə olur ki, dinc azərbaycanlılar arasında ölən və yaralananların sayı erməni əhalisinin itkilərindən çoxdur?

 

Feyk – medianın yan məhsulu deyil, artıq özü industriyadır

 

Feyk texnologiyaları o qədər inkişaf edib ki, onlara qarşı mübarizə adi kütləvi informasiya vasitələrinin imkanları çərçivəsindən çıxıb. Məncə, Azərbaycanda hər kəs görür ki, erməni təbliğat maşınının müharibə haqqında yaydığı materialların əksəriyyəti saxta süjetlərdən, feyk xəbərlərdən yoğrulub. Amma vəziyyəti içəridən bilən adam kimi özünün nəyisə görməyin bir şeydir, başqasına göstərməyin və sübuta yetirməyin başqa şey. Biz onilliklərdir erməni təbliğatının ziyanını çəkən bir toplum olaraq bunu yaxşı bilirik, dildə bir-birimizə söyləyirik, amma əməldə təhlükəli feyklərə qarşı mübarizə aparmaq üçün lazımi tədbirlər görmürük. Bu vəzifəni bütünlüklə jurnalistlərin boynuna yükləməklə işi bitmiş hesab edirik.

 

Bəsit yalanları ifşa etmək asandır, amma süni intellektin, mürəkkəb proqramların tətbiqi ilə yaradılmış feyklərin saxta olduğunu aşkarlamaq, bir daha təkrar edirəm, adi kütləvi informasiya vasitələrinin imkanları xaricindədir. Bunun üçün fərqli sahələr üzrə biliklərə malik mütəxəssislərdən ibarət komanda, xüsusi resurslar gərəkdir. Mənim multimedia sisteminə bələd olduğum Avropa ölkələri arasında (Ermənistan daxil) Azərbaycan yeganə ölkədir ki, belə ixtisaslaşmış resursu yoxdur.

Азиатские люди хакер носить маску, используя ноутбук кибер-атак. | Премиум  Фото

Onun yaradılmasının və yuxarıda qeyd etdiyimiz “beyin mərkəzi” ilə əlaqəli fəaliyyətinin vacibliyi şəksizdir. Radarsız ordu necə mübarizə aparacaq? Bu resurs da bizim informasiya müharibəsində radarımız, düşmənin media zərbələri qarşısında səddimiz olmalıdır.

 

Medianın fəaliyyətinin tənzimlənməsi onun məhdudlaşdırılmasından ibarət deyil

 

Nə istəyirsiniz, necə istəyirsiniz fikirləşin, amma müharibələr həmişə medianın bir nömrəli mövzusu olub və olacaq! Və burada müharibə aparan dövlətlərlə onların mediasının maraqları çox vaxt toqquşur.

 

Geniş hərbi əməliyyatlar başlayan andan Azərbaycanda internetə, sosial şəbəkələrə çıxış, yerli medianın xarici mənbələrlə əlaqələri kəskin surətdə məhdudlaşdırıldı, xarici jurnalistlərin cəbhə bölgələrinə yaxın ərazilərdə işləməsi çətinləşdirildi.

 

Məqsəd aydındır, heç kim onun legitimliyinə şübhə ilə yanaşmır, yaxud yanlış olduğunu iddia etmir. Yanlış olan müharibə şəraitində medianın fəaliyyətinin tənzimlənməsinin yalnız məhdudiyyətlər vasitəsilə həyata keçirilməsidir ki, bunun da ziyanı göz qabağındadır. Azərbaycanın səsi beynəlxalq aləmdə daha zəif eşidilir, informasiya müharibəsində onsuz da dar olan imkanlarımız daha da daralır. Dünya əsasən Ermənistandan gedən informasiya axını ilə üz-üzə qalır, proseslərə onun gözü ilə baxır. Halbuki, differensasiya tətbiq etməklə, yaxud heç olmasa, dövlət mediasının, Müdafiə Nazirliyi mətbuat xidmətinin fəaliyyətini gücləndirməklə bu ziyanı qismən kompensasiya etmək olardı. Nəinki olardı, vacib idi!

 

Məsələn, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti son həftələrdə rəsmi sayta paralel yaradılmış fərdi saytlara güc verməklə, öz ordusunun gördüyü işdən çox işlər görüb. Xidmətin əməkdaşlarının adlarına olan həmin saytlar bu gün Ermənistanda, hətta ölkənin hüdudlarından kənarda ən populyar erməni mənbələrindəndir.

 

***

 

Əlbəttə, burada qaldırılan məsələlər informasiya müharibəsi sahəsində qarşıda duran vəzifələrin hamısı deyil, amma özəyidir. Onların həlli üçün zaman lazımdır. Zaman isə yoxdur. Ən azı, üzdə olan problemləri təcili həll etməyə başlamalıyıq. Bunun üçün isə mütəxəssislər komandası cəlb edilməlidir. Media adına nə varsa, hamısını bir nəfərə tapşırıb, ondan bütün dərdlərə çarə gözləmək əbəsdir.

 

Ya da gərək heç olmasa, yeri gəldi-gəlmədi, televiziyada informasiya müharibəsindən danışıb, zəif yerlərimizi görə-görə ürək ağrısı çəkənlərin yarasına duz səpməyək.

 

Ayxan,

pressklub.az

Müəllif: Ayna.az