Əsas səhifə Haqqımızda Xəbər lenti

Postpandemiya dövrünə diqqət: Çox maraqlı hadisələr gözlənilir

Postpandemiya dövrünə diqqət: Çox maraqlı hadisələr gözlənilir

Politoloq: “Liberalizm iflasa uğrayacaq, dövlət daha hakim rola sahib olacaq”

 

İqtisadçı: “Yeni iqtisadi modelə keçid iş yerləri ilə bağlı problemlərin artmasına səbəb olacaq”

 

(İkinci hissə)

 

(Birinci hissə burada)

 

Ağır sınaqlarla tarixə düşən 2020-ci ili geridə qoymuşuq. Keçən il bir çox problemlərlə yanaşı, daha çox koronavirus pandemiyası ilə yadda qaldı və insanların standart həyat tərzi iflic oldu. Artıq dünyanın bir çox ölkələrində, həmçinin Azərbaycanda virus əleyhinə vaksinasiya prosesinə başlanılıb və zamanla pandemiyanın sovuşacağı və insanların normal həyata qayıdacağı ehtimal edilir.

 

Bəs, dünya koronavirusdan sonra necə dəyişəcək? Postpandemiya dövründə bizi nələr gözləyir?

 

Mövzunu AYNA-ya dəyərləndirən türkiyəli tarixçi, politoloq Mehmet Perinçekin sözlərinə görə, dünyanın koronavirusdan sonra dəyişəcəyi ilə bağlı suallar dövrün ən çox müzakirə edilən mövzularından biridir: “Pandemiyadan sonrakı dövrdə qlobal liberalizmin çökməsi ilə bağlı əksəriyyət həmfikirdir. Bunu yalnız liberal sistemə qarşı olanlar deyil, həm də bu sistemi restavrasiya etmək istəyənlər də qəbul edir. Ümumilikdə isə, qlobal liberal sistemin çökdüyünü 3 nüansla izah etmək olar. Birinci nüans odur ki, iqtisadiyyatda liberalizmin sona çatdığını görürük. Çünki koronavirusla mübarizədə iqtisadiyyat üzərində dövlətin təsiri olan ölkələr uğur qazandı, liberalizmin hakim olduğu ölkələr isə dövlətin müdaxiləsinə möhtac oldu. Yəni, dövlətin iqtisadiyyata yox, iqtisadiyyatın dövlətə ehtiyacı olması daha çox ön plana çıxdı və post-pandemiya dövründə də bu müdaxilə öz təsirlərini göstərəcək”.

Politoloq: “Avropa ölkələri qərarlarını yenidən gözdən keçirəcək”

“İkinci nünas isə qlobal liberal sistemin sərhədlər baxımından çökməsi oldu. Yəni, sərhədsiz dünya ideologiyası sona çatdı və koronavirusun yayılması ilə ölkələr arasında sərhədlər yenidən nizama salınmağa başlandı. Hətta, Avropa İttifaqında Şengen vizasının aradan qaldırılması ilə bağlı müzakirələr də edildi. Xüsusən də hər ölkənin özü-özünə bəs edən iqtisadi dəyərlərinin olmasının vacibliyi daha çox məlum oldu. Pandemiyadan sonrakı dövrdə liberalizmin çöküşünü sürətləndirəcək üçüncü nüans neoliberalizm və neoliberalzimin “sərhədsiz azadlıq” ideyasının iflas etməsidir. Belə ki, pandemiya ilə mübarizədə disiplinli cəmiyyətlər uğur qazanarkən, “sərhədsiz azadlıq” sistemi ilə idarə edilən ölkələr fiaskoya uğradı ki, bununla da güclü, qapalı dövlət funksiyası özünü daha çox hiss etdirdi. Bu baxımdan da “hər qoyunun öz ayağından asıldığı sistemlə idarə edilən ölkələr” böyük bir çöküş yaşadı və yaşamağa da davam edəcək. Yəni, postpandemiya dövründə dünya həm də fərdiyyətçiliyin yox, sosial həmrəyliyin ön plana çıxdığı dünya olacaq. Çünki yaranan problemlər və virus təhlükəsinin fərdiyyətçiliklə aradan qalxmayacağı, hamı xilas olmadan heç kimin xilas olmayacağı məlum oldu”, - müsahibimiz bildirib.

 

Politoloq hesab edir ki, liberal cəmiyyətlərdə meydana gələn böhranın səbəbi yalnız koronavirus deyil: “Əslində, pandemiya bu böhranı körükləyən bir rol oyandı. Çünki sistemin üzləşdiyi bu böhran həm də qlobal mafiya və təriqət fəaliyyətlərinin həlledici rol oynadığı saxta iqtisadiyyatla bağlı idi ki, bu cür idarə edilən sistemlər onsuz da xroniki böhran içində idi. Pandemiya, sadəcə olaraq bu fəaliyyətin nəticəsini bütün çılpaqlığı ilə ortaya qoydu və məhvini daha da dərinləşdirdi. Yəni, koronavirus olmasaydı da, dünya bu səbəblərə görə böhranla yenə də qarşılaşacaqdı”.

 

“Bununla yanaşı, postpandemiya dövründə elmin daha da inkişaf etməsi və humanizm dəyərlərinin ön plana çıxacağı ehtimal edilir. Çünki pandemiya dövründə elmə olan ehtiyac daha da artdı və xurafatın cəmiyyəti yanıltdığını bir daha göstərdi. Bu baxımdan, postpandemiya dövründə elm və humanizm daha çox inkişaf edəcək. Bununla yanaşı, süni intellekti də xüsusi vurğulamaq lazımdır ki, dünyanın inkişaf etməsi baxımından onsuz da vacib olan süni intellekt karantin dövründə, yəni, insanların bir yerə toplaşa bilmədiyi zamanlarda böyük əhəmiyyət daşıdı. Ona görə də postpandemiya dövründə süni intellektin də inkişaf edəcəyini qeyd etmək lazımdır”, - deyə Perinçek vurğulayıb.

 

Tarixçi post-pandemiya dövründə qlobal liberalizmin çökməsi ilə yanaşı, Avro-Atlantik sisteminin də iflasa uğrayacağını əlavə edib: “Buna misal olaraq, pandemiya ilə yanaşı, Amerika Birləşmiş Ştatlarında baş verən son hadisələri göstərmək olar. Çünki bunlar, əslində biri-birini tamamlayan hadisələrdir. Yəni, dünya sadəcə çoxqütblülüyə keçid etməklə qalmır, həm də Atlantik sistemin çöküşü başlayır ki, bunun da ilkin versiyasını ABŞ-da gördük. Yəni, ABŞ daxilində çox ciddi bir parçalanma meydana gəlib. Belə ki, bir tərəfdən ABŞ-ın ənənəvi siyasətinin tərəfdarları meydana gəlib, bir tərəfdən isə xarici müdaxilələrə son verib ölkənin daxilindəki problemləri həll etməyi müdafiə edənlər. ABŞ-da prezident seçkilərində Co Bayden qələbə qazansa da, dövlət içində yaşanan bu böhran gələcəkdə də davam edəcək. Çünki ABŞ-da meydana gələn siyasi fikir ayrılığı, sadəcə dövlət içində deyil, həm də ştatlar arasndadır. Məlumdur ki, ABŞ bir çox ştatların birləşməsindən ibarət olan dövlətdir və gələcəkdə Birləşmiş Ştatların daxilindəki böhran artdıqca, ştatlar arasındakı rəqabət də dərinləşəcək və hətta, bəzi ştatlarda müstəqillik tələbləri üzə çıxacaq”.

 

“Bununla yanaşı, ABŞ daxilində baş verən parçalanma, sadəcə dövlət və ştatlar arasında deyil, həm də xalqla dövlət arasındadır ki, pandemiya da bunun böyüməsində böyük bir rol oynadı. Belə ki, bir qrup insan kasıblaşdı və ölkəyə ciddi zərərlər dəydi. Bunun da nəticəsi olaraq qaradərililər və Konqresə hücum edənlərdən ibarət iki fərqli hərakat ortaya çıxdı. Bu iki hərakatla da dövlət arasında ciddi ziddiyyətlər yaranıb və bu ziddiyyətlər gələcəkdə daha da kəskinləşəcək. Bir sözlə, pendemiya bizə liberalizmin həm iqtisadiyyatda, həm ictimai həyatda, həm də ölkələrarası sərhədlər baxımdan iflas olduğunu göstərdi. Həmçinin, Atlantik sistemin çökməsi, təkqütblü dünyadan çoxqütblü dünyanın meydana gəlməsi və çoxqütblü dünyanın ABŞ daxilində də fərqli qütblər yaratdığını nümayiş etdirdi”, - deyə politoloq fikrini yekunlaşdırıb.

Natiq Cəfərli azadlığa buraxılıb

Postpandemiya dövrünün iqtisadi gözləntilərini AYNA-ya şərh edən Respublikaçı Alternativ Partiyasının (ReAl) Siyasi Komitəsinin üzvü, iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, pandemiya dünyada bəzi prosesləri sürətləndirib: “Onsuz da son 5-6 ildir ki, 4.0 texnologiyasının, yeni iqtisadi modellərin, texnoloji dəyişikliklərin, süni intellektin iqtisadiyyat və həyatda təsirlərinin getdikcə artdığının şahidi olurduq. Yəni, bu proses gedirdi, amma pandemiya bu prosesi sanki daha da sürətləndirdi və insanlığın, bəlkə də 5 ildə gedə biləcəyi yolu 1 ildə getməsinə, qərarların daha tez verilməsinə səbəb oldu”.

 

Həmsöhbətimiz hazırda yeni iqtisadi modelə keçidin yaşandığını deyib: “Ofislərin konsepsiyasının dəyişməsinin - “home office” konsepsiyasına keçidin, yəni uzaqdan işləməyin daha da sərfəli olduğunu sezən bəzi şirkətlər öz işçilərinin böyük bir qismini, hətta, postpandemiya dövründə də uzaqdan iş rejiminə keçirməyi düşünür ki, bu da xərclərin xeyli dərəcədə azalmasına yönəlib. Ümumiyyətlə, 2020-ci ildə onlayn iqtisadi aktivliyin dünya üzrə, təxminən 3-4 dəfə artdığının şahidi olduq ki, bu da çox böyük bir rəqəmdir. Çünki bu rəqəm onlayn ticarətdə həmişə ildən-ilə 10-15 faiz artırdısa, 2020-ci ildə bu rəqəmin birdən-birə 3-4 dəfə artdığının şahidi olduq ki, bu da kifayət qədər ciddi nəticələrə və biznes istiqamətinin yaranmasına səbəb oldu”.

 

“Bundan başqa, “yaşıl iqtisadiyyat”la (insan rifahını və sosial ədaləti təmin edən, eyni zamanda ətraf mühit risklərini kəskin şəkildə azaldan iqtisadiyyat) bağlı trend də başladı. Düzdür, bu trend təqribən 2010-2011-ci illərdə də var idi, amma 2020-ci ildə alimlərin hesablaması göstərdi ki, pandemiyaya görə insanların iqtisadi aktivliyinin azalması ekoloji vəziyyətlə bağlı müəyyən müsbət dəyişikliklərə səbəb olub və bunun nəticəsində də “yaşıl iqtisadiyyat”a keçidin sürətlənməsi ilə bağlı trend yenidən formalaşmağa başladı. Həmçinin, ABŞ-ın yeni Prezidenti Co Bayden vəzifəsini icrasına başlayıb ki, bundan sonra sözügedən trendin daha da sürətlənməsi gözlənilir. Çünki Baydenin komandası da, məhz “yaşıl iqitisadiyyat”ın tərəfdarıdır. Yəni, postpandemiya dövründə kifayət qədər maraqlı və ciddi dəyişikliklərin olması ehtimalı edilir”, - Cəfərli vurğulayıb.

 

İqtisadçı sözügedən dəyişikliklərlə bağlı müəyyən çağırışların olduğunu da əlavə edib: “Bu çağırışlar onunla bağlıdır ki, yeni iqtisadi modelə keçid iş yerləri ilə bağlı problemlərin artmasına səbəb olacaq. Yəni, insanların iş yerləri ilə bağlı probemlərinin yaranması gözlənilir. Çünki süni intellektin iqtisadi münasibətlərdə daha çox tətbiq olunmağa başlaması, robotlaşma, 4.0 iqtisadi modeli və postindustrial modelinə keçid insan əməyinin getdikcə daha az istifadə olunmasına səbəb olacaq”.

 

“Yaxın 5 il ərzində dünyada ən çox müzakirə edilən məsələlərdən biri də bu olacaq ki, bununla bağlı da insanların dövlətlər tərəfindən yaşayış minimumu ilə təmin edilməsi konsepsiyası və müxtəlif versiyaların şahidi ola bilərik. Məsələn, bunun ilkin elementləri İsveçrə və Finlandiyada olmuşdu. Belə ki, həmin ölkələrdə vətəndaşlara birdən-birə pul paylamağa başladılar. Hətta, İsveçrədə bununla bağlı referendum da oldu və vətəndaşlar ikinci dəfə pul paylanmasının əleyhinə səs verdilər. Yəni, yaxın 5 il ərzində bizi belə bir maraqlı trendlər və hadisələr gözləyir. Ona görə də iqtisadiyyatın anatomiyası və iqtisadi münasibətlərdə də ciddi dəyişikliklərin olması kifayət qədər real görünür”, - deyə ekspert fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib      23 Yanvar 2021 23:05
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin