Muəllif:

Dələduz özünü Ombudsman əməkdaşı kimi təqdim edib

Dələduzluq yolu ilə vətəndaşların külli miqdarda pullarını mənimsəməkdə ittiham olunan Şuşadan məcburi köçkün Elməddin Muradovun (1983) cinayət işi üzrə məhkəmə başa çatıb. Elməddin Muradov Kürdəmir rayonunun Ərşəli kənd sakini Aslan Hüseynovu DİN Çevik Polis Alayına işə düzəldəcəyini vəd edib. O, 2010-cu ilin sentyabr-oktyabr ayları ərzində Kürdəmir rayonu və Bakı şəhəri ərazisində Aslan Hüseynovdan 3 dəfəyə cəmi 5018 manat pul alıb. Pulu alsa da, vədinə əməl etməyib. Bununla da zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurub.

Bundan başqa, Elməddin Muradov Ərşəli kənd sakini Nazim Hüseynovun Tərtər rayonununda hərbi xidmətdə olan qardaşı oğlunun xidmət yerini Kürdəmir rayonuna yaxın olan hərbi hissələrin birinə dəyişəcəyini vəd edib. O, Kürdəmir şəhərində Nazim Hüseynovdan 600 manat məbləğində pulunu alaraq vədinə əməl etməyib.

Muradov 2010-cu ilin dekabrında telefon vasitəsilə tanış olduğu Validə Əliyevaya özünü Ombudsman aparatının əməkdaşı kimi təqdim edib. O, Validə Əliyevanın kürəkəni — Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2010-cu il tarixli hökmü ilə CM 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Vüqar Həsənovu həbsdən azad etdirəcəyinə söz verib. O, Validə Əliyevanın yaşadığı Gəncə şəhəri Avtozavod qəsəbəsindəki evində 2010-cu ilin dekabrında 3000 ABŞ dolları, 2011-ci ilin fevralında 1900 ABŞ dolları alıb. Lakin vədinə əməl etməyərək, Validə Əliyevanın 4900 ABŞ dollarını mənimsəyib.
Məhkəmədə Elməddin Muradov ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, 2010-cu ilin may ayından 2010-cu ilin oktyabr ayına kimi Ədliyyə Nazirliyinin “Ziya” İnsan Hüquqları İdarəsində hüquq müdafiəçisi işləyib. Onun sözlərinə görə, 2010-cu ilin yayında Şəmkir rayonunda dostunun toy məclisində tanış olduğu Günel adlı müğənni qadın zəng edərək Validə adlı, Gəncə şəhər sakininə hüquqi yardım etməsini xahiş edib:

“Validənin problemi ilə maraqlanandan sonra kürəkəninin Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs olunduğunu öyrəndim. Validəyə narahat olmamasını, kürəkənini Prezidentin əfv fərmanına saldıracağımı, azadlığa çıxacağına kömək edəcəyimi dedim. Bu məsələnin həlli ilə bağlı “Ziya” İnsan Hüquqları İdarəsinin sədri Səyyad Bayramovla danışdım, Səyyad kömək edəcəyini və bunun üçün 5000 ABŞ dolları pul lazım olduğunu bildirdi. 2010-cu ilin noyabrında Validə Əliyeva ilə görüşmək üçün Gəncə şəhərinə gəldim. Tanış taksi sürücüsü Azər adlı şəxslə Validə Əliyevanın evinə getdim. Söhbət zamanı Validəyə kürəkəninin həbsdən azad olunması işinin həlli üçün 5000 ABŞ dolları pul lazım olduğunu bildirdim. Validə ilkin olaraq evində 3000 ABŞ dolları pul verdi, qalan 2000 ABŞ dolları pulu isə iki aydan sonra verəcəyini bildirdi. Həmin pulu götürdükdən sonra Bakı şəhərinə gəldim. Səyyad Bayramov pulu tam olaraq gətirməyimi istədi. Bunun üçün də 3000 ABŞ dolları barəsində Səyyada heç bir söz demədim. Sonra həmin pulu öz şəxsi işlərimə xərclədim”.

Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd edib ki, iki aydan sonra yenidən Gəncə şəhərinə gəlib. Onun sözlərinə görə, tanışı Güləli Bayramovla birlikdə yenidən Validənin evinə gedib: “Validə Əliyeva bu dəfə 1900 ABŞ dolları pul verdi. Pulu alandan sonra Bakı şəhərinə gəldim və həmin pulu hazırlayaraq Səyyad Bayramovla danışdım. Səyyad kiminləsə telefonla danışdıqdan sonra bu işi həll edə bilməyəcəklərini bildirdi və məni də qarışmamağı məsləhət gördü”.

Elməddin Muradovun sözlərinə görə, Validə Əliyeva hər dəfə zəng edərək vəziyyətlə maraqlandıqda işin tez zamanda həll olacağını bildirdib. O, daha sonra ifadəsində qeyd edib ki, sonradan öz nömrəsini itirdiyindən Validə Əliyeva ilə əlaqə saxlaya bilməyib. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirib ki, Aslan Hüseynovun oğlunu Bakı şəhərində Çevik Polis Alayına işə düzəltmək adı ilə pul alıb. Onun sözlərinə görə, Aslan Hüseynovdan aldığı pulları heç kimə verməyib, özünə xərcləyib. O, ifadəsində Nazim Hüseynovun qardaş oğlunun hərbi hissəsini dəyişməsi adı ilə pul aldığını etiraf edib.
Təqsirləndirilən şəxsin cinayət işinə Gəncənin Kəpəz rayon Məhkəməsində baxılıb və bu dələduz adam 4 il müddətinə azadlıqdan məhrum edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 147