Muəllif:

Məişət zorakılığı: sığınacaqlar yetərli deyil

Ata öz qızını və həyat yoldaşını baltalayaraq amansızlıqla qətlə yetirdi… Mətbuatda buna bənzər başlıqda xəbərlər tez-tez yayımlanır. Bu tip hadisələrin çoxalması bir qrup QHT təmsilçisi, hüquq müdafiəçisi, media mənsubu, tələbə, siyasi məsləhətçini ölkə başçısı İlham Əliyevə müraciət etməyə məcbur edib. Onlar son zamanlar artmaqda olan məişət zorakılığı hallarından narahatlığı dilə gətiriblər. Hesab edilir ki, cəmiyyət bu tendensiyanın üzərində ciddi düşünməlidir. Bunlar niyə baş verir? Cəmiyyətin bu kimi hallara reaksiyası necə olmalıdır?
«Təmiz Dünya» qadınlara yardım İB sədri Mehriban Zeynalova da bu müraciətə imza atdığını deyir. Müraciətdə qadınların məişət zorakılığına məruz qalması ilə bağlı ölkə teleməkanında pulsuz reklam çarxlarının yerləşdirilmə məsələsi də yer alır. Bunun bir faydası olarmı. Mehriban Zeynalova məişət zorakılığı ilə bağlı mülahizələrini bizimlə bölüşür:
— Bütün ölkələrdə, o cümlədən MDB ölkələrində bu kimi problemlər baş verəndə televiziyalar pulsuz sosial çarxlara yer ayırır. Bizdə buna da imkan yoxdur. Müəyyən güzəştlə imkan verirlər, amma mən gəlib pulsuz çarx təqdim edim, insanları məlumatlandırım, telefonumu yayım — buna o qədər də imkan yoxdur. Əgər bu kimi çarxlar yayımlansa, insanlar vaxtında müraciət edərlər. Dəyirmi masalarda müzakirələr də prosesə kömək edə bilər. Amma bir problem də var: 50 nəfər yığışıb müzakirə etsin, ancaq əhalinin qalan hissəsi o müzakirə barədə nə qədər məlumatlı olacaq? İnformasiyanın əlçatanlığını təmin etmək lazımdır. Bu işdə televiziya ən yaxşı vasitədir. Elə verilişlər var ki, həmin reklam çarxlarını onların arasında yerləşdirmək olar. Amma bu verilişlər arası qiymətlər o qədər yüksəkdir ki, yaxın düşmək olmur. Biz insanların hansı verilişlərə daha çox baxdığını bilirik. Əgər o verilişlərdə reklam çarxları yerləşsə, insanlar zəng vurar, məsləhət alarlar.
Bizim «Qaynar xətt»ə dəfələrlə zənglər olur. Neçə-neçə ailənin dağılmasının qarşısını almışıq, neçə-neçə ailənin təzədən birləşməsinə kömək etmişik. Bunlar təcrübədir. Bilirsinizmi, mən istəmirəm ailələr dağılsın. Biz ona çağırmırıq ki, sənə kimsə bir sillə vurdusa, dur gəl, ayrıl, boşan və s. İstənilən halda vəziyyəti öncədən qiymətləndirmək lazımdır: bu zorakılıq nədən baş verib? Bəlkə kişi üçün də, qadın üçün də müəyyən psixoloji reablitasiya kursu lazımdır? Və ya bəlkə boş bir ehtiyacdan bu münaqişə yaranır? Yaxud hansısa məlumatlandırmaya ehtiyac var? Bu kimi halları təfsilatı ilə araşdırmaq kədərli sonluğu qabaqlamaq üçün çox vacibdir. Biz nəyə görə sığınacaqlara çox pul xərcləməliyik? Halbuki əvvəlcədən problemi aşkarlasaq, sığınacaqlara bu qədər xərc getməz.
— Bizdə «Məişət zorakılığının qarşısının alınması» haqqında qanun var. Sənəd zorakılığın qarşısının alınmasında hansı rolu oynayır?
— Qanunun özü cinayət məsuliyyətini o qədər ortaya qoymur. Sənəddə mühafizə orderi məsələsi də yer alıb. Ancaq bu məsələnin özü sonadək işlənməyib. Nazirlər Kabineti uzunmüddətli mühafizə orderi ilə bağlı qərar qəbul edib. Qısamüddətli orderlə bağlı qərar isə yoxdur. Ancaq bu qərar olmayınca «uzunmüddətli»ni tətbiq etmək olmaz. Hələ ki, heç kəs onun tətbiqi ilə bağlı kəlmə kəsmir. Ən azı, zorakılıq törədilirsə və ailə də bununla bağlı məlumatlıdırsa, müraciət edər və bununla əlaqədar müəyyən tədbirlər görülər. Mühafizə orderinin özündə də mən hələ müsbət element görmürəm. Çünki, mühafizə orderi Avropadan gəlmiş bir tendensiyadır və bu, kiçik ailələr üçündür. Bizdə isə bildiyiniz kimi, böyük ailələrdir — qayınata, qayınana, baba, nənə, qayın, baldız, əmi, dayı… Biz bu mühafizə orderini tətbiq edəndən sonra qadın o böyük ailə içərisində nə qədər təhlükəsiz yaşayacaq? Zorakılığın başqa forması ilə üzləşməyəcək ki? Bilirsinizmi, qanun qəbul ediləndən sonra da problemin ümumi mənzərəsində heç nə dəyişməyib və əksinə, bu hallar çoxalıb və daha qorxulu çalarlar almağa başlayıb.
