Əlisilahsız müharibə və ya arxa cəbhə daha müdafiəsizdir

Əlisilahsız müharibə və ya arxa cəbhə daha müdafiəsizdir

“Heç olmasa, ön xətdə operativ informasiya hazırlamağı, reportyor qruplarının hadisə yerlərinə səfərlərini təşkil etmək lazımdır”

 

Müharibə təkcə səngərdə getmir. Əli silahda olan əsgər postda canlı-qanlı düşmənlə üz-üzə dayanarkən, arxa cəbhədə informasiya müharibəsi də öz işini görür. Əli internetə və informasiyanı ötürəcək hər hansı qurğuya çatan şəxs bu müharibənin iştirakçısına çevrilir. Bu məqamda isə KİV nümayəndələri informasiya müharibəsininin əsas və aparıcı qüvvəsi rolunda çıxış edir.

 

Bəs görəsən, hazırda Tovuz istiqamətdində baş verən döyüşlərlə bağlı vəziyyət necədir? KİV nümayəndələri informasiya savaşında qələbə qazanmağımız üçün nələrə diqqət etməlidirlər? AYNA məsələyə aydınlıq gətirməyə çalışıb.

Bahəddin Həzi adlı şəxsin şəkli.

“Bizim Yol” qəzetinin təsisçisi və baş redaktoru Bahəddin Həzi fikirlərinə "Döyüşlərimiz təki uğurlu olsun, mediamız uğurlu olmasa da olar" deyə başlayır: “Amma bu müharibə indiki informasiya əsrində təkcə ön cəbhədə, əldə silahla qazanılmır, informasiya cəbhəsi də var. Artıq təcrübədən bilirəm ki, bu cəbhədə mediamız istəsə də (ki, çox istəyir), uğurlu ola bilmir. Biz Müdafiə Nazirliyinin verdiyi məlumatlara əsaslanmalıyıq. O məlumatlar da kifayət qədər dolğun deyil. Adi vaxtlarda jurnalistlər ön cəbhənin həndəvərinə buraxılmır. O da ola döyüş vaxtı. Hesab edirəm, heç olmasa, ön xətdə - Qarabağda və Ermənistanla sərhədlərdə düşmən təxribatları nəticəsində belə vəziyyət yarananda - barı belə anlarda operativ informasiya yaratmaq, reportyor qruplarının hadisə yerlərinə səfərlərini təşkil etmək olar”.

 

“Qarşı tərəf informasiya, dezinformasiya demir, dayanmadan məlumatlar yayır, sosial şəbəkələrdə paylaşımlar edir. Biz bu baxımdan uduzuruq. Rəsmi qurumlar nəinki sosial şəbəkələrdə, heç mediada operativ və dolğun xəbər bolluğu yaratmadığından, xaricdən maliyyələşən və Azərbaycan auditoriyasına hesablanmış media quruluşları, blogerlər, youtuberlər daha çox izləyici marağı çəkir. Çünki yalan-doğru - fərqi yoxdur, alternativ xəbər və şərhlər orada yayılır. Sanki 90 dəqiqə futbol oynamalı olan komandalardan biri rəqibin əks hücumu vaxtı meydanı tərk edib tamaşaçılara qoşulur. Bu səbəbdən biz yetərincə keyfiyyətli informasiya mühiti yaratmaqda çətinlik çəkirik. Eyni zamanda mediada, sosial şəbəkələrdə ön cəbhədə döyüşlər gedən ərazilərdə ön xəttə dair hərbi sirr sayıla biləcək məlumatlara rast gəlinir. O ərazilərdə yaşayan və oraları tanıyan adamlar paylaşımlarında ehtiyatlı olmalıdırlar. Bizim postlarımız yerləşən strateji yüksəkliklərin, ətrafdakı yaşayış məntəqələrinin nəinki adları, hətta təsviri verilir, bunu etmək olmaz”, - baş redaktor deyib.

 

“Aprel döyüşləri ilə müqayisədə Tovuz istiqamətində 12 iyuldan başlayan döyüşlərlə bağlı informasiya savaşında hansı fərqləri müşahidə edirsiniz?” sualına B.Həzi belə cavab verib: “Aprel döyüşləri miqyasca daha geniş hərbi əməliyyatlar teatrını əhatə edirdi. Həm də o döyüşlər işğal olunmuş ərazilərimizdə getdi, indiki insidentlər isə Ermənistanla sərhəddə baş verir. Bu da tamam fərqli, xüsusi bir yanaşma tələb edir”.

 

Müsahibimiz daha diqqətli olmağımızı vacib hesab edir: “Yarım-yanlış xəbərlər, düşünülməmiş ifadələr çox şeyi çətinləşdirə bilər. Bəzən sosial şəbəkədə elə öz soydaşlarımız (həm daxildə, həm xaricdə) elə "xəbər" və şərhlər verirlər ki, elə bil, Azərbaycan ordusu Ermənistana hücum edir. Halbuki əksinədir. Yaxud döyüşlərin qızğın yerində deyirlər ki, bu, oyundur-filan. Koronavirusa da oyun deyənlər var idi (yəqin hələ də var), amma görürsünüz, nə qədər insan yaşamını itirir. Bunlar incə məsələlərdir. Qızğın döyüş gedir, bir anlıq təsəvvür edin. Biz də buna "oyundur" deyirik. Öndəki olmasa da, arxadakı əsgərlərə bu söhbət gedib çatsa, yaxud döyüşdəki əsgər və zabitlərin ailələri bunları oxusa, eşitsə, nə əhval yaranar?!”

