“İslam dünyası bir olsaydı, Azərbaycan torpaqları işğal edilməzdi”

Aktual

11.09.2020 - 19:19

Prezidentin səfirlə görüşdə qaldırdığı məsələ, əslində mühüm siyasi ismarıcdır

 

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 7-də İranın yeni səfirini qəbul edib. Görüşdə bir sıra tərəfdaşlıq məsələləri müzakirə olunub, o cümlədən ölkə Prezidenti Ermənistanın Azərbaycana qarşı təcavüzündən və bu təcavüz nəticəsində işğal altında olan torpaqlarda dağıdılan, xarabalığa çevrilən dini abidələrdən söz açıb.

 

“Bu təcavüz nəticəsində torpaqlarımızın, təxminən 20 faizi işğal altına düşüb. Azərbaycan vətəndaşlarının qaçqın-köçkün vəziyyətinə düşməsi məhz bu işğalın nəticəsidir. Bizə - azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib. İşğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə, hətta, onlar heyvan saxlayırlar. Bu çirkin əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar var. Onları internetdə tapmaq olar. Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir”, - dövlət başçısı bildirib.

 

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında zaman-zaman dini və mədəni abidlərə qarşı barbarca davranışına, Türkiyə və Pakistandan başqa, demək olar ki, heç bir müsəlman ölkəsi ciddi etiraz etməyib. Prezidentin səfirlə görüşdə qaldırdığı məsələ də buna işarə idi.

 

 

İlahiyyatçı Elşad Miri AYNA-ya açıqlamasında deyib ki, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri bu istiqamətdə ciddi iş aparmalıdır: “Yəni onların missiyalarından biri də bu olmalıdır ki, fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi dairələrində təbliğat aparsın, hər hansı bir formada vasitəçi olsunlar. Məsələn, Xocalı faciəsi ilə bağlı Amerikanın müxtəlif ştatlarında buna bənzər işlər aparılır və müsbət nəticələrin əldə olunduğunu bilirik. Yəni bu, daha çox onlarla bağlı olan bir məsələdir”.

 

“Ölkə başçısının dediyi bu məsələ də ciddi mesaj olaraq qəbul edilməli və qurumlar, diasporlar, səfirliklər vasitəsi ilə bu problemlər qaldırılıb, ölkələrin dillərində onlara çatdırılmalı və qəbul edilməsinə nail olunmalıdır. Bunun ən gözəl, ən yaxşı variantı budur”, - ilahiyyatçı bildirib.

 

Müsahibimiz İslam ölkələrinin də bu problemlərə münasibət bildirmələrinin vacib olduğunu əlavə edib: “Amma bunun üçün onlara da xəbərdarlıq etmək lazımdır. Bəzən insanların xəbərsizliyi nəticəsində onlara münasib cavab verilə bilmir. Ona görə də bunları hər hansı bir formada çatdırmaq lazmdır. Çatdırılandan sonra əməl edilmirsə, o zaman “Quran”da deyildiyi kimi “İnananlar qardaşdır” anlayışına zidd olur”.

 

İlahiyyatçı Ağa Hacıbəyli də mövzuya dair fikirlərini AYNA-ya açıqlayıb: “İslam dünyasında dinindən asılı olmayaraq, bütün məbədlərin toxunulmazlığı var. Buna görə də hələ Həzrəti Peyğəmbərimizin dövründə İslam dövlətinin fəth etdiyi torpaqlarda yerləşən qeyri-müsəlman məbədləri dağıdılmayıb, məhv edilməyib. Çünki İslam dini uca bir mədəniyyətin təmsilçisidir”.

 

“Bu baxımdan da istər iranlı olsun, istərsə də qeyrisi, hər kəs bu cür problemlərə qarşı etinasız yanaşmamalıdır. Ələlxüsus da, söhbət İslam coğrafiyasından, bayrağının üzərində İslam yazılan, qardaşı Azərbaycan olan toplumlardan gedirsə, əlbəttə ki, etiraz edilməlidir”, - həmsöhbətimiz vurğulayıb.

 

Onun sözlərinə görə, hazırkı çətin vaxtda ölkəmizin ciddi dəstəyə ehtiyacı var: “Bizə kimin yardım edəcəyini, dəstək olacağını, “haqlı davanızın yanındayıq” deyəcəyini müşahidə edirik. Bu baxımdan da istər din xadimlərimiz olsun, istərsə də qeyriləri, buna etinasız yanaşılmamlıdır. Mövzu vətəndirsə, gerisi təfərrüatdır. Çünki din də vətən olanda yaşanır. Vətən olmayandan sonra din harada yaşanacaq, dini dəyərlər necə var olacaq?!”.

 

Hacıbəyli İslam dünyasının bir-birinə dəstək olmamasını İslam ümmətinin faciəsi adlandırıb: “Ümmət sözü ana (üm) sözündən götürülüb. Ona görə, millətlər də bu ananın balası kimi olmalıdır. Yəni, ümmət millətlərə bu nəzərlə baxmalıdır. Amma son iki əsrdə İslam ümməti elə hala gəlib, elə bir bəlaya düçar olub ki, hamısı öz dərdiylə məşğul olur. Öz problemlərini həll edə bilmədikləri üçün digərlərinin də problemlərinə təmas edə bilmirlər”.

 

“Lakin İslam dünyası nə zaman Peyğəmbərin haqlı yoluna, “Quran”a yönəlsə, qardaşlıq ruhu da yenidən inşa olunacaq. O zaman iki səs yox, yüzlərlə səs eşidəcəyik, ik əl yox, yüzlərlə əl görəcəyik. Təbii ki, İslam ümməti bir olsaydı, bu gün Azərbaycanın nə Xocalı, nə Şuşa, nə də Laçın dərdi olardı. Torpaqlarımız da işğal altında olmazdı”, - ilahiyyatçı əlavə edib.

Müəllif: Mərahim Nəsib