Azərbaycanla Fransa arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanla Fransa arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

İlham Əliyev Fransanın İqtisadiyyat və Maliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AYNA bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

 

Fransaya ötənilki uğurlu səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı Fransa Prezidenti Emmanuel Makron ilə keçirilən səmərəli müzakirələri Azərbaycanla Fransa arasında tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edən amil kimi dəyərləndirib. Prezident İlham Əliyev iqtisadi əməkdaşlığımızın uğurla inkişaf etdiyini bildirərək, bu baxımdan biznes əlaqələrinin və biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin önəmini qeyd edib.

 

Dövlət başçısı fransız şirkətlərinin Azərbaycandakı səmərəli fəaliyyətini qeyd edərək, onların sayının artmasından məmnunluğunu ifadə edib. Prezident investisiya sahəsində də yaxşı əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. İlham Əliyev Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib və bu səfərin əlaqələrimizin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

 

Brüno Lö Mer, ilk növbədə, Fransa Respublikasının Prezidenti Emmanuel Makronun salamlarını dövlətimizin başçısına çatdırıb. Brüno Lö Mer Bakının abadlığının və inkişafının onlarda xoş təəssürat doğurduğunu vurğulayıb. O, Fransa tərəfinin Azərbaycanla siyasi və iqtisadi sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib.

 

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bir daha vurğulanıb, münaqişənin nizama salınması ilə əlaqədar fikir mübadiləsi aparılıb. Görüşdə neft, qaz, nəqliyyat, infrastruktur, ekologiya və digər sahələrdə əməkdaşlıq və görüləcək işlər müzakirə edilib.

 

Dövlətimizin başçısı Fransa Respublikasının Prezidenti Emmanuel Makronun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Fransa Prezidentinə çatdırmağı xahiş edib.

Müəllif: Ayna.az      29 İyul 2019 15:26
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin