Vətəndaşlarla "Azərsu" arasında çəkişmə: Hər iki tərəf İNSAF tələb edir

Vətəndaşlarla "Azərsu" arasında çəkişmə:           Hər iki tərəf İNSAF tələb edir

Yaşma sakinləri suyun içində boğulur, aidiyyəti qurum isə deyir ki, "kəndlərə kanalizasiya çəkilməsi planda yoxdur"

 

Xızı rayon Yeni Yaşma kənd sakini Yeganə Geno qızı Quliyeva AYNA-nın redaksiyasına müraciət edib. Onun sözlərinə görə, kənddəki bütün evlərin qarşısında dənizi xatırladan su gölməçələri yaranıb: “Özümüz bu gölməçələrin nədən qaynaqlandığını bilirik. Ehtimal edirik ki, kənddə kanalizasiya sistemi olmadığına görə belə acınacaqlı vəziyyət yaranır. Amma müraciət etdiyimiz qurumlardan şifahi olaraq bildirirlər ki, gölməçələrin yaranmasına səbəb yağış suyudur, bu barədə rəsmi şəkildə isə cavab vermirlər. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyində qəbula yazılmışam, müraciət edəcəyəm ki, mütəxəssislər göndərilsin, gəlib araşdırsınlar və rəsmi olaraq bildirsinlər ki, həqiqətən də gölməçələrə yağış suyu yığılır”.

“Düzdür, əvvəllər də yağış yağanda küçələr palçıq olurdu, ancaq belə vəziyyət yaranmırdı. Yol çəkiləndən sonra palçıq problemi aradan qalxdı, gölməçə əzabından isə xilas ola bilmirik. Məntiqlə düşünəndə belə anlaşılır ki, yağış suyu bu boyda gölməçələrin yaranmasına rəvac verə bilməz. Kanalizasiya yoxdur deyə, kənd sakinləri artıq 30 ildir ki, quyudan istifadə edirlər, artıq torpaq da doyub. Elə kənd sakini var ki, həyətində bir qarış da qazılmamış yer qalmayıb, quyu qazıblar, dolandan sonra üstünü bağlayıb, başqasını qazıblar. Üstəlik, məcburiyyətdən həmin torpaqda təsərrüfatla məşğuldurlar, o həyətdə becərdiyi məhsullardan qidalanırlar”, - deyə şikayətçi bildirir.

Y.Quliyeva qeyd edir ki, indiyədək problemlə əlaqədar aidiyyəti qurumlara da müraciətlər ediblər: “Kənd icra nümayəndəliyindən tutmuş, Xızı Rayon İcra hakimiyyətinə, “Azərsu”yadək müraciət etmişik. Müraciətlərimizə, eləcə də rayonların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının olmasına baxmayaraq, heç bir nəticə yoxdur. Kənd bələdiyyəsindən də bildirirlər ki, problemin aradan qaldırılması üçün nə edəcəklərini bilmirlər. Bizə həyətə yığılan suyu başqa əraziyə vurmağı məsləhət görürlər. Halbuki, biz suyu başqa əraziyə vursaq, problem həll olunmayacaq, əksinə qarşıdakı həyətləri su basacaq. Təbii ki, o zaman da qonşular arasında narazılıq yaranacaq”.

 

“Qeyd edim ki, bu kənd, təxminən, 30 il əvvəl Qərbi Azərbaycandan gəlmiş qaçqınlar üçün salınıb və bu kateqoriyadan olan insanlar bu gün də ölkə başçısının diqqətindədir, ancaq biz səsimizi çatdıra bilmirik, imkan vermirlər. Hansısa problemimiz olanda ölkənin ən ali instansiyalarına belə, müraciət etmişik, müsbət cavab almışıq, amma yerli icra hakimiyyəti başçısının belə, qəbuluna düşə bilmirik. Bircə dəfə telekanal problemimizi işıqlandıranda rayon icra başçısı məni qəbul etdi, ondan sonra nə özünün, nə müavininin qəbuluna düşə bilirəm”, – deyə kənd sakini vurğulayır.  

