Muəllif:

Məndən soruşan olsa, monarxiyaya səs verərdim!

Niderland
Niderlandda 30 aprel Kraliça günü kimi qeyd olunur. Bu, aprelin 30-da tacını təhvil verəcək Kraliça Beatriksin (Beatrix) anası Kraliça Yuliananın (Juliana) doğum günü ilə bağlıdır. Əslində Kral və yaxud Kraliça günü Kralın, yaxud Kraliçanın özünün doğum günündə qeyd olunmalıdır. Sadəcə, Kraliça Beatriksin doğum günü qış ayına, yanvarın 31-nə təsadüf etdiyindən, Kraliça Beatriks Kraliça gününün bundan sonra 30 apreldə keçirilməsinə qərar verir və özü də tacı anasından məhz 30 aprel 1980-ci ildə təhvil alıb. Sual yarana bilər ki, Kraliça gününün qış ayında qeyd olunmasında nə qəbahət var ki? Haqlı sualdır. Ancaq burda heç bir qəbahət yoxdur. Məsələ bundadır ki, bu bayramı niderlandlılar bayırda, açıq havada qeyd edirlər və təbii ki, bunun üçün də Kraliça Beatriks sözügedən bayramın yuxarıda qeyd etdiyim tarixdə keçirilməsinə qərar verir. Bu, kral ailəsi tərəfindən bayram edən insanlara əziyyət verməmək üçün verilmiş bir qərardır. Axı niderlandlılar olmasa, kimin Kralı, yaxud Kraliçası olacaqlar ki?! Millətə dəyər verilməsə idi, belə sevinclə qeyd etməzdi niderlandlılar Kraliça gününü. Hələ o da məlum deyil ki, milləti sevməsə, millətə dəyər verməsə idi, monarxiya bu günə qədər davam edərdimi? Düşündürücü sualdır, məncə.
123 ildən sonra Niderlandda Kral (kişi) tacı təhvil alacaq. Sonuncu dəfə 1890-cı ildə Kralı olub bu ölkənin. O zamandan bu yazını yazdığım günə kimi tac hər zaman kraliçalarda (qadınlarda) olub. Nəhayət, bu il, 2013-cü il aprel ayının 30-da Kraliça Beatriks tacı özünün böyük oğlu Villem-Aleksandra (Willem-Alexander van Oranje-Nassau) təhvil verəcək. Bu qədər uzun sürən fasilədən sonra tacın daşıyıcısı kişi olacaq. Bəlkə bu səbəbdən idi ki, Niderlandı bəzən zarafatla «qadınlar ölkəsi» adlandırırdılar. Az müddət deyil qadınların tac daşıdığı illər. İndi Villem-Aleksandr, 4-cü Villem hakimiyyətə gəlir. Hərçənd ki, bu günlərdə Niderland televiziyalarının birinə verdiyi müsahibədə özünün ancaq adı ilə çağırılmasına tərəfdar olduğunu, sadəcə, tarixə 4-cü Villem kimi düşəcəyini dedi. Müsahibədən söz düşmüşkən, dediyim kimi, bugünkü vəliəhd Niderland televiziyalarının birinə geniş müsahibə verdi. Özü də tək deyildi, xanımı, 30 aprelə kimi şahzadə, sonra isə Kraliça (bu adı, sadəcə, həyat yoldaşı Kral olacağı üçün qazanır, əslində ona heç bir səlahiyyət verilməyəcək) olacaq Maksima (Maxima Prinses) ilə birgə qatılmışdı müsahibəyə. Müsahibə boyunca olduqca maraqlı anlar yaşandı, maraqlı suallar verildi və cavablar da olduqca səmimi idi. Nə jurnalistlər gələcək Kral və Kraliçanın qarşısında əzilib-büzülür, nə də müsahiblər buna şərait yaradırdılar. Ən yadda qalan məqamlardan biri də o oldu ki, tacqoyma (dəyişmə də demək olar) mərasiminə Argentina əsilli Maksimanın valideynləri qatılmayacaqlar, Niderland hökuməti belə qərar çıxardıb (yalnız PvdA lideri Diderik Samsom onların iştirakına etiraz etməmişdi). Kral da olsan, qanundan kənara çıxa bilməzsən bu ölkədə. Qeyd edim ki, Maksima argentinalı siyasətçi Yorxe Horaikonun (Jorge Horacio Zorreguieta Stefanini) qızıdır. Deyim ki, Niderlandda, demək olar, hər kəs sevir Maksimanı. Yeni Kral ailəsi barədə geniş yazı hazırlamaq fikrindəyəm, orda daha ətraflı yazacam bu barədə. İndi isə qayıdıram müsahibəyə. Jurnalistlər olduqca cəsarətli suallar verir, gələcək Kral və onun xanımı bütün suallara cavab verməyə çalışırdılar. Jurnalistin:»Kral ailəsinin büdcəsinin azaldılmasına necə baxırsız, bu barədə düşünmüsüzmü?» sualına belə gələcək Kral incə bir yumorla cavab verdi və sonda qeyd etdi ki, parlamentin Kral ailəsi ilə də bağlı qəbul etdiyi hər bir qərara hörmətlə yanaşacaq və sənədin altına imza atacaq. Hətta bu qərar Kral ailəsinə sərf etməsə belə.
Bəli, Niderlandda monarxiyadır, mütləq yox, konstitusiyalı monarxiya. Niderlandda Kral və ailəsinin hüquqlarının sərhədi konstitusiya ilə müəyyən olunur. Bu sərhədi aşmaq barədə düşünmək istəyən belə yoxdur. Ona görə ki, düşünməyin bir mənası yoxdur. Hətta son vaxtlar Niderlandda ən çox müzakirə olunan məsələlərdən biri də budur ki, Niderlandın simvolu hesab olunan Krallığa, monarxiyaya bu qədər külli miqdarda pul xərcləməyinə dəyərmi və bu sualı gələcək Krala belə ünvanlamağa çəkinmir jurnalistlər. Dediyim kimi, bəziləri dövlət quruluşu olaraq respublikanın, yoxsa monarxiyanın daha yaxşı olduğunu müzakirə edir və tərəddüd içində qalırlar. Hələlik (bəlkə nə vaxtsa soruşdular) məndən münasibət soruşan yoxdur, soruşan olsa, monarxiyaya səs verərdim!
P.S. Qeyd etdiyim televiziya müsahibəsində jurnalistlər gələcək Kralın Mozambikdə və Yunanıstanda vaxtilə aldığı villalara münasibətini soruşdular. Deyim ki, Mozambikdəki istirahət evi ilə bağlı böyük qalmaqal yaşanmışdı burda. Gələcək Kral bu suala belə cavab verdi ki, hər insan, eləcə də Kral səhv edə bilər və biz səhvlərimizdən öyrənirik düzün nə olduğunu…
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 159