Bir qrup ictimai xadim Prezidentdən Tofiq Yaqublu barədə xahiş edib

Aktual

18.09.2020 - 13:51

“Bu məsələdən siyasi məqsədlər üçün istifadə edib cəmiyyətdə qarşıdurma yaratmaq cəhdləri də müşahidə olunur”

 

Azərbaycanın bir qrup ictimai xadimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən həbsdə aclıq aksiyası keçirən Müsavat Partiyasının üzvü, siyasi fəal Tofiq Yaqublunun azad edilməsini xahiş edib.

 

AYNA-nın xəbərinə görə, Prezidentə müraciətdə bildirilir: “Hörmətli Prezident!

 

Biz, aşağıda imza edənlər, tanınmış siyasi fəal, Qarabağ müharibəsinin iştirakçısı, barəsində haqsız məhkəmə hökmü çıxarılmasına etiraz olaraq hazırda aclıq aksiyasını davam etdirən və həyatına təhlükə yaranmış Tofiq Yaqublu ilə bağlı Sizə müraciət edirik.

 

Bildirmək istəyirik ki, T.Yaqublunun həbsinin motivi və onunla bağlı aparılan ibtidai istintaq və məhkəmə araşdırması, eləcə də məhkəmənin çıxardığı 4 il 3 ay həbs hökmü cəmiyyətdə birmənalı qarşılanmamışdır. Təkcə siyasət və hüquq adamları deyil, cəmiyyətin başqa təbəqələri də məhkəmənin bu qərarını, eləcə də T.Yaqublunun həbsini qərəzli hesab edir, onun şərlənərək tutulduğunu düşünür.

 

Bu məsələdən siyasi məqsədlər üçün istifadə edib cəmiyyətdə qarşıdurma yaratmaq cəhdləri də müşahidə olunur. Pandemiya şəraitində milli təhlükəsizliyimizə qarşı təhdidlərin artdığı bir vaxtda əlavə gərginliyin yaradılması ehtimalı da bizi xeyli narahat edir. Hazırda xəstəxanada uzunmüddətli aclığı davam etdirən T.Yaqublunun səhhətinin pisləşməsi və bu barədə həyəcanlı xəbərlərin yayıllması bu narahatlığımızı daha da artırmışdır.

Cənab Prezident!

Yuxarıda deyilənləri, hazırda həmin hökmdən apellyasiya şikayəti verilməsini, xüsusən aclıq nəticəsində Tofiq Yaqublunun sağlamlıq durumunun böhran həddinə çatmasını nəzərə alaraq, onun barəsində seçilmiş həbs qəti imkan tədbirinin dəyişdirilməsinə yardımçı olmağınızı, məhkəmə istintaqının obyektiv aparılması və ədalətli qərar qəbul edilməsi prosesini öz nəzarətinizə götürməyinizi Sizdən xahiş edirik.

 

Hörmətlə:

Qulu Məhərrəmli-jurnalist

Elçin Şıxlı-jurnalist

Arif Əliyev-jurnalist

Aysel Aydln Əlizadə-yazıçı-publisist

Nazim Bəydəmirli-iqtisadçı

Ələsgər Məmmədli-hüquqşünas

Bəxtiyar Hacıyev-ictimai fəal

Azər Mehtiyev-iqtisadçı

Nicat Gözəlov-hüquqşünas

Ramin Hacılı-ictimai fəal

Tahir Tahiroviç- kinorejissor

Müəllif: Ayna.az