 

“Belə fikirlər, daha doğrusu, şayiələr düşmənə bilmədən-istəmədən kömək etmək deməkdir. Aprel döyüşlərində də, indi də belə hallar var. Bunu aradan qaldırmağın yolu hərbi xarakterli informasiya mənbələrinin daha çox və daha operativ, təbii ki, dəqiq xəbər yayması və xəbər axınının operativ və sistemli idarə olunmasıdır. Bu sahədə problemlərimiz var. Ümumən götürəndə əsasən mediamızın hadisələrə məsuliyyətli yanaşması var”, - deyə Həzi vurğulayıb.

Baş redaktor vəzifədən getdi

Jurnalist Zahid Nurəliyev 12-13 iyulda baş verənlərlə bağlı yerli mediamzın mövqeyini qənaətbəxş hesab edir: “Toqquşmalar rəsmi informasiyalar əsasında işıqlandırıldı. Mən medianın, daha dəqiqi, informasiya agentlikləri, elektron KİV və yazılı medianın fəaliyyətində nəzərəçarpacaq yanlışlıqlar görmədim. Operativlik, dolğun informasiya çatdırmaq baxımdan qüsurlar var idi. Hazırda əməliyyatlar davam edir, həmin bölgədə KİV təmsilçiləri var və bu gün qeyd etdiyim istiqamətdə irəliləyişlər var”.

 

“Ümumiyyətlə, Müdafiə Nazirliyi mətbuatla işi gücləndirməlidir, jurnalistlərin əməliyyat bölgəsinə ezam olunmaları məsələsi həll olunmalıdır. Sosial media və bəzi blogerlərin fəaliyyətində yanlışlıqlar oldu. Erməni KİV-lərinə fikir versək, bu yanlışlıqların nədən ibarət olduğunu görə bilərik. Bəzi blogerlər və sosial şəbəkə istifadəçilərinin, qrup adminlərinin yaydıqları yanlış informasiyalardan (xüsusən, torpaq və canlı itkilərimiz barədə) erməni KİV-ləri yararlanmağa çalışdı. Mən hamını cəbhədə baş verənləri işıqlandırarkən məsuliyyətli olmağı çağırıram”, - o deyib.

 

Nurəliyevin sözlərinə görə, 2016-cı ilin aprel döyüşləri 90-ci illərdən sonra cəbhə xəttində baş verən ən böyük qarşıdurma idi: “Və bu, bir təcrübə oldu. Ermənistanın hərbi texnika və canlı qüvvəsinə ordumuzun vurduğu zərbənin görüntüləri yayıldı. Düşmən xeyli itki verdi. Erməni tərəfi isə heç bir görüntü yaya bilmədi. Sadəcə, təəssüf ki, hələ də düşmənin nə qədər canlı qüvvəsinin məhv edildiyi barədə rəqəmlər yoxdur. Bu əməliyyat zamanı da ermənilərin panika içərisində olduğu sosial şəbəkələrdə açıq-aydın görünürdü. Ermənilər özləri 200-300 nəfər əsgərin məhv edildiyini bildirirdilər. Həm sosial şəbəkələr, həm də beynəlxalq miqyasda informasiya savaşı gedirdi və burada da Azərbaycan öndə idi”.

Əziz Əlibəyli: “Üç cəbhə açmaqla düşməni məhv etmək olar” - MÜSAHİBƏ

Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəylinin fikrincə, bir çox hallarda informasiya və xəbər anlayışları arasındakı fərq bilinmədiyinə görə problemlər yaranır: “İlk olaraq informasiya və onun daxilində olan elementlərdən ayrılmış detallarda xəbər üçün mütləq faktları ayırmaq lazımdır. Bir çox hallarda KİV nümayəndələrinin təqdim etdikləri xəbərlərin əksəriyyəti sosial şəbəkə resurslarına əsaslandığına görə, bu, informasiya təhlükəsizliyinə zərər vurulması ilə müşahidə edilir. Müdafiə Nazirliyi də rəsmi qurum kimi hadisələrə o qədər də adekvat açıqlamalarla çıxış eləmir. Əgər müqayisəli təhlil aparsaq, bu baxımdan düşmən tərəf daha cəld tərpəndiyinə görə bəzi hallarda bizim jurnalistləri qabaqlayırlar”.

 

Əlibəyli digər bir məqama diqqət çəkərək, müstəqil media anlayışı ilə informasiya təhlükəsizliyinin səhv salındığına da toxunub: “Xəbər birinciliyi və IP toplamaq “həvəsi” indiki vəziyyətdə çox böyük risk və təhlükəsizlik doğurur. Bunu da deyək ki, Aprel döyüşləri ilə müqayisədə informasiya təhlükəsizliyi indi daha yaxşı təmin olunub. Lakin mən hesab edirəm ki, bir çox məqamlarda sosial şəbəkədə yayılan məlumatlar KİV nümayəndələrinin yaydığı xəbərləri arxa planda qoyur. Çünki təəssüf ki, indiki vəziyyətdə KİV-in etibarlılığı cəmiyyətdə elə də yüksək indekslə ölçülmür”.

Müəllif: Aləmdə Nəsib      16 İyul 2020 21:01
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin