"Dilqəmlə Şahbazı girovluqdan azad etməyin bircə yolu var"

"Dilqəmlə Şahbazı girovluqdan azad etməyin bircə yolu var"

Beynəlxalq münasibətlər üzrə şərhçi: "Dilqəm Əsgərov Rusiyaya aid cib telefonu işlədirdi və onların yeri Rusiyanın mobil operatoru vasitəsilə təsbit edilmişdi"

 

Son günlər, 2014-cü ilin iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin məsələsi yenidən aktuallaşıb. Belə ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Dilqəm Əsgərov və Şahbaz Quliyevə həsr edilmiş tədbir keçirilib. AŞPA-dakı nümayəndə heyətimiz hər iki azərbaycanlı girovun azad edilməsi məqsədilə Avropa Şurasının Baş katibinə, Avropa Şurası Parlament Assambleyasına və qurumun İnsan Hüquqları üzrə Müvəkkilinə bəyanat ünvanlayıblar.

 

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov beynəlxalq qurumlardan atasının səhhətinin nəzərə alınmasını və tezliklə azadlığa qovuşması üçün tədbirlər görülməsini istəyib. Həmçinin millət vəkili Qənirə Paşayeva AŞPA-da Azad Müzakirələr zamanı AŞPA-nı Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması üçün Ermənistana təzyiq etməyə çağırıb.

 

Bunun ardınca isə ATƏT-in Minsk qrupunun həmsədrləri əsir və girovların dəyişdirilməsi ilə bağlı bəyanat yayıblar. Eyni zamanda, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevlə görüşüb.

 

Bütün bunlara baxmayaraq, girovların ailələri bu dəfə də nə Dilqəmdən Əsgərovdan, nə də Şahbaz Quliyevdən yeni foto, video və ya məktub ala bilməyiblər. Artıq iki ilə yaxındır ki, girovların ailələrinə ancaq şifahi məlumat verilir.

 

Bu isə o deməkdir ki, soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin 6 ilə yaxındır erməni girovluğunda olması Azərbaycan üçün qırmızı xətt təşkil edən məsələlərdəndir. Düşmən tərəf bir çox məsələlərdə olduğu kimi, girovluqda olan soydaşlarımızla bağlı məsələdə də beynəlxalq hüququn bütün qaydalarını çeynəyib. Həmçinin beynəlxalq razılaşmaları icra etməkdən boyun qaçırır.

 

Belə olan halda, Azərbaycan tərəfinin Dilqəm Əsgərov və Şahbaz Quliyevi girovluqdan azad etmək üçün hansı çıxış yolu qalır? AYNA-nın bu sualını beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli cavablandırıb.

Картинки по запросу əziz əlibəyli

Ə.Əlibəyli bildirib ki, Avropa İnsan Haqları Məhkəməsinə ümid etmək olardı, ancaq müraciət nəticəsiz oldu. Həmçinin BMT konvensiyalarına da müraciət uğurla tamamlanmadı: “Biz Dilqəmlə Əsgərovla Şahbaz Quliyevə qədər ermənilər üçün daha dəhşətli nəticələrə səbəb olan iki millli qəhrəmanımızın - Mübariz İbrahimov və Çingiz Qurbanovun cənazələrini ala bilmişdik. Amma Dilqəm və Şahbaz məsələsində ermənilər bizə mesaj vermək istəyirlər”.

 

Müsahibimiz düşmənin hansı mesajları vermək istədiyinə də aydınlıq gətirib: “Birinci, Dilqəmgil öz dədə-baba yurdlarına qayıtmışdılar. Yəni Qarabağı unutmayan nəsil hələ də var. İkincisi, onlar cəbhə xəttini rahat keçmişdilər. Demək ki, təmas xəttində boşluq mövcuddur. Üçüncüsü, onlar mülki əhalinin nümayəndələridir. Bu da o deməkdir ki, görün, mülki əhalisi belə olan Azərbaycanın hərbçisi nəyə qadir ola bilər. Dördüncüsü, Dilqəm Əsgərov Rusiyaya aid cib telefonu işlədirdi və onların yeri Rusiyanın mobil operatoru vasitəsilə təsbit edilmişdi. Bununla da Ermənistan bir daha göstərdi ki, Azərbaycan qarşısında tək deyil”.

 

Ə.Əlibəylinin fikrincə, erməni tərəfinin məqsədi məlumdur: “Girovları oradaca öldürmək və Azərbaycana axıra qədər gözdağı vermək istəyirlər. Buna baxmayaraq heç kim Azərbaycan tərəfinin preventiv zərbə haqqını əlindən ala bilməz, həm də öz torpağında”.

 

Beynəlxalq münasibətlər üzrə şərhçi düşünür ki, bu məsələni həll etməyin ancaq bir yolu var: “Dilqəmlə Şahbazı qaytarmağın yolu nə danışıqlardır, nə də diplomatik addımlar. Bunun yolunu isə Azərbaycan hərbçisi daha yaxşı bilir”.

 

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Müəllif: Rumiyyə Miraslan      1 İyul 2019 17:58
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin