Muəllif:

ABŞ üçün hansı ölkə təhlükəlidir?

odla oynayan Rusiya, yoxsa iqtisadi möcüzələr göstərən Çin?

Deyəsən, Amerika prezidenti D.Tramp yavaş-yavaş ipə-sapa yatmağa başlayıb. Qüdslə bağlı araqarışdıran bəyanatından sonra ağzından çıxan kəlmələrin də fərqinə varır. Onun ABŞ-ın yeni milli təhlükəsizlik strategiyası ilə bağlı verdiyi ciddi bəyanatlar çoxlarında belə bir təəssürat yaradır ki, başında hələ də biznes havası qalmış Tramp əməlli-başlı siyasətçi qiyafəsinə girir.

Dünyanın ən güclü dövlətinin prezidenti indi öz ölkəsinin təhlükəsizliyi barədə həyəcanla danışır. O, hərbi büdcəni artırır, əlavə döyüş gəmiləri, çevik hərbi qüvvələr və raket daşıyıcıları yaratmaq zərurətini vurğulayır, strateji hədəflərini, maraq zonalarını və rəqiblərini açıq şəkildə elan edir. Trampın güc siyasəti və hərbi ritorikası ABŞ-ın ondan əvvəlki respublikaçı prezidentləri – R.Reyqan və C.Buşu mənim yadıma salır. Bunlardan birincisi SSRİ kimi “şər imperiyası”nı çökdürüb, ikincisi isə “Amerikanın həyati maraqları” naminə Yaxın və Orta Şərqi döyüş poliqonuna çevirib. Məsələ burasındadır ki, prezident kimi bütün qeyri-adekvat davranışlarına baxmayaraq, D.Tramp strateji məqsədlərə nail olmaq üçün iqtisadi mexanizmlərə söykənməkdə Reyqanın, hərbi gücdən yararlanmaq taktikasında isə Buşun yolunu təkrarlayır. Yəni dünyaya dəlisov kimi görünən ABŞ prezidentinin yeni təhlükəsizlik doktrinası ciddi ağıla söykənir.

Təbii ki, Amerikanın təhlükəsizlikdən danışması, son illərdə dünyanın müxtəlif nöqtələrində cərəyan edən hərbi-siyasi və iqtisadi proseslərlə bağlıdır. Bu proseslərdə gəlir-çıxarlarını yaxşı hesablayan ABŞ-ın dünyanın başqa iki güclü dövlətini – Çini və Rusiyanı özünün rəqibi elan etməsi təsadüfi deyildir. Əslində bu kontekstdə “rəqib” sözü bir az yumşaq səslənir, çünki geosiyasi və iqtisadi maraqlar uğrunda mübarizədə rəqiblik bəlkə də mümkündür, amma hərbi və milli təhlükəsizlik məsələsində yalnız “düşmən” var. Ona görə də bu ölkələrdən hansının ABŞ-a rəqib, hansının isə düşmən olmasını aydınlaşdırmaq o qədər də çətin deyildir.
* * *

Bəli, beş minillik mədəniyyəti olan, iqtisadi və texnoloji cəhətdən inkişaf etmiş Çin dünya bazarında Amerikanın rəqibidir, dünya iqtisadiyyatının ən güclü oyunçusudur. Dünyada ən çox (2 trilyon 249 milyard dollar) məhsul idxal edən ölkə ABŞ-dır, əksinə ən çox (2 trilyon 97 milyard dollar) məhsul ixrac edən ölkə Çindir. Amerika 796 milyard dollarla dünyada ən böyük ticarət kəsiri olan ölkə sayılırsa, əksinə Çin 510 milyard dollar müsbət saldo ilə dünyanın ən böyük ticarət artığı olan ölkəsidir.

Marksizm və maoizm bayraqlarının dalğalandığı Çin ideoloji ölkə kimi qalsa da, iqtisadiyyat və sosial rifah baxımından inkişaf yolundadır. 56 etnik qrupun yaşadığı 1 milyard 300 mln. əhalisi olan bu böyük sosialist ölkəsində iqtisadi mexanizmlərin çevik işləməsi sizə zarafat gəlməsin. Çoxları bu sistemin çevikliyini düzgün idarəçilik, əxlaq və korrupsiyaya qarşı effektli mübarizə ilə izah edirlər. Çin demokratik ölkə olmasa da, avtoritar da deyildir, prinsipial siyasi qərarların kollegial şəkildə qəbul edildiyi şəksizdir.

Çin həm də hərbi ölkədir, güclü nizami ordusu, nüvə silahı, müasir elektron bazası vardır. Hər il Rusiyadan təxminən 4-7 milyard dollarlıq yeni silahlar alır. İqtisadi və hərbi gücü sayəsində Çin regional liderə çevrilmişdir, tam müstəqil siyasət yeridir, bölgədə gedən proseslərə təsir edə bilir. Bir çox hallarda Rusiya ilə birləşərək ABŞ-ın maraqlarına qarşı çıxır. Ona görə Vaşinqton bu “rəqib”lə ehtiyatlı davranır.
* * *

Rusiyaya gəldikdə isə vəziyyət bir qədər qəlizdir. O, Çin kimi güclü, ABŞ qədər qüdrətli deyildir, amma birqütblü dünya ilə də barışmaq istəmir. Ukraynaya silahlı müdaxilədən və Suriyadakı hərbi uğurdan sonra Moskvada belə bir illüziya yaranıb ki, guya SSRİ-nin geosiyasətdəki zəfər yürüşünü davam etdirə bilər. Qərbin susqunluğu siyasətçidən daha çox hərbçi kimi davranan V.Putini xeyli ürəkləndirsə də, yeni iddiaları gerçəkləşdirmək üçün Rusiyanın nə iqtisadi, nə hərbi, nə də texnoloji gücü kifayət qədərdir. Rusiya iqtisadiyyatı neft-qaz və hərbi məhsul ixracına əsaslanır, dünya bazarında bu ölkənin xüsusi çəkisi yoxdur. Buna baxmayaraq, Putin Qərbə Rusiyanın varlığını anlatmaqda israrlıdır və buna görə də tez-tez Amerikanın əl-ayağına dolaşmaqdan çəkinmir.

ABŞ prezidenti “sərhədlərimizi qorumasaq, ölkəmizi qoruya bilmərik” deyəndə təbii ki, iki okean arasındakı ərazi ilə məhdudlaşmır. Vaşinqtonun təhlükəsizlik sərhədləri Avropadan, Asiyadan, Afrikadan keçir. Amerika həmin sərhədlərin pozulmasını az qala dünya nizamının pozulması kimi qiymətləndirir. Bu sərhədləri ən çox pozan isə Rusiya olduğundan, “Ağ ev” Moskvaya qarşı davranışını sərtləşdirib. Əvvəllər Rusiya və Putinlə, sanki dialoq yolunu axtaran kimi görünən D.Tramp yeni “Amerikanın Milli təhlükəsizlik strategiyası” sənədində Moskvaya açıq savaş elan edir, onu ölkəsinin maraqlarını təhdid etməkdə günahlandırır. Yaxın Şərq və Asiya regionunda məsələlər dumanlı kimi görünsə də, Rusiyanın Avropa üçün təhlükə doğurması şübhəsizdir.

Vaşinqton yeni təhlükəsizlik strategiyası ilə sözdən işə keçir, güman ki, birinci mərhələdə Reyqan taktikası işə düşür, yəni Rusiya iqtisadi cəhətdən sıxışdırılacaq, təsirsiz sanksiyalar yenisi ilə əvəz ediləcək. Tezliklə “ABŞ düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə” qanunu qüvvəyə minəcək, Putinin yaxın çevrəsinə və bütövlükdə ölkə iqtisadiyyatına ciddi zərbə dəyəcək. Sanksiyaların yalnız Rusiyada prezident seçkiləri ilə bağlı olduğunu düşünmək yanlış olardı, bu kampaniya Moskvanı öz yerində oturtmaq üçün uzunmüddətli təzyiqlər şəklini alacaq. Təbii ki, ABŞ-ın Rusiyanı düşmən olaraq seçib-qaralaması, Moskvanın təhlükə yaratdığı regionlar üçün, xüsusən Ukrayna, Baltikyanı respublikalar, Moldova və hətta, Cənubi Qafqaz üçün müəyyən mənada düşərli ola bilər.

Vaxtilə Şirvanşah İbrahim xan “düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə xarici siyasət yürüdürdü. Əlbəttə, indi orta əsrlər dövrü deyil, çox şeylər dəyişib, amma ərazi də qalır, geosiyasi maraqlar da, təxminən oyunçular da eynidir. Deməli, “düşmənimin düşməni” ilə bağlı prinsiplər də aktuallığını saxlayır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (4 оценок, среднее: 9,50 из 10)
Oxunma sayı: 890