— Xarici ölkələrdə zorakılığa məruz qalan qadınlar üçün sığınacaqlar mövcuddur. Səhv etmirəmsə, sizin təşkilatın nəzdində də belə bir sığınacaq fəaliyyət göstərir.
— Bəli, zorakılığa məruz qalan qadınlar üçün sığınacaq bizim təşkilatın nəzdində var. 2002-ci ildən fəaliyyət göstərir. O vaxtdan bəri yüzlərlə insana sığınacaq verilib, onlara yardım göstərilib, reabilitasiya edilib. Ancaq təəssüflər olsun ki, bu sığınacağa dəstək verən yoxdur ki, onun ərazisi genişlənsin və daha çox adama xidmət göstərə bilək. Əfsus ki, dünən Milli Məclisdə millət vəkillərindən biri «Azərbaycanda sığınacaq yoxdur» dedi. Bax, bu biganəlik, bu cür yanaşma gətirib ona çıxarır ki, elə bil biz yel dəyirmanı ilə tək döyüşürük. İstənilən dövlətdə bu cür sığınacaqlara din adamları, imkanlı şəxslər dəstək verirlər. Amma bizdə bu məsələyə biganəlik var. Hamı xeyriyyəçilikdən danışır, hamı hansısa köməkdən söhbət açır. Qurban bayramında qurbanları sürü ilə uşaq evlərinin qarşısına yığırlar və ya harasa aparırlar. Amma bir adam düşünmür ki, burada qadınlar, uşaqlar var, onlara da yardım etmək, həyat şəraitlərini yaxşılaşdırmaq lazımdır.
Eləcə də Uşaq Birliyinin nəzdində uşaqlar üçün sığınacaq, həmçinin «Ümid yeri» var. Amma qadınlar üçün yeganə sığınacaq bizim təşkilatın nəzdindədir. Anlamaq lazımdır ki, qadın sığınmasa onun uşağı küçədə qalacaq, özünü əxlaqsızlığa yönəldəcək, kriminal qruplar onlardan bəhrələnəcəklər. Vaxtında bu prosesin qarşısını almaq, reablitasiya etmək, ailəsinə qaytarmaq, ailə ilə danışıqlar aparmaq lazımdır. Amma bu kimi işlərdə heç kim bizə dəstək vermək istəmir. Biz daha çox imkanlı adamlara üz tuturuq. O adamlara ki, onlar «biz doğrudan da xeyriyyəçilik edirik, qazandığımızın bir hissəsini xeyriyyəçiliyə xərcləyirik» deyirlər.
— Elə isə qadınların sığınacaqdakı təminatı hansı vəsait hesabına həyata keçirilir? Hər halda onların yemək-içməyə, geyim-keçimə və s. ehtiyacları var?
— Hansısa kiçik qrant olanda ora yönəldirdik. Amma demək olar ki, mən öz cibimdən xərcləmişəm. Öz evimdir, ofis etmişəm, darısqaldır, onun bir hissəsində işçilər oturur, bir hissəsində də qadınlar yaşayır. Bu şəraitdə illərdir ki, bu qadınları saxlayıram. Keçən il 115 nəfər sığınacaqda qalıb. Ondan əvvəlki illərdə də rəqəm fərqli olub. Biz onların normal həyata qayıtmaları üçün əlimizdən gələni edirik. Amma nə olsun?..
— Sığınacağa üz tutan qadınlar ən çox kim tərəfindən zorakılığa məruz qalırlar?
— Çoxu məişət zorakılığının qurbanıdır. Bundan əlavə, müxtəlif qruplar — narkotik istifadəçisi olub və bizdə reablitasiyadan keçib, insan alverinin qurbanı olub və ya zorlanmış qadındır və b. çox müxtəlif adamlar olub. Hazırda isə sığınacaqdakılar məişət zorakılığının qurbanlarıdır.
— Ümumiyyətlə, monitorinqlər nə göstərir: qadınlar ən çox hansı zorakılığa məruz qalırlar?
— Ən çox namus üstündə öldürülürlər. Ərləri, qardaşları, ataları və ya keçmiş ərləri tərəfindən zorakılığa məruz qalırlar. Biz hər il statistikanı açıqlayırıq. 2010-cu ildə 109, 2011-ci ildə 135, bu il 30 qadın öldürülüb. Bu il 18, keçən il isə 46 qadın ölüm təhlükəsi ilə üzləşib.
— Qadın zorakılığı ilə bağlı rayonlarda durum paytaxtla müqayisədə necədir?
— Öldürülən qadınlar əsasən Bakıda yaşayanlardır. Daha sonra, sırada Sumqayıt, Gəncə və b. bölgələr durur. Biz harada oluruqsa, çalışırıq ki, «Qaynar xətt»in nömrələrini verək. Zənglər də olur. Amma yenə deyirəm, nə qədər adamı əhatə edə bilirik? Rayonlarda qadınlar müraciət etməyə yer tapmırlar. Mərkəzlərin fəaliyyəti xüsusən rayonlarda çox vacibdir. Onlar evlərə getməli, onları dinləməlidirlər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 527