Əsas səhifə Haqqımızda Xəbər lenti

Baş verən və ehtimal olunan bahalaşma - Gecə qərarlarının “tərcüməsi”

Baş verən və ehtimal olunan bahalaşma -   Gecə qərarlarının “tərcüməsi”

Deputat: “Hər hansı iddianı irəli sürərkən bunu əsaslandırmaq lazımdır, ehtimallar üzərində danışmaq doğru deyil”

 

Ekspert: “Qiymətləri bazar müəyyən etsəydi, yanacaqdoldurma stansiyalarında müxtəlif qiymətləri müşahidə edərdik, bunu isə müşahidə etmirik”

 

Azərbaycanda benzinin qiyməti yenidən bahalaşıb. “Aİ-95” premium markalı benzinin qiyməti 1.40 AZN olub. Qeyd edək ki, qiymət artımına qədər “Aİ-95” 1.25 AZN idi. Eyni zamanda, “Aİ-98” benzininin qiyməti 15 qəpik bahalaşaraq 1,55 manata yüksəlib.

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) qiymət artımı ilə bağlı rəsmi açıqlama yayıb. SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun adından yayımlanan açıqlamada benzinin qiymət artımına səbəb kimi dünya bazarında olan ümumi qiymət artımı göstərilib: ““Aİ-95” və “Aİ-98” markalı benzinlər ölkəyə idxal olunduğuna görə onların qiyməti dünya bazarlarından asılıdır. Dünya bazarlarında hansı qiymət olarsa, Azərbaycanda da qiymət o şəkildə tənzimlənər”.

 

SOCAR rəsmisi bu növ benzinin niyə hələ də ölkədə istehsal edilməməsi məsələsinə də toxunub. Qeyd edib ki, Sovet dövründən miras qalmış və bu gün də istismar olunan Cənubi Qafqazın yeganə neft emalı müəssisəsi olan Heydər Əliyev adına Neft Emalı Zavodunda avadanlıqlar həmin markalı benzinlərin istehsalı üçün uyğun deyil: “Hazırda orada modernizasiya işləri həyata keçirilməkdə davam edir. Gələn ildən etibarən modernizasiyanın hazırkı mərhələsi başa çatdıqdan artıq “Aİ-95” markalı benzinin istehsalı Azərbaycanda mümkün olmalıdır. Belə halda biz benzinin təchizatı baxımından artıq idxaldan asılılığımızı azaldacağıq”.

 

Benzinin qiymətinin yenidən bahalaşması geniş ictimai müzakirələrə səbəb olub. Vətəndaşlar son artımı tənqid edərək, müxtəlif mülahizələr irəli sürürlər. Sosial mediada paylaşılan statuslarda vətəndaşlar son artıma “Azərbaycanda ancaq qiymət qalxır və heç vaxt da enmir”, “Qiymətlər qalxır, lakin keyfiyyət qalxmır” şəklində reaksiya veriblər.

Image result for nəsib məhəməliyev

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Nəsib Məhəməliyev AYNA-ya şərhində deyib ki, dünya bazarında qiymət artdıqca, bu, daxili bazara da təsirsiz ötüşmür: “Çünki “Premium” tipli yanacaq növləri Azərbaycanda istehsal  edilmir və xaricdən ölkəmizə idxal olunur. Yaxın gələcəkdə Azərbaycanda da “Premium” markalı yanacağın istehsal olunacağı gözlənilir. Lakin bu, hələ baş verməyib və biz hazırda bu növ benzin markalarını yalnız xaricdən idxal edirik”.

 

“Son qərarlar bilavasitə xarici bazarda baş verən qiymət artımları ilə əlaqədardır. Məsələn, pandemiyadan əvvəl “Premium” benzinin hər litri üçün qiyməti 1,50 manat olub, pandemiya zamanı neftin qiyməti düşəndə bu rəqəm hər litr üçün 1,10-1,20 manata, sonra 1,25 manata düşüb, indi isə bu benzin markasının hər litri 1,40 manata yüksəlib. Yəni bu markalı benzinin qiymətinin artması dünyada neftin qiymətinin və neft məhsullarının qiymətinin artması ilə bağlıdır”, - deyə deputat bildirib.

 

Son qərarın ümumi bazarda qiymət artımına gətirib çıxaracağı ilə bağlı iddialara toxunan həmsöhbətimiz bunun baş verəcəyini gözləmir: “Ələxüsus, iqtisadiyyatda istifadə olunan yanacaq növləri - istər dizel yanacağı olsun, istərsə də daha aşağı markalı benzin - üzrə qiymət artmayıb deyə, bu, gözlənilən deyil. Əgər onların qiymətində hər hansı artım baş versəydi, bu barədə danışmaq olardı. Bu zaman enerji daşıyıcılarının qiyməti artar və məhsulun maya dəyərində özünü göstərərdi. İndiki halda isə belə hal baş verməyib. “Premium” markalı yanacaq növləri təsərrüfat məqsədilə istifadə olunmadığına görə, digər sahələrdə qiymət artımının baş verəcəyi ehtimal edilmir”.

 

Məhəməliyevin qənaətinə görə, qiymət artımları fonunda keyfiyyət göstəricilərinin azalmasına dair iddialar da əsassızdır: “Keyfiyyət göstəricilərinin artıb və ya azalmasını göstərən meyarlar hansılardır? Bunu nəyə əsasən müəyyən edirlər? Bu barədə heç bir məlumatı olmadan və bu sahədən xəbərdar olmadan yürüdülən fikirlər subyektivdir. Düzdür, bizim də qarşımıza sosial şəbəkələrdə bu cür fikirlər çıxır. Lakin bu mülahizələr əsas götürülə bilməz. Çünki hər hansı iddianı irəli sürərkən bunu əsaslandırmaq lazımdır. Ehtimallar üzərində danışmaq doğru yanaşma deyil”.

Картинки по запросу

İqtisadçı ekspert Natiq Cəfərli isə AYNA-ya açıqlamasında bildirib ki, benzinin Azərbaycana gətirilməsində yeganə inhisarçı SOCAR-dır: “Adıçəkilən yanacaq növlərinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir. Rəsmi məlumatlara görə, bu, bazar tərəfindən tənzimlənən qiymətlər olmalı idi. Lakin bir məsələ də var ki, SOCAR bu gün ölkədə əsas benzin idxalçısıdır. Bu mənada qiymət artımında diktə faktorunun olduğunu söyləyə bilərik. Əgər doğrudan da qiymətləri bazar müəyyən etsəydi, o zaman yanacaqdoldurma stansiyalarında müxtəlif qiymətləri müşahidə edərdik. Biz isə bunu müşahidə etmirik”.

 

Mütəxəssisin sözlərinə görə, adətən hökumət “Premium” benzinin az istehlak olunduğunu iddia edir: “Reallıqda isə son illər “Aİ-92” markalı benzin faktiki olaraq yararsız olduğuna görə, bir çox sürücülər məcburən “Aİ-95” benzininə keçməli olublar. Həmçinin hazırda ən çox avtomobil idxalı ABŞ-dan həyata keçirilir. Orada qəza görmüş maşınlar ucuz qiymətə alınır və Azərbaycana gətirilir. O maşınlar da yalnız “Aİ-95” benzini ilə işləyir və hətta bu benzinin də keyfiyyəti o maşınların tələblərinə cavab vermir”.

Müəllif: Azər Niftiyev      2 İyun 2021 15:37
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin