Muəllif:

Elmi dərəcələrə görə əlavələri artırmaq təklif edilir

MEA ötən ilki fəaliyyətinə həsr edilən ümumi yığıncaqda elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələrinə görə verilən əlavələrin artırılması təklif edilib. İclasda cıxış edən MEA akademik-katibi Vaqif Fərzəliyev bildirib ki, son illər ölkə Prezidentinin elmə qayğısının nəticəsi olaraq alimlərin əməkhaqqı bir neçə dəfə artıb. Lakin əməkhaqlarının məbləği müasir bazar qiymətləri ilə müqayisədə qənaətbəxş deyil. Buna görə də alimlər elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələrinə görə verilən əlavələrin artırılmasını istəyirlər.

Fərzəliyevin sözlərinə görə, bu gün MEA-ya elmi ekspedisiyalar üçün ayrılan maliyyə vəsaitinin də həcmi çox azdır.

Hazırda MEA alimlərinin orta yaş həddinin çox yuxarı olduğunu deyən Fərzəliyev bildirib ki, gənc mütəxəssislərin AMEA-ya axınının zəif olması bu qurumu çox narahat edir. Bunun əsas səbəbi əməkhaqqı və mənzil təminatının lazımi səviyyədə olmamasıdır.

«Gənc mütəxəssislərin doktoranturadan hərbi xidmətə çağırılması da bu problemin həllinə mənfi təsir edir. Bir çox gənc mədəniyyət və incəsənət xadimləri, idmançılar prezident təqaüdü ilə təltif olunur. Lakin gənc istedadlı alimlər bu siyahıda yoxdur. Arzu edərdik ki, bu məsələ də öz həllini tapsın»,- Fərzəliyev əlavə edib.

MEA Biologiya və Tibb Elmlər Bölməsinin akademik-katibi, millət vəkili Əhliman Əmiraslanov da bildirib ki, hazırda pensiyaya çıxan elmlər namizədlərinə 100, elmlər doktorlarına 200 manat əlavə vəsait verilir. Bu vəsaitin artırılmasını zəruri sayan Əmiraslanovun sözlərinə görə, elmi ictimaiyyəti narahat edən ən problemli məsələlərdən biri gənc kadrların elmə cəlb olunmasıdır.

«Gənclərin elmə marağı azalıb. MEA tarixində 2012-ci il yeganə ildir ki, doktorantura və dissertanturaya plan yerlərin sayı vakant qaldı. Bu sahədə əsaslı tədbirlər görülməsə, gələcəkdə Azərbaycan elmi çox böyük çətinliklərlə üzləşəcək»,- Əmiraslanov qeyd edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 551