“Əsl müharibə o vaxt başlayacaq ki, raket zərbələri paytaxtlara çatacaq” – <font color=red> TROFİMÇUK</font>

Aktual

30.09.2020 - 15:57

Rusiyalı politoloq: “Hazırda bütün müşahidəçilər tərəflərin hərbi əməliyyatları davam etdirmək üçün nə qədər potensialı olduğunu izləyir”

 

Böyük bir müharibəni dayandırmaq çətin olacaq. Qarabağdakı son gərginlik və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) münaqişəyə cəlb edilməsi ehtimalını AYNA-ya şərh edən rusiyalı politoloq Qriqori Trofimçuk belə deyib.

 

“KTMT-ni müttəfiq Ermənistanın müdafiəsinə cəlb etmək cəhdlərində əsas problemi, ziddiyyətlərin əsas düyününün, hər kəsin bildiyi kimi, bu hərbi-siyasi təşkilatın fəaliyyət sahəsinə daxil edilməyən Qarabağ olması deyil. Əsas məsələ odur ki, hələ də qoşunların təmas xəttində eskalasiyaya ilk kimin başladığına dair faktın rəsmi təsdiqlənməsi yoxdur”, - o bildirib.

Qriqori Trofimçuk: Azərbaycan Cənubi Qafqazda Rusiyanın ən etibarlı  tərəfdaşına çevrilib - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspertin sözlərinə görə, əgər Ermənistan silahlı qüvvələrinin tətiyə ilk basması faktı aşkarlansa, onda belə çıxacaq ki, Rusiya Azərbaycana qarşı erməni təxribatını dəstəkləyir: “Bu, o deməkdir ki, Türkiyə Azərbaycanı birbaşa dəstəkləməli olacaq. Göründüyü kimi, KTMT-də tətiyin ilk kimin tərəfindən basılması barədə məlumat yoxdur. Buna görə də ATƏT-in Minsk Qrupunun və indi BMT-nin cavab verməli olduğu eyni suala davamlı qayıtmalı olacağıq: təhrikçi kimdir?”.

 

Müsahibimiz hesab edir ki, belə şəraitdə Azərbaycan ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi ilə bağlı BMT-yə müraciət edə bilər: “Ancaq Bakı yenə də diplomatik addımların zərərinə hərbi əməliyyatları inkişaf etdirərsə, çətin ki, beynəlxalq qurumlara effektiv müraciət edə bilsin. Və bundan sonra ATƏT-in Minsk Qrupunun, mütəmadi olaraq Qrupun fəaliyyətsizliyindən narazılığını bildirən Bakıdan "intiqam alması" daha asan olacaq”.

 

Trofimçuk qeyd edib ki, rəsmi Moskva həmişə olduğu kimi, Qarabağ münaqişəsinin siyasi və diplomatik yolla həll olunmasının tərəfdarıdır: “Ancaq bu mövqe yalnız müəyyən bir vaxta qədər davam edəcək. Yəni döyüşlər bir həftədən çox davam edərsə, bu vəziyyətdə Moskvanın mövqeyi dəyişə bilər, çünki birbaşa Rusiyanın qulağının dibindəki müharibəni dayandırmaq üçün daha dəqiq tədbirlər görülməlidir. Bu vəziyyətdə Azərbaycanın özünün də, Qarabağ müharibəsindən törəyəcək böyük bir regional müharibəni dayandıra biləcəyi ehtimalı yoxdur”.

 

Analitikin qənaətincə, Qarabağ uğrunda ciddi bir savaş artıq lokal xarakter daşıya bilməz, həm də Bakı üçün zəmanətli bir nəticə ilə: “Çünki bütün dünya sabitlik oxundan çıxıb və terror amili də daxil olmaqla, çox sayda xarici problem avtomatik olaraq bu məsələyə qarışacaq. Eyni zamanda, Rusiya regional müharibəyə müdaxilə formatını da icad etməli olacaq, çünki burada məsələnin sülhməramlı hərəkətlərlə məhdudlaşacağı ehtimalı azdır. Ancaq hələ ki, qeyd etdiyim kimi, bunun zamanı gəlməyib. Bütün müşahidəçilər Ermənistan və Azərbaycanın özlərinin hərbi əməliyyatları davam etdirmək üçün qüvvələrinin nə qədər kifayət edəcəyini gözləyirlər. Tam mənada müharibə o zaman başlayacaq ki, münaqişə hər iki ölkənin dərinliyinə keçsin və raket zərbələri həm İrəvana, həm də Bakıya gəlib çıxsın. Bu mənada digər bir vacib parametr ola bilər - avtomatik olaraq bütün cəmiyyəti sarsıdan düşmən əsgərlərinin çox iri qruplarının məhvi”.

Müəllif: Nicat Hacıyev