Qonşu ölkədə yoluxma sayı artır, lakin hökumət sərt tədbirlərdə maraqlı deyil

Aktual

20.09.2020 - 15:05

Baş Nazir: “Maskadan istifadə və sosial məsafə gözlənilməklə, yas, toy mərasimlərinin, kütləvi tədbirlərin təşkili qadağan edilməyəcək”

 

Son günlər qonşu Gürcüstanda koronovirus (COVID-19) infeksiyasına yoluxanların sayı sürətlə artıb. Nəticədə 19.09.2020 tarixinədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 3.306 nəfərə çatıb. Onlardan 1,481 nəfəri tam olaraq sağalıb, 19 nəfər sözügedən virusdan həyatını itirib. Hazırda ölkə üzrə karantində 5,014, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

 

AYNA Gürcüstan mətbuatı və orada yaşayan soydaşlarımıza istinadən qonşu ölkədəki son vəziyyətə nəzər salıb. Beləliklə:

 

Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin direktor müavini Paata İmnadzenin sözlərinə görə, ölkədəki karantin müddətinin dəyişdirilməsi barədə açıqlama səhv başa düşülüb: “14 günlük karantin planlaşdırılmır. Yalnız ölkəyə girənlərin 8 günlük karantində qalmalıdırlar, yoluxmuş insanlarla təmasda olanların karantin müddəti isə 12 gündü. Bu, düzgün yanaşmadır”.

 

Məlumat üçün qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bölməsinin təmsilçisi Katerine Smolvuda görə, koronavirusla bağlı 14 günlük karantin müddəti dəyişdirilməməlidir. Onun sözlərinə görə, tövsiyə virusun inkubasiya dövrü və ötürülməsinin elmi izahına əsaslanır.

 

Gürcüstanın Baş Naziri Giorgi Qaxaria da ölkədəki son epidemioloji vəziyyətə aydınlıq gətirib: “Son bir neçə gün ərzində ölkədə qeydə alınan yoluxma hallarının artması tərəfimizdən aktiv şəkildə araşdırılır və nəzarətə alınması üçün lazımi tədbirlər görülür. Son günlər ərzində bir sıra ölkələrlə yanaşı, Gürcüstanda da yoluxanların sayında açıq şəkildə artım müşahidə etmək olur, ancaq vəziyyət təmamilə nəzarət altındadır”.

Giorgi Qaxaria: Azərbaycan şirkətləri və iş adamları xarici ölkələrdə böyük  uğur qazanıblar - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Biz həmişə qeyd edirdik ki, məhdudiyyətlərin aradan qaldırılması ilə birlikdə yoluxanların sayı dünyada olduğu kimi, bizdə də artacaq. Xüsusilə qeyd etmək istəyirəm ki, birinci mərhələdə sərt məhdudiyyətlər, həmçinin fövqəladə vəziyyət barəsində verdiyimiz qərarlar vətəndaşlarımızın həyatını xilas etmək üçün idi. Çünki həmin dövrdə virus yeni yayıldığı üçün dünyada bu xəstəliklə bağlı hər hansı bir bilgi mövcud deyildi. Bu gün isə dünyada virusla bağlı bir sıra bilgilər var. Buna görə də qeydə alınan rəqəmlərə baxmayaraq, adi şəkildə həyatımıza davam edəcəyik”, - hökumət başçısı bildirib.

 

Xatırladaq ki, koronavirus Gürcüstanda  ilk dəfə fevralın sonuna yaxın müşahidə olundu və ilk xəstə qeydə alındıqdan sonra ölkədə təcili operativ tibbi yönümlü qərərgah yaradıldı. Martda Novruz bayramı ərəfəsindən başlayaraq ciddi karantin niyyəti ilə mərasimlərin təşkili qadağan olundu. Bundan sonra, təqribən ölkədəki xəstə sayı 40-ı keçmiş durumda olduğu halda, Marneulidə ilk xəstənin qeydə alınmasıyla Marneuli və Bolnisi rayonları hərbi karantin zonası - qırmızı zolaq olaraq tam qadağağa alındı və ümümi ölkə üzrə  komendant saatı elan olundu.