Şikayətçinin dediyinə görə, problem indiyədək müxtəlif kütləvi informasiya vasitələrində, bir neçə telekanalda, sosial şəbəkə səhifələrində işıqlandırılıb: “Ancaq “Azərsu”dan məsələyə heç bir münasibət bildirilməyib. Anlaya bilmirik ki, “Azərsu” ASC-nin bu kəndin sakinləri ilə problemi nədir. Başa düşürəm, dövlət proqramında nəzərdə tutulub ki, bu layihə 2019-cu ildən 2023-cü ilə arasında icra olunmalıdır. Ancaq onu da anlayırıq ki, qanun istisna hallara imkan verir. Əgər bu problem yağış suyundan qaynaqlanırsa belə, ciddi tədbir görülməlidir. Qış girmədən biz suyun içində boğuluruqsa, yağışlar intensivləşəndə aqibətimizin necə olacağını təsəvvür etmək çətin deyil”.

Image result for Xızı Rayon İcra Hakimiyyəti

Quliyevanın şikayəti ilə bağlı Xızı Rayon İcra Hakimiyyətinin (RİH) mövqeyini öyrənməyə çalışdıq. Zəngimizə RİH-in vətəndaşların müraciəti üzrə şöbəsinin müdirini əvəz edən Ceyhun İsgəndərov cavab versə də, Yaşma kənd sakinlərinin problemi barədə məlumatsız olduğunu dedi: “Mən iki gündür ümumi şöbənin müdirini əvəz edirəm, o barədə məlumatım yoxdur. Məktubları, müraciətləri araşdırım, sizə günün sonunda dəqiq məlumat verəcəyəm”.

 

Bu cavabın ardınca C.İsgəndəov, “Məndə olan məlumata görə, o xanım uzun müddət idi heç orada yaşamırdı”, deyə qeyd etdi. Aldığımız bu cavabın ardınca ona, “əgər problem barədə xəbəriniz yoxdursa, şikayətçi barədə necə məlumatlısınız?” sualını ünvanladıq. Təbii ki, icra hakimiyyətinin nümayəndəsi bu sualımıza da tutarlı cavab verə bilmədi, sadəcə şikayətçinin adının tanış gəldiyini bəhanə gətirdi.

 

Günün sonunda isə C.İsgəndərova dəfələrlə zəng etsək də, telefonlarımıza, ümumiyyətlə cavab vermədi. 

Image result for “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

Şikayətçinin söylədiklərinə “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən də münasibət öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı problemdən xəbərdar olduğunu bildirdi: “Həmin xanım bu barədə sosial şəbəkələrdə də yazırdı, əraziyə getdik, kənd sakinləri ilə görüşdük. Onlara başa saldıq ki, "sizin kənddə su var, ancaq elə kəndlər var ki, camaat uzun məsafələr qət edərək əlləriylə, ulaqla, maşınla su daşıyırlar, insafınız olsun, digər kəndlərə su çəkək, sonra sizə də kanalizasiya çəkərik". Kənd sakinlərinin böyük əksəriyyəti bizimlə razılaşdı. Ancaq həmin qadın dayanmadan şikayətlər edir, bütün KİV-lərə yazır, bizi başa düşmək istəmir".

 

“Azərsu” sözcüsü onu da əlavə etdi ki, sözügedən kəndə kanalizasiya çəkilməsi məsələsi hələ gündəmdə deyil: “Keçən il o kəndə mərkəzləşmiş su şəbəkəsi çəkilib, 2 nasosxana tikilib, hər bir evə sayğac qoyulub. Hələ regionlarda içməli sudan əziyyət çəkən yüzlərlə kəndimiz var. İlk növbədə həmin kəndlərin su problemini həll etməyə çalışırıq. Kanalizasiya probleminə isə ondan sonra baxılacaq. Ümumiyyətlə, kəndlərə kanalizasiya çəkilməsi hələ planda yoxdur”.

Müəllif: Rumiyyə Miraslan      12 Dekabr 2019 10:14
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin