Putin hər şeyi ləğv etdi - nefti, rublu, müddəti

Putin hər şeyi ləğv etdi - nefti, rublu, müddəti

Artıq fakt odur ki, o, hakimiyyətdən yalnız özünün istəyi ilə gedə bilər

 

Martın 11-də Dövlət Duması Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməyə icazə verməyi təklif edib. Əslində bu, ömürlük prezidentlik deməkdir. O vaxta qədər 68 yaşlı Rusiya liderinin 72 yaşı olacaq və o, işini 84 yaşında bitirəcək.

 

Təklif irəli sürüldükdən dərhal sonra Putinin özü Dumaya çıxdı, danışığından aydın oldu ki, o, Konstitusiyada bir şəxsin bir neçə dəfə prezident olmasına qoyulan qadağanın əleyhinədir və özü üçün prezidentlik müddətinin ləğv edilməsini istisna etmir. Amma Konstitusiya Məhkəməsi qərar verməlidir.

 

Putinin çıxışından sonra səsvermə keçirildi, 380 nəfər lehinə, 43 nəfər əleyhinə, 1 nəfər isə bitərəf olmaqla, təklif qəbul edildi. Növbəti mərhələdə aprelin 22-də Ümumrusiya səsverməsi keçirilməli və Konstitusiya Məhkəməsi qərar verməlidir.

Beləliklə, Putinin prezidentlik müddətindən sonra yeni idarəetmə sistemində özünün ali hakimiyyətini təmin etmək üçün, Rusiya hökumətinin keçən il Birlik Müqaviləsini imzalamaq məcburiyyətində qaldığı Belarus Prezidentini “sıxmasına” ehtiyac qalmadı. Putinin yanında xüsusi səlahiyyətləri olan Dövlət Şurası yaratmağa da ehtiyac yoxdur. Artıq davamlılıq məsələsi aradan qalxdı - Putin Putini "işə götürdü".

 

Qeyd edək ki, hələ bir ay əvvəldən məlumatlar yayılırdı ki, Vladimir Putinin 2024-cü ildə növbəti dəfə seçkilərə getməmək üçün yeni siyasi sistem quracaq. Daha sonra prezidentlik müddətinin ləğv ediləcəyi xəbərləri yayıldı. Bir neçə gün əvvəl isə Kreml sahibi İvanovo sakinləri ilə görüşdə hakimiyyət müddətini uzatmaq üçün heç bir sxemə getməyəcəyini açıqladı: “İmkanlarımı qorumaq üçün yeni sxemlərə keçilməsi ölkəmə mənfi təsir göstərə bilər”.

 

Amma gördüyümüz kimi, tamam fərqli mənzərə ortaya çıxdı. Növbəti dörd illik prezident seçkilərinə qədər, bu müddət ərzində hələ çox “su sızacaq” və nə olacağını heç kim bilmir. Bəlkə də prezidentliyə namizəd  belə, olmayacaq. Ancaq hər halda, indi Putin hakimiyyətini davam etdirə biləcəyi inamına sahibdir.

 

Lakin bəri başdan bu haqda fikir yürütmək çətindir. Hazırda ortada belə bir variant var: Putin martın 18-də düzəlişləri imzaladıqdan və aprelin 22-də məlum səsvermə keçirildikdən sonra, Dövlət Dumasına növbədənkənar seçkilər 2020-ci ilin sentyabrında keçiriləcək. Elə növbədənkənar prezident seçkiləri də orada təyin edilə bilər. Əlbəttə ki, bunları müvafiq olaraq “Vahid Rusiya” və Vladimir Putin qazanacaq.

 

Belə bir sxem, Putinin özü haqqında söylədiyi “sabitliyi qorumaq” üçün mütləq bir göstəriş sayıla bilər, ancaq onu "yumşaq çevriliş" kimi də qiymətləndirmək olar. Bir şey dəqiqdir ki, Rusiyada ömürlük bir prezident meydana çıxır və o, hakimiyyətdən, yalnız özü istədiyi halda gedə bilər.

 

Siyasi müşahidəçilər isə vəziyyəti belə izah edirlər: “Dava üsyanla sona çatacaq. Putin inqilabın əsasını qoydu. O, səlahiyyət müddətinin uzadılması ilə ölkəni məhkumluğa düçar etdi”.

 

Xatırlayırsınızsa, ötən həftə Putin OPEC ilə sövdələşmədə iştirakdan imtina edərək, neft bazarını təhrik etdi. Onun ardınca rubl çökdü və nəhayət, Kreml başçısı faktiki olaraq özünü ömürlük prezident elan etdi. Yeri gəlmişkən, bəlkə də Putin insanlar üçün “xoşbəxtliyin düsturunu” tapdı: hər şeyi - nefti, rublu, müddəti ləğv etmək və hər şeyə sıfırdan başlamaq!

Müəllif: Mira Həsənova      12 Mart 2020 13:42
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin