Hərbiyönümlü QHT-lər bəyanat veriblər

Aktual

28.09.2020 - 23:38

“Hər bir vətəndaşımız bu qanunlara tabe olmağa borcludur”

 

“Azərbaycan 27 sentyabr tarixinə böyük coşqu ilə, illərdir gözlədiyimiz müjdəli xəbərlərin veriləcəyi günlərin başlanğıcı tarixi olaraq başladı. Azərbaycan Ordusu düşmən qüvvələrinin səhər saatlarından başlayan təxribatına sərt reaksiyaya verərək əks-hücum həmləsiylə düşmənə sarsıdıcı zərbələr endirməkdə davam edir”. AYNA xəbər verir ki, bu fikirlər hərbiyönümlü QHT-lərin bəyanatında yer alıb.

 

Bəyanatda deyilir ki, son günlər düşmənin cəbhəboyu ərazilərdə aktivləşməsi, bütün qüvvələrini təmas xəttinə cəmləyərək hücuma hazırlaşdığı hər kəsə məlum idi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev son çıxışlarında düşmən qüvvələrin hücuma hazırlaşması barədə kəşfiyyat məlumatlarının olduğunu deyərək, Azərbaycan Ordusunun bu hücumları dəf etmək iqtidarında olduğunu, özümüzü əzmkarlıqla, qətiyyətli şəkildə müdafiə edəcəyimizi bəyan edib: “Biz hərbiyönümlü QHT-lər olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı haqq işini dəstəkləyir, bütün gücümüzlə, canımız-qanımızla onun və şanlı ordumuzun yanında olduğumuzu bəyan edirik! Hərbiyönümlü QHT-lər olaraq bütün cəmiyyətimizə, sosial şəbəkə istifadəçilərinə, cəbhəboyu ərazilərdə yaşayan insanlara səslənərək bildiririk ki, müharibənin, hərbi əməliyyatların özünəməxsusluğu, öz qanunları var. Hər bir vətəndaşımız bu qanunlara tabe olmağa borcludur. Hamını düşmənin dezinformasiyalarına uymayaraq yalnız dövlət qurumlarının yaydığı məlumatlara inanmağa və istinad etməyə çağırırıq”.

 

“Azərbaycan Respublikasının Prezidenti xalqa müraciətində: “Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!” dedi. Hərbiyönümlü QHT-lər olaraq vahid komandanlıqla idarə olunan Silahlı Qüvvələrimizin qələbə əzminə bütün varlığımızla inandığımızı, müsəlləh əsgər olaraq hər an döyüşlərə hazır olduğumuzu qələbəyə gedən müqəddəs yolda birgə olduğumuzu bəyan edirik! Biz Birlikdə Güclüyük!”, - deyə bəyanatın sonunda vurğulanıb.

 

Sənədi ölkədə fəaliyyət göstərən 25 hərbyönümlü QHT sədri imzalayıb.

Müəllif: Ayna.az