Əsas səhifə Haqqımızda Xəbər lenti

“Artıq məndən soruşulmayacaq: məğlub xalqın yazarı niyə “Qazi” soyadı götürüb?”

“Artıq məndən soruşulmayacaq: məğlub xalqın yazarı niyə “Qazi” soyadı götürüb?”

Vahid Qazi: “Yaşamağa minimum şərait yaradılsa, birdəfəlik qayıtmaq fikrim var Ağdama

 

1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdamın böyük hissəsi işğal edildi. Ərazisinin 77,4%-i, yəni bir şəhər və 80 kəndi ermənilərin əlinə keçdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qaldı. Bu işğal rayona 13 milyard 135 milyon dollar məbləğində ziyan vurdu.

 

Lakin 2020-ci il noyabrın 20-də Ağdam işğaldan azad edildi. Qarabağın mərkəzində yerləşən Ağdamın azad edilməsi ilə ərazi bütövlüyümüzün bərpasına daha da yaxınlaşdıq.

 

Təbii ki, Ağdamın işğaldan azad edilməsi bütün Azərbaycan xalqının sevincinə səbəb olub və böyük coşğu ilə qarşılanıb. Bu xəbərə ən çox sevinənlərdən biri də, 1968-cı ildə Ağdam şəhərində dünyana gələn yazıçı-publisist Vahid Qazidir. O, təəssüratlarını AYNA ilə bölüşüb:

QAZILER: Ещё раз к армянским манипуляторам и фальсификаторам

- Həyat insana əvvəllər yaşatmadığı, yeni-yeni duyğular dadızdırmağıyla gözəldir. Təptəzə bir duyğudur bu. Hələ tuta, anlaya bilmirəm. Bir suyu qəfil sevgi kimidir, amma tam o da deyil. “Konqlomerat hisslərin məcmusu” deyim. Nədirsə, xoşdur, uzun müddət tərk etməməsini istəyirəm.

 

- Uşaqlıq və gənclik dövrünüzün Ağdamını necə xatırlayırsız?

 

- Bu, bir cümləlik deyil, bir kitablıqdır. O haqda ətraflı “Ruhlar şəhəri” kitabımda, qısmən “Çöl Qala”da və Qarabağ esselərimdə yazılıb.

 

- Ağdamın işğal və azad edilmə xəbərini eşidəndə keçirdiyiniz hisslər arasındakı əlaqə…

 

- İşğal xəbəri şok effekti yaratmışdı. Onu işdə eşitmişdim. Arif Rəhimzadə təzə dövlət müşaviriydi onda. Onun heç bir iş görməməsi, işğala reaksiya verməməsi məni dəli eləmişdi. Həmin gün onu təhqir edib, Prezident Aparatındakı işimdən birdəfəlik getdiyimi xatırlayıram. Azad olunma xəbərini eşidəndə isə ilk ağlıma bu fikir gəldi. Dedim: Ta bir də mənə heç kim “Məğlub xalqın yazarı niyə “Qazi” soyadını götürüb?” deyə sual verməyəcək!

 

- Ağdamın azad ediləcəyini görəcəyinizə inanırdız?

 

- Ən ümidsiz vaxtlarda, Qarabağ mövzusu cəmiyyətin gündəliyində “cari məsələlər” sırasına düşəndə belə, inamım itməyib. Mənim yazılarımda ümidsiz bir cümləyə rast gəlməzsiniz.

 

- Uzun müddətdir ki, ölkədən kənarda yaşayırsız. Yenidən Ağdama qayıtmaq, doğma el-obaya baş çəkməyi düşünürsüz?

 

- Əlbəttə! Uşaqlar bilet axtarırlar, münasib gündə gələcəm, Cıdır düzünə, Ağdamın salamat qalan tək tikilisinə - məscidinə əlimlə toxunmaq istəyirəm. Yaşamağa minimum şərait yaradılsa, birdəfəlik qayıtmaq fikrim də var Ağdama. Yəqin heç olmasa, yerli qəzetdə bir iş tapılar mənə.

 

- Ağdamın və ümumi Qarabağın işğaldan azad edilməsi yaradıcılığınızda əks olunacaqmı?

 

- Yaradıcılıq yazarın intim dünyasıdır, o dünyanı qurub bitirməyincə kimisə ora buraxmaq düz deyil. Olarsa, bitərsə, hamını həvəslə dəvət edərəm. Sağlıq olsun. Bir onu deyim ki, “Gəlmə” yarımçıq qalıb. Onu bitirməyə çalışacam.

Müəllif: Mərahim Nəsib      5 Dekabr 2020 22:30
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin