Muəllif:

MƏN NİYƏ BU ÖLKƏDƏN GETMƏDIM…

“Ola bilməz, nə danışırsan? Ciddi deyirsən? İlahi, min şükür, heç olmasa, nəvələrim bir gün görər…”, – dəhşətli ağırlıq çökmüş, yod qoxuyan alaqaranlıq otaqda 150 kiloluq nəhəng bədənindən bir kiçik qucaqlıq dəri və sümük qalmış, ətli-əzələli, az qala bir metr diametri olmuş qolunda iynə sancmağa yer tapılmayan, gözləri bəlkə Marian çökəkliyinin dibinə qədər enmiş, bir zamanlar dünyaya sığmayan, indi hardasa yorğanın altında itib-batmış atamın taqətsiz səsi güclə eşidildi. Mənə elə gəldi ki, bu səs onun ağzından yox, o Marian çökəkliyinin dibinə enmiş, lakin hələ də həyat eşqi sönməmiş gözlərindən gəldi.

Kişiyə doğru əyildim, elə bildi, dediyini eşitməmişəm, sözü bir də necə deyəcəyinin əziyyətini indidən yaşayıb yenidən nəsə demək istədi, ancaq o sirli çökəkliyin dibinəcən enib gözündən öpdüm, eşitmiş olduğumu anladı, təkrar etməyəcəyinin sevincindən rahat nəfəs aldı, ancaq gözü doldu, yenə nəsə demək istədi, imkan vermədim: “Heç yerə getməyəcəyəm”, — dedim.

Elə bil adamın o əski heybəti, zəhmi qayıtdı, gözləri yenə o vahiməli baxışla dolub iriləşdi, sanki çökəkliyin üzünə çıxdı və lap o sağlam çağlarındakı kimi: “Dəli köpəyoğlu, dəli, səndən adam olmadı, olmayacaq da”, — deyə bildi, əsəbiləşdiyini hiss etdim, tezcənə sözümü dəyişdim:

— Əşi, sən hələ bir sağal, sonra gedərəm, qaçmır ki…

Dünyalarca sevindiyini hiss elədim, onu heç zaman tək qoymayacağımı anlamağı ürəyinə yatmışdı, üzünə xəfif, güclə sezilən, böyük əziyyət hesabına şəkillənən təbəssüm qondu və yenə o güclə eşidilən səsiylə “Sən aldığım nəfəssən, yediyim çörəksən…”, – deyə bildi…

***

Amerika Birləşmiş Ştatlarının üçüncü “sort” ölkələrin vətəndaşları üçün hər il keçirdiyi “Qrin kart” (ABŞ-da yaşamaq üçün verilən izn, “yaşıl kart”) uduşuna tam zarafata, eləcə, yoxlamaq üçün qoşuldum. Gərəkən blankları doldurdum, yolladım. Ancaq qəribə həyəcan keçirdim – hələ nəticəni bilməmiş, bunun ciddi, qeyri-ciddi olduğunu sınamamış özümü yol üstündə hiss elədim, az qaldı ürəyim gəlib ovcuma düşə.

Sabah uzun, qəribə bir nömrədən mobilimə zəng gəldi, kim olduğunu bilmədən açanda da həyəcanlandım. Bir xanımdı, ingilis ləhcəsiylə rusca danışırdı. Pərviz Cəbrayıl olub-olmadığımı soruşdu, bir az tərəddüddən sonra o olduğumu təsdiqlədim. Bəs dünən iştirakla bağlı göndərdiyim fikrimi təsdiqləyirəmmi? Təsdiqlədiyimi təsdiqlədim. “Özünüz haqda göstərdiyiniz bilgilərlə tanış olduq, sizin kimi biri bizi tam təmin edir”, — dedi, ciddi məqsədim olmasa belə, özümdən asılı olmadan qürurlandım.

Müəyyən zamandan sonra elektron poçtuma rəsmi məktub daxil oldu — qaliblər, şanslılar sırasına düşmüşdüm. Çoxlarının bir dünya pul töküb, min oyundan, min fırıldaqdan çıxıb, qürurunu ayaq altına ataraq əldə etmək istədiyi şey özü ayağıma gəlmişdi. Bir qəpiksiz. Ölkədən getmək üçün nə rüşvət verəcəkdim, nə turist kimi getdiyimi təsdiqləmək, viza ala bilmək üçün hesab açdırıb ora neçə minsə kimdənsə borc aldığım pulu yatıracaqdım, nə hansısa yük TIR-larının yüklüyündə ağır qutuların altında gizlənib sərhədləri keçəndə bir neçə dəqiqə nəfəs almadan boğulacaqdım, nə gedib polisə təslim olub aylarla, bəzən illərlə iyrənc kamplarda can verəcək, xoş gələcək üçün inanılmaz məşəqqətlərə dözəsi olacaqdım.

Bəli, işıqlı gələcək ayağımacan gəlib məndən sadəcə ABŞ səfirliyinə müraciət etməyimi istəyirdi. Ondan sonrakı prosedurlar bildirişdə açıq-aydın yazılırdı…

***

— Hə, bala, bir az özümə gəlim, sonra mütləq get, — kişi handan-hana, bir az dirçələndən sonra dilləndi, — həkim də dedi ki, daha bir şeyin qalmayıb, hər şey yaxşıdı. Söz ver ki, mən sağalandan sonra gedəcəksən…

— Əlbəttə, — bu dəfə atama təsdiqlədim, – sən sağalan kimi…

***

Mən heç yerə getmədim, ancaq atam getdi… Ondan sonra anladım ki, bu ölkə, bu vətən mənim anam deyil, atamdı. Hə, məhz atamdan sonra anladım. Xəstə, bütün hüceyrələrinə xərçəng yayılmış, əzəmətini itirmiş, yaşayacağına mində bir ümidi qalıb-qalmadığı belə bilinməyən atam ölkə! Mən onu atıb daha gözəl, daha özgür yaşam üçün gedə bilərdim, gedə bilərəm, ancaq getmirəm. Ona görə yox ki, bu ölkə mənsiz yaşaya bilməz, ona görə yox ki, mənsiz ölə bilməz, — mən oldum-olmadım, onsuz da xərçəng onu məhv edir, — ona görə ki, mən onsuz yaşaya bilmərəm, xəstə atamı atıb gedə bilmərəm. Bəli, mən onunçün heç nə edə bilmirəm, heç nə edə bilmərəm, əlimdən gələn heçcə nə yoxdu! Sadəcə, mən onun aldığı nəfəsəm, yediyi çörəyəm. Hətta yediyi həyatam, yediyi canam, yediyi ömürəm… Eybi yox, təki bu atamın nəfəsi kəsilməsin!

Üstəlik atama söz vermişəm axı, o sağalandan sonra gedəcəyəm…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (8 оценок, среднее: 9,88 из 10)
Oxunma sayı: 330