 

Bir aydan artıq davam edən komendant saatı (gecə 21:00 səhər - 6:00 qədər) və qırmızı zona əhalidə tədricən ciddi etirazlar yaratmağa başladı. Cərimələr isə 3000 lari həddində müəyyən edilmişdi. Karantin qaydalarının tətbiqi böyük effekt verdi. Gürcüstan örnək ölkə olaraq bu işdə öncül ölkə kimi dünya mediasında yer aldı.

 

Təhsil tamamən onlayn sistemdə davam etdirildi. Tədricən sərt dönəmin sonuna gəldikdən sonra normal yaşam və yumşalmalar iyulun ilk günlərindən başladı. Və bu hal cəmi iki ay çəkdi. Sentyabrın ilk həftəsindən ikinci dalğa dönəminə qədəm qoyuldu.

 

Son 5 gündə yoluxmaların sayı 500 nəfəri keçib. Rəsmi şəxslərdən başqa ölkəyə daxil olan vacib şəxslər, hər kəs daşıdığı vəzifəyə görə 14 günlük karantində qalmaqla bərabər, təcili 24 saatlıq koronavirus analizləri verməklə vacib iqtisadi xidmətləri yerinə yetirə bilirlər.

 

Ümumi karantin müddətində ölkədaxili mal və xidmətlərin, kənd təsərrüfatı yönümlü, satış niyyətli məhsulların şəhərlərə və digər regionlara daşınması ən üst həddə əhaliyə dəstəklə həyata keçirildi. Məsələn, qırmızı zona rejimində maşın ticarəti ilə məşğul olan biznesmenlərə Poti limanından daxil olan maşınların portda qalması günlük xeyli xərc tələb edirdisə, dövlət bunu qarşılamağı öz üzərinə götürüb.

 

Notarial qaydada onlayn xidmətlər quraraq, dərhal Amerikadan və digər ölkələrdən gələn mal və lazimi satış niyyətli əşyalarım birbaşa ünvanlara çatdırılması təmin edildi. Dövlət maksimum iqtisadi məqsədli fəaliyyətləri dayandırmamağa çalışdı. Sonradan işsizlərə bir dəfəlik 300 və altı aylıq hər ay 200 lari dəstək proqramı, ardınca 18 yaşa qədər olan vətəndaşların məktəbqabağı hər birinə 200 lari dəstək proqramını uğurla həyata keçirildi.

 

Banklarda faizlər və ödəmələr 3 aylığına donduruldu. Əhaliyə 4 aylıq (fevral-may) ciddi kommunal güzəştlər edildi. Yenə qarşıdakı aylarda - noyabrdan başlayaraq eyni sistemin qalacağı elan edilib. Kommunal xərclərin bu aylarda da silinməsi nəzərdə tutulub.

 

Hazırda hökumət bəyan edir ki, ikinci dalğa dönəmində ciddi fəsadlar qeydə alınmayıb. Rəsmilər koronavirusun ikinci dalğası haqqında yayılan xəbərləri müxalifətin şayiələri və seçkiqabağı anti-təbliğatı kimi dəyərləndirir.

 

Baş Nazir açıqlama verib ki, maska və sosial məsafə gözlənilməklə, yas, toy mərasimlərinin, kütləvi tədbirlərin təşkili qadağan edilməyəcək: “Ciddi fəsadlar, ölüm halları baş verməzsə, məktəblər və digər dövlət müəssisələri yeni qaydalar daxilində (sosial məsafə, maskadan istifadə) fəaliyyət göstətəcək. Dərs saatı 45 dəqiqədən 30 dəqiqəyə endirilib”.

Müəllif: Ülviyyə Şahin