Hökumət yardımı bu tərəfdən verib, o tərəfdən geri alacaq

Hökumət yardımı bu tərəfdən verib, o tərəfdən geri alacaq

Vəsait ayrıldı, amma onunla necə dolanmağın yolu izah edilmədi

 

Hökumətin işsiz və sosial müdafiəsiz vətəndaşlara 190 manat yardım edəcəyi xəbəri tez bir zamanda bütün ölkəyə yayıldı və insanlar “yardım siyahısı”na düşmək üçün qeydiyyatdan keçməyə tələsdilər. Başlayaq, 190 manatdan.

 

2020-ci il üçün yaşayış minimumu olaraq təyin olunan bu məbləğ olduğu aydındır. Bəs, niyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi minimum əməkhaqqı olan 250 manatın əsas götürülməsini zəruri hesab etmədi? Bu 190 manat nəyə yetəcək?

 

Əvvəlcə qeyd edək ki, ölkəmizdə yoxsul və təminatsız əhalinin sayı 200 min nəfərdən çoxdur və onlar üçün bu 190 manat karantində ölməyə imkan verməyən ən son qəpikdir. Eyni zamanda, bu pulu vermək lazım olduğunu düşündükləri halda, heç olmasa, həmin adamlar kommunal xidmətlərdən azad edilməli idi, əks halda bir tərəfdən verildiklərini digər tərəfdən geri alacaqlar. Axı, heç kim kommunal ödənişləri ləğv etməyib və bu, ən azı 20-30 manat civarında olacaq.

 

Göründüyü kimi, hökumət qərara gəlib ki, insanlar evdə oturub heç yerə getmirlər, buna görə də karantinin sonuna qədər un və qarabaşaq yarması kifayətdir. Onlara dərman, meyvə, tərəvəz və digər məhsullar lazım deyil.

 

Lakin bu qədər az miqdarda olsa da, əhalinin işsiz hissəsi bundan imtina etmək niyyətində deyil və buna görə qeydiyyatdan keçilməli olan sayt yükə tab gətirə bilmədi və çökdü. Üstəlik, hökumət cədvəl hazırlamalı və bölgələrin qeydiyyatı üçün müəyyən günlər müəyyənləşdirməli idi. Yəni bu başıbəlalı 190 manatı almaq istəyən insanların axını problemli vəziyyət ortaya çıxardı.

 

Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev son açıqlaması ilə əhalinin böyük bir hissəsini məyus etdi. “Ailə üzvündən biri işləyib maaş alırsa, o ailəyə yardım düşməyəcək. Ər-arvaddan biri dövlətdən hər hansı dəstək (müavinət, sosial yardım, pensiya və s.) alırsa, digərinə birdəfəlik ödəmə verilməyəcək. Resurslardan düzgün istifadə etməliyik. Son 2 gündə on minlərlə müraciət yerinə yetirilib”, - deyə nazir bildirdi.

 

Yaxşı, bəs, uşaqlar nə etməlidirlər? Çoxuşaqlı ailələr necə olsun? Təkbaşına uşaq böyüdən anaların aqibəti necə olacaq? Onlara kim yardəm edəcək? Bütün bu suallar açıq qalır.

 

Digər bir məsələ koronavirus dəstək proqramının özü ilə bağlıdır. Hökumət cəmiyyətin vergi ödəyən hissəsini stimullaşdırmaq qərarına gəldi. Əlbəttə ki, vergi ödəyicilərini stimullaşdırmaq lazımdır, lakin hər kəs eyni pandemiyadan əziyyət çəkir. Bu qərar imkansız təbəqəyə münasibətdə mənəvi baxımdan yanlışdır.

 

Koronavirus böhranı ilə paralel neftin qiymətində elə kəskin azalma oldu ki, hökumət səxavət göstərib fərqli bir qərar verə biləcəyi halda, bunu etmədi. Bu baxımdan ölkə iqtisadiyyatını elə formada qurmalı, uzunmüddətli planlaşdırma strategiyasını düşünməliyik və inkişaf etdirməliyik ki, bu cür fors-major vəziyyətlərdə öz gücümüzə güvənə bilək və neftin qiymətindən asılı olmayaq.

 

Çox güman ki, 20 aprel ölkə üçün sərt karantinin son günü olacaq və bundan sonrakı hadisələrin mənfi təsirlərini neytrallaşdırmaq üçün şəraitin tədricən yumşaldılmasına başlanacaq, əks halda iqtisadiyyat sadəcə buna dözə bilməz. İndi Avropa İttifaqının bir çox ölkəsi iqtisadi fəaliyyəti dirçəltmək üçün ciddi karantindən imtina etmək niyyətindədir. Hesab edirlər ki, iqtisadi baxımdan zərər çəkməkdənsə, xəstələnmək və sağalmaq daha yaxşıdır...

Müəllif: Nicat Hacıyev      9 Aprel 2020 17:52
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin