Böhran qapımızı qəfil kəsdirib: Hökumətin bir nömrəli vəzifəsi ondan ibarətdir ki...

Böhran qapımızı qəfil kəsdirib: Hökumətin bir nömrəli vəzifəsi ondan ibarətdir ki...

Əsas məsələ iqtisadi tsiklin pozulmasının qarşısını almaq, böhranın ölkənin milli təhlükəsizlik sərəhədlərini aşmasına yol verməməkdir

 

Nəzəri olarq böhran nəhəng sərvəti olanlara daha böyük, daha kiçik sərvəti olanlara daha az risk yaradır. Heç nəyi olmayanlar rahat ola bilərlər - onlara ümumiyyətlə risk yoxdur.

 

Bu baxımdan dünyada hökumətlərin dəstək paketinin həcminə bir az da bu meyardan baxmaq lazımdır – nəhəng iqtisadiyyatlar nəhəng, ortalar orta, xırdalar da xırda dəstəklə vəziyyətdən çıxacaqlarına ümid edirlər.

 

Əlbəttə, əks arqument də ola bilər: hansısa iqtisadiyyat daha dayanıqlı və sağlam olduğu üçün daha az resursla ayaqda qala bilir. Əvvəlki böhranlar üçün bu arqument keçərli ola bilərdi. Amma indi bütün iqtisadiyyatın hərəkətsiz qaldığı, dünya ilə iqtisadi əlaqələrin hamı üçün eyni dərəcədə məhdudlaşdığı vaxtda belə arqument işləmir və biz əvvəlki meyar üzərində dayanmalı oluruq.

 

Dəstək paketinin forma və tərkibi, çatdırılma mexanizmləri isə iqtisadiyyatın mükəmməllik səviyyəsini əks etdirir. Məsələn, fond və qiymətli kağızlar bazarının inkişaf etdiyi ölkələrdə hökumət dəstəyinin əsas hissəsi aktivlərin (borc kağızları, hissə sənədləri) mərkəzi banklar tərəfindən alınmasına yönəlir, işsizlərin və yoxsulların çox dəqiq uçotunun, ən azı 95%-i leqal olan əmək bazarının sayəsində hökumətlər birbaşa sosial yardımları çox da çətinə düşmədən ehtiyacı olana yönəldir. İqtisadiyyatın şəffaf olması, vergidən yayınmanın maksimum az, dövriyyələrin maksimum şəffaf olması vergi güzəştlərinə ehtiyacı olanları dərhal aşkara çıxarır. Daha primitiv iqtisadi sistemlərdə isə yardımlar da sadə sxemlər üzərində qurulur.

 

Dünən bizdə də İqtisadiyyat naziri böhran üçün hökumətin dəstək paketinin məbləğini açıqladı – 2.5 mlrd. manat. Dəstəyin çox istiqamətli olduğu açıqlandı:

 

1) 304 min muzdlu işçi işlədikləri müəssisələrin fəaliyyətindən dolayı itirilmiş əməkhaqlarına görə 70-100% məbləğində kompensasiya alacaqlar;

2) Böhrana məruz qalma riskinə görə qruplara aid edilən sahələr üzrə biznesə vergi güzəştləri (tam və qismən vergilərdən azad olma) və vergi tətilləri (vergi ödənişlərinin daha sonrakı zamana ertələnməsi) veriləcək;

3) Biznesin əvvəl götürdüyü kredit borclarının, həmçinin bundan sonra götürəcəyi kreditlərin faizlərinə dövlət dəstəyi olacaq, həmçinin yeni kreditlərin 60%-nə dövlət zəmanəti təmin ediləcək;

4) İqtisadiyyatın əsas drayverlərindən biri kimi tikinti sektorunu ayaqda saxlamaq üçün sosial ipoteka dəstəklənəcək;

5) Vətəndaşlara birbaşa sosial dəstək, kommunal xidmətlərdə güzəştlər olacaq.

