Jurnalistlər Qarabağ razılaşmasını necə qiymətləndirirlər – <font color=red> SORĞU</font>

Aktual

13.11.2020 - 22:27

“Sülhməramlıların işi asayişi qorumaqdır, qalan bütün proseslərə - əhalinin yerləşdirilməsinə, oradakı inkişafa Azərbaycan nəzarət edəcək”

 

Qarabağa dair Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş naziri arasında əldə olunan razılaşma cəmiyyətdə sevinclə qarşılandı. Bununla yanaşı, bəzi məqamlara hələlik aydınlıq gətirilmədiyini və bu səbəbdən tam sevinmək üçün bir qədər gözləməli olduğumuzu düşünənlər də var.

 

Ölkə jurnalistləri sözügedən anlaşmanı necə qiymətləndirir. AYNA bir neçə media nümayəndəsinin fikirlərini öyrənib.

 

“ARB 24” televiziyasının xəbər aparıcı Günel Mövsümova: “Biz Ali Baş Komandanımızın verdiyi hər qərarın, atdığı hər imzasının arxasındayıq. Prezidentimiz daha doğrusunu bilir. Bizə fikir yürütmək düşməz”.

 

AzTV-nin reportyoru Anar Şuşalı: “Şanlı Azərbaycan əsgəri Ali Baş Komandanın bütün əmirlərini vaxtında və dəqiq yerinə yetirirdi. Aparılan əməliyyatlar deyə bilərəm ki, bütün dünyanı şoka salırdı. Çünki üçüncü nəsil müharibəsini Azərbaycan etdi. Biz müharibəni ancaq havadan bütün növ hədəfləri məhv etməklə bitirdik. Günün 24 saatı düşmənin mövqeləri, zirehli texnikaları, hərbi maşın kalonları və canlı qüvvəsi izlənirdi. Bu da onların məhvinə gətirib çıxardı. Həm də Xüsusi təyinatlı quvvələrimiz başda olmaqla bütün qoşun növləri və birləşmələri tarix yazırdı. Vətən müharibəsində ən mühüm əməliyyatı Şuşanı azad etmək oldu. Çünki Şuşanın həm mövqeyi, həm də strateji əhəmiyyəti bizim üçün olduqca önəmli idi. Bütün baş verənlərin nəticəsində Ermənistan siyasi hakimiyyəti məğlub olduğunu başa düşərək ağ bayraq qaldırdı. Sülhməramlılara gəldikdə, burada onların rolu asayişi, təhlükəsizliyi təmin etmək, tərəflər arasında anlaşılmazlıq yarandığı halda, müdaxilə etmək və problemi aradan qaldırmaqdır. Qalan bütün proseslərə - əhalinin yerləşdirilməsinə, orada olacaq inkişafa yalnız Azərbaycan tərəfindən nəzarət olunacaq. Bütün infrastruktur və digərləri respublikamızın razılığı əsasında həyata keçiriləcək. Çünki biz dəfələrlə onlara bildirdik ki, əgər birgə yaşamaq istəyirsinizsə, qan tökməyək və bütün torpaqlardan əl çəkib gedin. Ancaq onlar bizim təklifimizi qəbul etmədilər. Biz də əks-hücum əməliyyatı keçirərək torpaqlarımızı özümüz işğaldan azad etdik. Bu da biz öz torpaqlarımızı özümüz azad etmək deməkdir. Ona görə də qalib ölkə kimi bizim diktəmiz həyata keçirilməlidir və keçirilir. Növbəti 5 ildə Azərbaycan olaraq bütün azad olunan torpaqları özümüz inkişaf etdirəcəyik. Türkiyə ilə Rusiya arasındakı anlaşma da onu deməyə əsas verir ki, qardaş Türkiyə bizimlə birlikdə olacaq və əraziləri nəzarətdə saxlayacaq”.

 

Jurnalist Ceyhun Musaoğlu: “Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti, xalqı, ordusu Vətən savaşında qalib gəldi. 28 illik işğala, 44 gün ərzində birmənalı olaraq son qoyuldu. Bütün dünya bizim bu qələbəmizə heyrət edir. Etmənistanın kapitulasiya aktına imza atmasından sonar, əlbəttə ki, müəyyən olunan əraziyə sülhməramlılar gəlməliydi. Bununla yanaşı, işğaldan azad olunan ərazilərdə atəşkəsə nəzarət mərkəzləri də fəaliyyət göstərəcək. Bu mərkəzlərdə türklərlə ruslar eyni funksiyaya malik olacaqlar. Həm sülhməramlılar, həm də mərkəzin üzvləri yenidən münaqişənin yaranmasına imkan verməmək üçün təşrif buyurublar və bu missiyanın bütün detalları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəqiqliklə hesablanıb. 44 günə ölkəsinə həm siyasət, həm də hərb meydanında 100 faizlik qələbə qazandıran Ali Baş Komandanın sülhməramlıların gəlişinə razılıq verməsi, məhz bu qələbənin qorunub saxlanmasına hesablanıb, həm də dəstək məqsədi daşıyır. Biz qalibik. Dağlıq Qarabağ bütövlükdə bizim ərazi olaraq təsdiqləndi. Ora heç bir status da verilmədi. Kəlbəcər, Laçın, Ağdam qan tökülmədən boşaldılır. Belə müdrik qərarlar verən Azərbaycan artıq dünyanın lider ölkələri sırasında qürurla addımlayır”.

 

Jurnalist Elnurə Abuşova: “Rusiya sülhməramlılarının gəlişinə görə narahatam. Amma bir qədər səbrli olaq. Açıq qalmış sualların cavablarını gözləyək. Üç dövlət arasında imzalanan müqavilənin 3-cü bəndindəki təmas xətti məsələsi də məni çox narahat edir. Əgər ərazi bütövlüyümüz, qələbəmiz təmin olunubsa, onların torpaqlarımızından çıxıb getməsi təmin olunubsa, təmsa xətti nə deməkdir? Axı, biz status-kvo məsələsinin ləğvi ilə birgə, bu məsələnin də ləğvinə nail olmuşduq”.

 

“LAF TV”-nin təsisçisi, Əməkdar jurnalist Ləman Ələşrəfqızı: “Rus sülhməramlılarının gəlişini doğru hesab etmirəm. Düşünürəm ki, Türkiyə ilə təcili hərbi ittifaq qurmalıyıq”.

Müəllif: Ülviyyə Şahin