Əsas səhifə Haqqımızda Xəbər lenti

Sonrakı peşmançılıqdan bir an öncə: Dəyərdimi...?

Sonrakı peşmançılıqdan bir an öncə:       Dəyərdimi...?

Mütəxəssislər həyəcan təbili çalırlar: “Bir intihar xəbəri 60 intihar cəhdi yaradır”

 

Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda 20 yaşlı Sevil Atakişiyeva özünü Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından ataraq intihar edib. O, evin həyətində olan avtomobilin üzərinə düşüb. Gənc qızın intihar etməsindən sonra onun dostlarına yazdığı mesajlar üzə çıxıb və onun intiharına səbəb olaraq ailəsi tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalması göstərilib.

 

Belə ki, sosial şəbəkələrdə Sevil Atakişiyevanın 1 il əvvəl olan yazışmaları ortaya çıxıb. Onun ölkə xaricində təhsil almaq üçün pul topladığı məlum olub. Ailəsini razı salmaq üçün o, saxta evlilik planı da qurub. Lakin bunlar baş vermədikdə Sevil intihara əl atıb. Hətta, o, yazışmaların birində “İşdi, başıma nə gəlsə, bu mesajları nəzərə alarsınız”, - deyə ifadə edib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma başlayıb.

 

Gənc qızın ailə üzvləri isə intiharın onlarla heç bir əlaqəsi olmadığını və Sevillə münasibətlərinin hər zaman yaxşı olduğunu bildiriblər.

 

Baş verənləri AYNA-ya şərh edən hüquqşünas Şamil Paşayevin sözlərinə görə, intihar o zaman cinayət məsuliyyətinə səbəb olur ki, zərərçəkmiş şəxs təqsirkar şəxsdən maddi, xidməti və ya sair cəhətdən asılı olsun: “Və intihar təqsirkarın zərərçəkmiş şəxslə amansız rəftarı (onu döyməsi, işgəncə verməsi, ac, susuz, paltarsız qoyması, gücü çatmayan fiziki işlərə məcbur etməsi), onun ləyaqətini mütəmadi olaraq alçaltması (onu təhqir etməsi, söyməsi, məsxərəyə qoyması, haqqında rüsvayedici məlumatlar yayması, böhtan atması) və hədə-qorxu (maddi və sair yardımdan məhrum etməklə, işdən çıxarmaqla, yaşayış sahəsindən qovmaqla, barəsində rüsvayedici məlumatlar yaymaqla hədələmə) gəlməsi ilə icra edilsin. İki hal eyni zamanda baş verməlidir”.

 

“Yuxarda dediyimiz kimi, intiharla bağlı cinayət məsuliyyətinə cəlbetmə üçün zərərçəkmiş şəxs qismində yalnız təqsirkardan maddi, xidməti və sair cəhətdən asılı şəxs çıxış edə bilər. Yəni, iki eyni statuslu adam arasında amansız rəftar, ləyaqətin mütəmadi olaraq alçaldılması, hədə-qorxu və s. ilə şəxsi özünü öldürmə həddinə çatdırma halı baş versə, bu, məsuliyyətə səbəb olmayacaq. Ölkəmizdə intiharların statistikası və bu sahədə aparılan mübarizə tədbirləri barədə rəsmi məlumatlar tapmaq asan deyil. Bu barədə cəmiyyətə müfəssəl bilgi verilmir. İntihar hadisələrinin səbəbləri barədə infoqrafika təqdim edilməli olsa belə, bu, həyata keçirilmir”, - deyə ekspert bildirib.

 

Paşayevin dediyinə görə, hadisələrdən sonrakı hüquqi prosedur və istintaq araşdırmasının nəticəsi olaraq il ərzində cəmi 1, maksimum 2 nəfər məsuliyyətə cəlb olunur: “Baş vermiş cinayət faktı ilə müqayisədə məsuliyyətə cəlb etmə faizi hədsiz dərəcədə azdır, yəni intihar hadisələri ilə bağlı başlanmış cinayət işlərinin 99 faizinə xitam edilir. Bu isə özünü öldürmə həddinə çatdırmanın (və ya cəhdin) cəzasızlığı, Cinayət Məcəlləsindəki 125-ci maddənin işlək olmaması anlamına gəlir. Həmçinin, cəmiyyətdə intihar həddinə çatdırma ilə bağlı cəzasızlıq mühiti olması fikrini yaradır. Ancaq saytlarda təqdim edilən mesajlara istinadən, konkret hadisəyə görə atanın, ananın və ya nənənin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün deyil. İstintaq daha geniş şəkildə araşdırma aparmalıdır”.

 

Psixoloq Tariyel Faziloğlu məsələ ilə bağlı AYNA-ya açıqlamasında deyib ki, bütün intiharların psixoloji tərəfləri olur: “Digər tərəfdən, Sevil Atakişiyevanın intiharı bir az da veter sindromuna bağlıdır. Çünki veter sindromu - intihar xəbərlərinin həddən artıq ictimailəşməsi insanlarda intihar istəklərinin reallaşmasına meyli xeyli dərəcədə artırır. Veter sindromu Azərbaycanda son zamanlar çox aktiv olan sindromdur. Çünki dalbadal intihar xəbərlərinin ictimailəşməsi, videogörüntü şəkildə ortaya çıxması və onsuz da boşluqda olan, xaotik həyat yaşayan, düşüncələrində qeyri-müəyyənlik və qarışıqlıq olan insalara intiharı seçim olaraq önə çıxarır”.

 

“Buna görə də Sevil xanım və ardıcıl olaraq iki gənc qızın intihar etməsinin arxasında, bir az da intihar xəbərlərinin həddən artıq tirajlanamsı dayanır. Sevil xanımın intiharının da bu intiharların sayının artan istiqamətdə getməsi fonunda baş verməsi müəyyən qədər bu təzyiqə işarədir. Onsuz da, onun həyatında müəyyən təzyiqlər, ailədaxili psixoloji sıxıntılar var idi. Niyə məhz başqa zaman deyil, bu periodda, yəni, intihar dalğasının yüksəldiyi bir məqamda intihar etdi? Çünki intiharda bu kimi xəbərlərin tirajlanması da rol oynadı”, - Faziloğlu bildirib.

 

Veter sindromunun bir bir acınacaqlı tərəfinə diqqət çətən psixoloq vurğulayb ki, bir intihar xəbəri, ortalama 60 intihar cəhdi yaradır: “60 intihar cəhdi isə yüz intihar cəhdinə səbəb olur və 100 intihar cəhdinin 35-i reallaşa bilir”.

 

Eksöert hesab edir ki, intihara səbəb olan ailədaxili psixoloji təzyiq və basqı bu gün orta statistik Azərbaycan ailələrinin əksəriyyətində var: “Ona görə də intihar edən şəxsin psixoloji ruh halına baxmaqla yanaşı, ailənin də psixoloji ab-havasına baxmaq lazmdır. Çünki ailə üzvləri psixoloji travmalıdırsa, o ailədə böyüyən Sevil kimi uşaqlarda da bu travma əks olunacaq və veter sindromu öz işini görərək, gələcəyi olan gənclərin həyatla vidalaşmasına səbəb olacaq”.

Müəllif: Mərahim Nəsib      23 Fevral 2021 13:18
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin