“Həyat yoldaşımın idmançı olmasını istərdim”

“Həyat yoldaşımın idmançı olmasını istərdim”

Nuranə Əliyeva: “İdman şəxsi həyatıma təsir edir - şəxsi həyatım yoxdur”

 

İdmançı deyəndə göz önündə cüssəli, qolugüclü kişilər canlanır. Amma bəzən elə idmançılar olur ki, xarici görünüşü ilə fiziki imkanları arasındakı fərq insanı heyrətləndirir. Hələ o, xanımdırsa...

 

AYNA-nın budəfəki müsahibi karate üzrə milli komandamızın üzvü, 50 kiloqram çəki dərəcəsində döyüşən Nuranə Əliyevadır.

- Nuranə xanım, uzun illərdir karate idman növündə milli yığmanın üzvüsünüz. Bu qədər müddətdə dayanmadan məşq etməkdən, döyüşməkdən yorulmamısınız?

 

- Artıq 11 ildir karate idman növündə məşq edirəm. Doğrusu, hər işin öz çətinliyi olduğunu düşünürəm. Bəli, karate idman növü də çox çətindir. Amma mənim üçün artıq gündəlik həyat tərzimə çevrilən idman çətinlik törətmir. Yalnız zədələrim mənə problem yaradır. Zədələr olmasaydı, idman mənim üçün ən zövqlü məşğuliyyət olardı.

 

- Hər gün eyni prosesin təkrarlanması bezdirici deyil?

 

- Əksinə, məşq etdikcə özümü daha xoşbəxt hiss edirəm. İdman mənim həyatımın ayrılmaz parçasıdır. İşsizlikdən bezə bilərəm, məşqdən isə əsla.

- Bu 11 il həyatınızda nəyi dəyişib?

 

- İlk illər mənim üçün çox çətin idi. Məşqlər ağır idi, dözülməz idi. Amma bu məşqlər məni daha da güclü etdi. İllər keçdikcə özümü daha güclü və dözümlü hiss etdim. Həyatımda dəyişən də bu oldu. Yəni özümü güclü hiss etməyə başladım.

 

- Gənc xanımlar şəxsi həyatlarına önəm verirlər. Sizin şəxsi həyatınıza idman mane olmur?

 

- İdman, deyəsən şəxsi həyatıma bir balaca təsir edir (gülür – müəll.). Çünki şəxsi həyatım yoxdur. Bütün fikrimi idmana yönəltmişəm. Hələlik şəxsi həyatdan qaçıram. Məşqlərlə sevgi alınmır. Həm də bunu qismətə bağlayıram. Xeyirlisi deyək.

- Qarşıdan Tokio-2020 olimpiya oyunları gəlir. Ora hazırlaşdığınızı bilirik. Bəzən məşhur idmançıların əksəriyyəti olimpiya oyunlarından sonra koryeralarına son qoyurlar. Belə fikriniz yoxdur?

 

- Düşünürəm ki, hələ çox gəncəm. Hələ idmanda çox söz deyə bilərəm. Ona görə hələlik idmanı atmaq fikrim yoxdur. 30-31 yaşa kimi karate idman növündə döyüşmək olar deyə düşünürəm.

 

- İdmançı qızların əksəriyyəti kobud olur. Amma siz əksinə, kənardan idmançı olduğunuz bilinməyəcək dərəcədə dəbli geyinirsiniz…

 

- Mən düşünürəm ki, insanın geyiminə görə ona qiymət vermək lazım deyil. Bəli, mənim məşq etdiyim idman növü kobudluq tələb edir. Amma bunu həyatıma sızdırmaqdan qaçıram. Çalışıram, zalda kobud olduğumu həyatda unudum və xanım kimi davranım. Bir sözlə, həyatda zərif olmağa çalışıram.

- Bu cür güclü qadının qorxuları varmı?

 

- Etiraf edim ki, var (gülür – müəll.). Mən təyyarədən çox qorxuram. İmkanım olsa, dünyanın hər yerinə maşınla gedərəm. Təəssüflər olsun ki, bu, mümkün deyil. Pozitiv insanam. Hətta problemləri də gülümsüyərək qarşılayıram. Bəlkə də problemlərə gülümsəyən az insanlardan biriyəm.

 

- Hər bir qadının xəyalında qurduğu kişi obrazı var. Nuranə xanımın idealı necədir?

 

- Utandırdınız məni (gülür – müəll.). Mənim üçün ürəyimə yatan biri olmaldır. Hə, bir də baxımlı biri olsa, əla olar. O ki qaldı həyat yoldaşımın idmançı olmasına, istərdim olsun.

Müəllif: Təranə Xudabaxşiyeva      24 Noyabr 2019 20:00
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin