Muəllif:

DANABAŞ KƏNDİNİN CAMAATI…

Dəyərli yazarlarımız çox olubdur. Amma onların cərgəsində Mirzə Cəlilin tamam ayrı yeri var.

Mütəxəssis deyiləm, bilmirəm, sovetin vaxtında, ondan əvvəl və yaxud sonra Azərbaycanda etnik psixologiya ilə məşğul olan olub, ya olmayıbdı? Bir onu bilirəm ki, Mirzə bu millətin etnik portretini yaratdı.

Digər tərəfdən, hər millətin tarixində iki cür şəxsiyyətlər olur: ölkəni Dünyaya çıxaranlar və bir də Dünyanı ölkəyə gətirənlər. Dünyaya çıxmaqla bağlı Mirzə Cəlil konteksində nəsə deyə bilmərəm, di gəl, düşünürəm ki, vaxtında tərcümə olunub təbliğ edilsəydi, Mirzə ən azı müsəlman Şərqində ən çox oxunan müəlliflərdən olardı. O ki qaldı bura Dünyanı gətirmək məsələsinə, Mirzə bunu bacardı…

Amma Mirzə ilə bağlı bir az fərqli fikirlər, hətta tərəddüdlər də arabir təqib edir məni. Məsələn, onun hələ də, indi də aktual olması bəzən çox sıxır düşünən insanlarımızı.

İstər-istəməz barışmalı olursan ki, millət kimi on illərdir, yerimizdə sayırıq, qiyafəmiz və yaxud da görünüşümüz dəyişsə də, hələ də hamımız Danabaş kəndinin caamatı olaraq qalırıq, hələ də ağıllılarımız kefli İsgəndər kimi “dərdini yüngülləşdirmək” üçün araq şüşəsini açmalı olur, hələ də çoxumuz ağalarımızı qəzəbləndirməmək üçün poçt qutusunun keşiyini çəkmək olmasa da, buna bənzər nəsə etməyə hazırıq.

Belə anlaşılır ki, bizim Danabaş kəndinin məktəbinin ardınca institutu, daha sonra idarələri, sonra da dövləti yarandı və bunların da hamısının üstündə Danabaş kəndinin möhürü oldu.

Əslində bütün bunlar tam fərqli şeylər olmalı idi, çünki Danabaş kəndinin ata-babadan nə özünün məktəbi, nə institutu, nə də dövləti olmuşdu. Amma Danabaş camaatı bunların hamısını bir növ özününküləşdirdi, yalnız qol-budağını sındırandan sonra onlara, necə deyərlər, həyat vəsiqəsi verdi. Nəticəsi də indi gördüklərimiz oldu…

Bəli, nahaq yerə durub demirlər ki, mentalitet də sındırıcı optik prizmadır, düz gələn işığı min cür sındırıb əyir, onu müxtəlif rənglərə ayırır, qarasını, bozunu üzə çıxarır. Danabaş kəndi də belə prizmadır — hər şey burada “milliləşir”, hər şey özününküləşir, baxıb görürsən ki, başqa yerdə eyni adda olan təsisat və prinsiplər burada tamam başqa çalar alır.

Bu səbəbdən də hər işimiz “böyrü üstə” qalıb, ha çalışırıq ki, biz də başqaları kimi olaq, irəli gedək, heç nə alınmır ki, alınmır, çünki biz başqaları kimi olmağı hələ də başqaları kimi bəzənib-düzənmək kimi başa düşürük…

Burada heç bilirsiniz, yadıma nə düşür? V.Jirinovskinin bir reklam çarxı. Bəli, seçkilər vaxtı Jirinovski bir reklam çəkdirmişdi. Bir ulağın üstünə “Rusiya” sözünü yazıb onu döyəcləyərək deyirdi ki, Rusiya da beləcə tərsdir.

Əlbəttə, mənim buna oxşar analogiya aparmaq fikrim yoxdur, çünki anologiyanı Mirzə hələ yüz il bundan əvvəl aparıbdır və məmləkətin də adını “Danabaş” qoyubdur.

İnanın, bütün bunlara bir təhər dözmək olardı. Amma dünyanın heç bir yerində insanlar uğursuzluqlarını bayram etmirlər, qüsurları ilə öyünmür və ayıblarını üstünlük kimi qələmə vermirlər.

Fəqət, Danabaş əhli həmişə xoşbəxtdir. Həmişə razıdır. Həmişə nikbindir. Hamıdan olmasa da guya bir çoxlarından qabaqda olmasından razıdır.

Olsun. Amma bir detalı deyəcəm. Danabaş əhli dünyanın yeddi möcüzəsinin sayını bir az da artıraraq səkkiz edibdir. İnid dünyanın yeddi yox, düz səkkiz möcüzəsi var, səkkizincisi də Cocuq Mərcanlıdır.

İnanın, indicə Danabaş kəndi adlandırdığım Azərbaycanın hər qarış torpağıının azad olunması mənim üçün böyük bayramdır, hamıdan çox sevinirəm buna. İki il bundan əvvəlki aprel döyüşlərinə də yüksək dəyər verirəm ki, axır ki, biz də döyüşdük.

Amma bununla belə “Hamı Dünya Cocuq Mərcanlıya valeh olub, təəccüb qalıb” deyə bilmirəm, çünki böyük hesabla burada öyünüləsi bir iş yoxdur: kiçik qəsəbə atəş altından çıxarılıb və bərpa edilibdir.

Əslində aprel döyüşləri zamanı bir kəndi yox, azı beş rayonu azad etməli idik. Amma alınmadı. Səbəblərinin tamam bizdən asılı olmaması ilə mən də razıyam. Amma həqiqəti demək daha yaxşı olmazmı? Yoxsa Dünyaya səs salmışıq ki, daha bir möcüzə də qalıbdı, onu öz gözlərinizlə görmək üçün bura, Cocuq Mərcanlıya tələsin…

Nə isə… Səbəb də dərindədir görünür. Elə bu səbəbi də dilə gətirmək üçün bu cızma-qaranı yazmalı olduq. Səbəb də bir daha deyirik ki, budur ki, bura cəmi Dünyanın ən orijinal diyarı olan Danabaş kəndidi. Buranın camaatı başqalarına qəti bənzəməz, buranın caamatı hər şeyi bildiyi kimi edər və ən əsası da buranın camaatı hələ də ölüləri diriltməyin mümkün  olduğuna inanar…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (3 оценок, среднее: 8,67 из 10)
Oxunma sayı: 600