“Azərbaycanlı tələbələrə xüsusi güzəşt mümkün deyil” – Türkiyə səfirliyi

“Azərbaycanlı tələbələrə xüsusi güzəşt mümkün deyil” –     Türkiyə səfirliyi

Hüseyn Altunalan: “Xüsusi güzəşt edilməsi üçün əlavə qanun çıxarmaq, qərar qəbul etmək lazmdır

 

Bu günlərdə sosial şəbəkədə Türkiyədə qalan və geri dönə bilməyən azərbaycanlı tələbələrin acınacaqlı vəziyyətdə olması ilə bağlı məlumat yayılmışdı və məsələni dəqiqləşdirmək üçün qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələrlə əlaqə saxlamışdıq. Onlar da bu məlumatın doğru olduğunu bildirmiş və problemli məsələlərdən birinin də mobil telefonların qeyddiyat prosesi ilə bağlı olduğunu demişdilər.

 

Məsələni araşdırmaq üçün Türkiyədə təhsil alan bir neçə azərbaycanlı tələbə ilə əlaqə saxladıq. Tələbələrin sözlərinə görə, əgər telefonun qeydiyyat vaxtı bitirsə, əlavə bir neçə yüz manat qeydiyyat haqqı tələb olunur. Ki, bu da tələbələr üçün həddindən artıq böyük məbləğdir.

 

“Türkiyə ərazisinə daxil olduqdan sonra 120 gün vaxt verilir və bu müddət ərzində telefon işlək vəziyyətdə olur. 120 gün bitdikdən sonra isə telefon dərhal bağlanır. Telefonu qeydiyyatdan keçirmək üçün 1800 Türkiyə lirəsi (təxminən, 560 manat) dəyərində məbləğ tələb olunur. Bunun üçün poçta getməli, dövlət şifrəsi almalı, qeydiyyata düşməli və hesabında pul olmalıdır ki, telefon aktivləşsin. Əks halda, telefon qeyri-işlək olur. V bu, bütün əcnəbi vətəndaşlara aiddir. Yəni istər tələbə, istər iş adamı, istər turist olsun, fərq etmir, telefonu qeydiyyatdan keçirmək üçün hər kəs bu məbləği ödəməlidir”, - söhbətləşdiyimiz tələbələr bildiriblər.

 

Öyrəndiyimizə görə, telefon qeydiyyatı üçün qiymətin bu dərəcədə bahalaşması son bir ildə baş verib: “Yəni iki-üç il bundan əvvəl 200-250 Türkiyə lirəsi civarında olan qeydiyyat prosesi artıq 1800 lirədən çoxdur. Qiymətlərin bu dərəcədə kəskin bahalaşması qəfildən oldu və bu barədə heç bir açıqlama verilmədi, səbəb göstərilmədi”.

 

Görəsən, bu məsələdə, pandemiya dövründə çətin şəraitdə yaşayan həmyerlilərimiz üçün qardaş ölkənin hansısa bir güzəşt edə bilməsi mümkündürmü?

 

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Altunalan AYNA-ya açıqlamasında bu məsələnənin mümkünsüz olduğunu edib: “Yəni, sırf tələbələrə xüsusi güzəşt edilməsi üçün əlavə qanun çıxarmaq, qərar qəbul etmək lazmdır. Ki, bu da mümkünsüz haldır”.

 

“Azərbaycana gələn Türkiyə vətəndaşları var idi ki, koronavirusa görə Türkiyəyə qayıda bilmədilər. Lakin geri qayıdarkən, verilən müddət bitdiyi üçün Azərbaycan tərəfinə cərimə ödədilər. Çünki qanuna görə, onlar bu cəriməni ödəmək məcburiyyətində idilər. Amma onlara güzəşt edilməsi üçün gərək, əlavə qərar qəbul ediləydi ki, bu da mümkün deyildi”, - səfirlik sözçüsü bildirib.

 

“Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin məsələsi də eynən bunun kimidir. Çünki bu, ölkədaxili məsələdir və buna ölkə səviyyəsində baxılmalı, qanun qəbul edilməlidir”, - Altunalan əlavə edib.

Müəllif: Mərahim Nəsib      22 May 2020 13:28
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin