Muəllif:

Nə üçün bu cəmiyyətin 6-cı təlimə ehtiyacı var?..

 

Yəqin bilənlər bilir, bilməyənlər üçün də, polislərimiz demiş, tərəfimizdən ərz edək ki, müasir psixologiya elmində beş əsas istiqamət var: biheviorizm, qeştalt-psixologiya, psixoanaliz, humanist psixologiya və transpersonal psixologiya.

Bəli, hər bir normal adam (belələrinin davranışını psixologiya, xəstələrinkini isə psixiatriya öyrənir) tamamilə əmin ola bilər ki, yaşadığı bütün hiss və həyəcanları, nə bilim, dürlü, çeşidli affektləri və daha nə bilim, nələri və nələri — məhz bu beş təlim əsasında çözmək mümkündür.

Üstəlik, psixologiya özünü təkcə individlərlə — fərdlərlə məhdudlaşdırmır və demək olar ki, beş təlimdən hər biri kollektiv patalogiyaları da – cəmiyyətlərin, etnik və dini qrupların da davranışını öz anlayışları və metodları çərçivəsində çözməyə çalışır. Amma bircə ciddi və vacib qeydlə ki, buna yalnız həmin təlimlərin həqiqi biliciləri iddia edə bilər və bir daha tərəfimizdən ərz edək ki, özümüzü belələrinə aid etmək haqda heç düşünmürük də…

Amma adi məişət səviyyəsində və ya gündəlik həyatda demək olar ki, hamımız özümüzü bu və ya digər dərəcədə psixologiya biliciləri sayır və özümüzdən fərqlənən insanları və qrupları guya ki, həmin “psixologiya”nın köməyilə başa düşməyə və yaxud yozmağa çalışırıq.

Etiraf edirik ki, elə özümüz də tez-tez bu cür cəhdlərdə bulunur, insanlarımızı və ya cəmiyyətimizi bildiyimiz beş-üç terminin köməyilə guya ki, bir daha təsnif etməyə cəhd edirik.

Səbəb də budur ki, illərlə bizə elə gəlib ki, cəmiyyətimizin davranışı, xüsusən də ölkədə hakimiyyət — cəmiyyət müstəvisində baş verənlər məntiqli yozuma gəlmir, bunu nə normal psixi “ustanovka”larla, nə də sosial-psixoloji tiplərlə, məsələn, homosoveticus kimi tarixi-psixoloji qəliblərlə çözmək olur.

Ona görə ki, hətta post-sovet məkanı deyilən ictimai arealda belə vəziyyət fərqlidir: insanlar ya güclü və fəal olduqlarından azad-xürrəmdirlər, ya da belə olmadıqlarından buxovdadırlar. Amma o halı ki illərdir, özümüzdə müşahidə edirik, o, daha çox könüllü təslimliçiliyə bənzəyir, sanki insanlarımız, ümumiyyətlə, hakimiyyətdən və ya dövlətdən sorğulu deyillər, sanki onlara kiçicik azadlıq və ya da aşkarlıq belə on ikinci barmaq kimi lazımdır, sanki bunlar tamam fərqli koordinat sistemində qərarlaşıblar…

Məsələn, yaxın günlərdə eşitdik ki, “Gürcü arzusu” koalisiyasının lideri B.İvanişvili öz namizədləri üçün həmvətənlərinin səsini almaq üçün ən son varianta əl atmağı qərar aldı – o, bir xeyli insanın kredit borclarını silməyə qərar verib, bu isə nə az, nə də çox, təxminən 500 milyon dollar deməkdir. Düzdü, İvanişvili bunu seçkidən sonra – dekabrın 15-dən sonra etməyə qərar veribdi, seçkilər isə bildiyiniz kimi, noyabrın 28-də oldu…

Fəqət, bizi məşğul edən bu deyil. Bildiyimiz odur ki, bizim millətimiz pula, ticarətə, qazanmağa çox hərisdi – təbii ki, bütün müsəlman qövmləri kimi. Hələ Peyğəmbər həzrətləri ümmətinin bu xüsusiyyətini bilirmiş və hələ onda deyibmiş ki, mənim ümmətim dünya malına çox hərisdir…

Amma bu da əsas məsələ deyil. Bilirəm, səbriniz son şkalanı vurur və hayqırmaq istəyirsiniz ki, əşi, onda deyil, bunda deyil, bəs nədədir? Bəli, əsas odur ki, siyasi fəallığın, seçkidə, siyasi və ictimai həyatda fəal olmağın ən azı bu tərəfi də var – İvanişvili kimi bir adam meydana çıxıb bunun haqqını ödəməyə, kiminsə borclarını silməyə qərar verə bilər.

Amma kimə deyirsən? Hətta bu da bizim insanların siyasətə və ictimai proseslərə marağını artırmaq iqtidarında deyil.

Biz illərdir ki, bu fenomeni müşahidə edirik və bu illər ərzində çox yozumlar gəlib ağlımıza. Məsələn, illər öncə bizə “Kişi, özünə əziyyət vermə, liberalizm, liberal dəyərlər bizlik deyil” deyəndə cavab verirdik ki, çox böyük səhv edirsiniz, millətimiz qədər ikinci “liberal” tayfa-cəmiyyət yoxdur, azərbaycanlıların demək olar ki, 90-95 faizinin hakimiyyətdən, özünün dövlətindən bircə umacağı var:“mənimlə işin olmasın, qalan hər şeyi özüm yoluna qoyaram!”…

Məsələn, bu yaxınlardaca növbəti büdcə qəbul edildi. Bir-iki deputatdan savayı bir adam maraqlandımı onunla?

Həmişəki kimi məmurlarımız dedilər ki, bəs, göz dəyməsin, builki büdcəmiz də “sosial yönümlüdür”, amma buyuranda ki, hətta Belarusda belə yeni doğulan uşaqlar üçün verilən müavinətlər və uşaq pulları Azərbaycandakından müqayisəyə gəlməz dərəcədə çoxdur, qayıtdılar ki: ”Belarusdakı demoqrafik vəziyyət Azərbaycandakından çox fərqlidir!”…

Amma bəs əslində vəziyyət necədir? Bütün MDB məkanında ən zəif sosial siyasət Azərbaycandadır, baxmayaraq ki, hər il büdcəmiz sosial-yönümlü adlandırılır, üstəlik, üzərrik də yandırılır ki, birdən göz dəyər….

Səbəb də heç də orada-burada “demoqrafik vəziyyət”in fərqli olmasında yox, bəlkə də digər amilin – bəli, demokratik vəziyyətin fərqli olmasındadır, çünki hətta bir az əvvəldə qeyd etdiyimiz avtoritar Belarusda da hakimiyyət və hökumət cəmiyyət qarşısında daha çox hesabatlıdır və ən əsas səbəb budur ki, o ölkələrdə Azərbaycandakı kimi məmurlar yoxdur — demokratiya olmasa da, hər halda ümumi mədəniyyət buna imkan vermir.

Azərbaycanda isə məsələ qəlizdir. Bəli, bizim transendental Azərbaycanda hər şey növbəti, bəlkə də altıncı psixoloji təlimin ümidinə qalıbdır. Ola bilsin ki, Z.Freyd kimi daha bir yəhudi, hətta mümkündür ki, öz Quba yəhudilərimizdən biri meydana çıxıb yeni psixoloji nəzəriyyə qoyacaqdır ortaya və bununla da hər şey yerini tapacaq, amma buna qədər öz “nəzəriyyə”mizlə yaşamalı olacağıq.

Nə qədər çəkəcək bu? Beş, yoxsa ki, əlli il? Təəssüf ki, kimsə bunu bilmir. Ona görə ki, bir kimsə bu ölkədən, onun insanlarından, xüsusən də ki, ölkəni idarə edən məmurlardan, tövbə, baş açammır ki, açammır…

Mən artıq çoxdandır, hüquqi dövlətdən, demokratiyadan danışmıram. Hər millətin ən azı bir yaşam tərzi olur; gəlin, biz də heç olmasa, bunu özümüz üçün tapaq, yoxsa ki, Vallah, girinc qalmışıq.

Mən bu sətirləri yazarkən neçə gün idi ki, bir gənc qadına qarşı baş vermiş şiddət hamı tərəfindən müzakirə olunurdu. Əlbəttə ki, insanların müzakirə açması, biganə olmaması yaxşı haldır. Amma çıxış yolu deyilmir, göstərilmir…

Baxın, ər ona xəyanət etmiş qadınını öldürməyəndə hamımız ona biqeyrət deyir, hətta əməlli-başlı salam da vermirik. Amma öldürəndə də qayıdırıq ki, bəs bu, feodalizmdir, quldarlıqdır, daha nə bilim, nədir…

Bəs onda necə olsun? Gəlin, ya bütün millətlər kimi XXI əsrə uyğun mədəni hüquq qaydaları ilə yaşayaq, ya da qayıdaq orta əsrlərə — meydan və küçələrdə camaatın gözü qarşısında insanları şaqqalayaq, başlarını kəsək! Seçim sizinkidir. Axır elə edək ki, bəlli bir qayda olsun, hərənin ağzından daha bir avaz gəlməsin – zira, ingilislər deyir ki, istənilən qayda qaydasızlıqdan yaxşıdır…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 76