 

Bu təkliflər situasiyaya nə qədər adekvatdır?

 

Bir reallığı demək lazım: heç bir böhranda hökumətin vəzifəsi ev təsərrüfatlarının və biznesin (banklar da daxil) bütün itikilərini kompensasiya etmək deyil. Əvvəla, hökumətin 1 nömrəli vəzifəsi elə iqtisadi mühit və sistem yaratmaqdır ki, iqtisadiyyat istənilən böhrandan maksimum az itki ilə çıxa bilsin. Xüsusilə də iqtisadiyyatın təbii resurslardan yüksək asılılığı qalırsa, şəffaf və iştirakçı, səmərəlı ictimai maliyyə xərcləmələrinə əsaslanan idarəçilik qurulmayıbsa, demək, iqtisadiyyatın istənilən qlobal böhrana immuniteti aşağıdır. Bəzi iqtisadçı həmkarlarımızın dediyinin əksinə olaraq valyuta ehtiyatlarının həcminin böyüklüyü makroiqtidsadi sabitliyi qorumaq üçün çox vacib şərt olsa da, bizim kimi ölkələrdə iqtisadiyyatdan çox siyasi hakmiyyətin immunitetini gücləndirir.

 

Amma indi mövzu bu deyil, böhran ya zəlzələdən, ya vəlvələdən qapımızı qəfil kəsdirdi. Açıqlanan təkliflər mövcud şəraitə adekvatdırmı?

 

Artıq bu reallıqda hökumətin 1 nömrəli vəzifəsi mümkün olduğu qədər əlində olan tənzimləmə rıçaqları və resurslar vasitəsilə iqtisadi tsiklin pozulmasının qarşısını almaq, böhranın ölkənin milli təhlükəsizlik sərəhədlərini aşmasına yol verməməkdir.

 

İqtisadi tsiklin pozulmasının qarşısnı almamaq üçün təklifi dəstəkləyən mexanizmlər önə keçir – biznesə vergi güzəştləri, biznes kreditlərə dəstək və s. bu səbəbdən işə salınır. Biznesə dəstək həm də tələbin dəstəklənməsidir - çünki müəssisələr bir-birindən xammal və material alaraq son məhsul və xidmətlərini hazır hala gətirirlər.

 

İqtisadi tsiklin pozulmasının qarşısına almaq üçün 2-ci qrup tədbirlər bilavasitə tələbin dəstəklənməsidir. Xüsusilə də istehlakı ÜDM-in 70-75%-ə çatan, iqtisadi artımın əsas mənbəyi kimi çıxış edən ev təsərrüfatlarının dəstəklənməsi böhran şəratində hökumət üçün 1 saylı prioritetə çevrilir. Onların itirilmiş gəlirlərinin kompensasiyası, böhranın dərinliyinə uyğun olaraq sosial proqramların əhatə daitəsinin və maliyyə tutumunun genişləndirilməsi bu istiqamətdə hökumətin əsas işi olur. Ev təsərrüfatlarının dəstəklənməsi həm də sosial təhükəsizlik məsələsidir – kəskin yoxsullaşmanın doğurduğu sosial nəticələrin çox ağır siyasi nəticələri də ola bilir.

 

Milli təhlükəsizlik məsələsi dedikdə isə indilikdə daha çox ərzaq təhlükəsizliyi məsələsini nəzərdə tuturam – həm aqrar sektorun, həm də qida idxalı zəncirinin dəstəklənməsi elə olmalıdır ki, ən kritik və uzun sürən böhran şəraitində belə cəmiyyətin minimum səviyyədə də olsa, zəruri məhsullara tələbatı ciddi qiymət yüksəlişi olmadan təmin olunsun.

 

Bu meyarlardan çıxış etsək, açıqlanan təkliflər iqtisadi reallığa adekvat saymaq olarmı? Bu haqda daha sonra…

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert      31 Mart 2020 15:00
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin