Muəllif:

Qəzetə bükülmüş çörək

Gecə yarıdan xeyli ötmüş evdəkilərin əl-ayağı yığışandan sonra mətbəxə keçib çaydanın altını yandırdım. Qaz gözlədiyimdən xeyli yaxşı gəldiyindən daha iş otağına keçməyib elə oradaca çaydanın qaynamasını gözləməyi qərara aldım. Sakitliyi yalnız arada bir itlərin hürüşməsi, bir də qızmaqda olan çaydanın cızıltısı pozurdu…

***

Bu yaxınlarda bir oxucu məktubu aldım. Zatən sizlərdən kifayət qədər məktub alıram, amma bu, o qədər gözlənilməz və maraqlı idi ki, sizinlə də bölüşmək qərarına gəldim. Oxucum şahidi olduğu çox qəribə bir əhvalat barədə yazıb. Deyir ki, avtobus gözlədiyi yerdə diqqətini üz-gözündən yorğunluq tökülən, yanaqları batmış, nimdaş əyin-başlı, yırtıq çəkməli yaşlı bir kişi çəkir. Çiynində çuval olan qoca yaxınlıqdakı marketə girir və güman ki, zibillikdən topladığı şüşələri dükan yiyəsinə təhvil verib əvəzinə iki çörək və qəpik-quruş alır. Marketdən çıxanda  kişinin gözü qapının ağzındakı rəflərə düzülmüş qəzetlərə sataşır və o, onların arasından “Ayna” qəzetini seçib götürür və yenidən içəri keçərək çörəyin birini qaytarır…

Gördüklərindən təsirlənən oxucum yüyürərək tezcə çörəyin pulunu ödəyib həmin kişiyə uzadır, lakin qoca heç vəchlə çörəyi götürmək istəmir. Uzun söz-söhbətdən sonra oxucum ona çörək deyil, qəzet aldığına inandıra bilir. Yalnız bundan sonra ixtiyar əlini çörəyə uzadır…

***

Bu düşüncələrdən məni çaydanın fiti ayırdı.

Əziz və dəyərli oxucularım, yazdıqlarım sizə qəribə gəlmədimi? Yəqin ki, xeyli təəccüblənmisiniz. Və düz də etmisiniz, çünki təəssüf ki, bu hadisə Azərbaycanda deyil, Türkiyədə baş verib. Oxucu məktubunu da mən deyil, çox dəyərli və ünlü türk jurnalisti Uğur Dündar alıb. Qəzet də bizim “Ayna” deyil,  Türkiyənin “Sözcü”südür. “Ayna” heç çıxmır da, axı! Artıq üç ildən çoxdur ki, yoxdur. “Sözcü” isə nə yaxşı ki, var.

Dəyərli Uğur Dündar yazısını belə bitirir:”Ekmek mi qazete mi? Ekmek yerine “SÖZCÜ”yü tercih eden yoksul adamın bu davranışı, kitapları dolduracak kadar çok mesaj veriyor. Hele umutsuzluğun ve karamsarlığın yüreklerimize sızıp umutlarımızı tutsak etmeye çalıştığı şu günlerde…

Ben de bu anıyı, yeni umutları yeşertmesi için yazdım. Unutmayalım, zorluklar büyüdükce umut da büyür ve en karamsar olduğumuz anlarda bile başarı uzanıp tutacağımız kadar yakınımızda durur!..

Hele insanlar ekmeklerini verip qazetelerini aldıkça!..”.

Uğur bəy ümidsiz deyil, çünki onlarda hələ qəzet oxuyan var. Çünki, oxunulası hələ nəsə var. Sayları azalsa da, meydanları daralsa da. İndi daxilimdə iki mənim toqquşur. Biri könlümün, ürəyimin səsidir, digəri praqmatizmin, məntiqin buz kimi soyuq nəfəsi. Biri deyir ki, ümidsizliyə qapılma, hər şey yaxşı olacaq, digəri deyir, bir gözünü aç, ətrafında olanlara bax və nəhayət anla ki, halva-halva deməklə ağız şirin olmur. İndi onlardan hansı üstün gələcək bilmirəm, bircə onu bilirəm ki, bizdə kimsə aldığı çörəyi qəzetə dəyişdirmək kimi bir səviyyəyə çatacaqsa, içimdəki praqmatik məğlub olacaq. Və mən bunu çox istəyirəm, çünki ümidlərin öldüyü yerdə yaşamaq istəmirəm.

***

Tesla və SpaceX şirkətlərinin rəhbəri İlon Mask bilgisayarı insan beyninə qoşa biləcək neyrointerfeyslərin yaradılması üzərində iş getdiyini təsdiqləyib. Bu elmi araşdırmaları Neuralink şirkəti aparır. İlkin mərhələdə ciddi beyin zədələnmələri olan, beyninə qan sızmış və onkoloji xəstəliklərə tutulmuş insanlara yardım etmək nəzərdə tutulur. Bunun üçün insan orqanizminə xüsusi elektrodlar yeridiləcək. Bu mərhələni 3-4 ilə yekunlaşdırmaq planlaşdırılır.

Bundan sonra isə Neuralink insan beyninin məhsuldarlığını artıracaq və adamlara bir-biriylə telepatik səviyyədə ünsiyyət qurmağa imkan verəcək neyrointerfeyslərin yaradılmasıyla məşğul olacaq. İlon Mask bildirir ki, hal-hazırda beyin informasiyanı məlumatın yalnız nitq və yazılı şəkildə ötürülə biləcəyi dərəcəyədək sıxaraq məhdudlaşdırır, amma yaxın zamanlarda məlumatı birbaşa beyindən beyinə ötürmək mümkün olacaq. Onun zənnincə, bu səviyyəyə 8-9 ilə çatmaq mümkün olacaq.

***

İndi düşünürəm ki, mənim arzularıma bax, bunların istədiklərinə bax! Mən istəyirəm ki, millət heç olmasa qəzet oxusun, bunlarsa insanların bir-biriylə telepatik səviyyədə ünsiyyət qurmasının yollarını arayırlar!

Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz;
Quş kimi göydə uçar yerdəkilər,
Bizi gömmüş yerə minbərdəkilər!

Allah böyük Mirzə Ələkbər Sabirə rəhmət eləsin!

***

İndicə təndir çörəyi aldım – qəzetə bükülmüşdü.

 

Email:qlavred@hotmail.com

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (6 оценок, среднее: 9,83 из 10)
Oxunma sayı: 1547