Koronavirus Formula 1-in də yolunu kəsəcəkmi – AÇIQLAMA

Koronavirus Formula 1-in də yolunu kəsəcəkmi –             AÇIQLAMA

Gülnaz Quliyeva: “Baş verən hadisələri izləyirik və hazırda heç nə deyə bilmərik”

 

Dünyada və ölkəmizdə ciddi karantin tədbirlərinə səbəb olan koronavirus təhlükəsi davam edir. Ölkəmizdə bağçalar, məktəblər və universitetlərin müvəqqəti bağlanıb, ictimai iaşə obyektlərinin fəaliyyətinə məhdudiyyət tətbiq edilib, bir sıra idman yarışlarının keçirilməsi təxirə salınıb.

 

Lakin qarşıdan hər il keçirilən ənənəvi Formula 1 üzrə Azərbaycan Qran-Prisi gəlir. Bəs bu yarışın aqibəti necə olacaq?

 

AYNA-nın sorğusuna cavab olaraq Bakı Şəhər Halqasının (BŞH) İctimaiyyətlə əlaqələr üzrə meneceri Gülnaz Quliyeva bildirib ki, onlar da baş verən hadisələri izləyirlər: “Hazırda heç nə deyə bilmərik. Hökumətdən, F1-dən və FİA-dan qərar gözləyirik”.

Mövzunu AYNA-ya şərh edən idman jurnalisti Səbuhi Musayev hesab edir ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisinin təxirə salınması  koronavirus infeksiyasının Azərbaycanda nə dərəcədə yayılmasından asılı olacaq: “Hadisələrin gedişatı bunu göstərəcək. Koronavirus həmin zamana kimi Azərbaycanda geniş yayılsa, təbii ki, Formula 1 Azərbaycan Qran-Prisi bu illik ləğv oluna bilər. İyun ayına hələ çox var. Ona görə də qəti şəkildə fikir bildirmək çətindir. Amma Azərbaycanda artıq xüsusi rejim yaradılıb. Bu rejimin vaxtı uzadılsa, təbii ki, digər beynəlxalq və yerli yarışlar kimi Formula 1 Azərbaycan Qran-Prisi də ləğv olunacaq. Çünki indi insan sağlamlığı medal qazanmaqdan daha önəmli olduğu üçün ölkələr belə addımlar atır”.

 

Azərbaycan Qran-Prisinin rəsmi elçisi, Formula 1 şərhçisi, f-1.az saytının baş redaktoru Rəhim Əliyev isə əməkdaşımıza deyib ki, bu haqda düşünmək hələ tezdir: “Düşünürəm ki, Formula 1 baş tutacaq. Yəni bizim yarışa hələ düz 3 ay var, belə uzun perspektivdə heç bir ölkə qərar qəbul eləmir. Azərbaycan Qran-Prisi barədə, məncə, mayın 1-dən tez danışmağın mənası yoxdur. Həm xəstəliyin inkişaf dinamikasını izləmək üçün, həm də qonşu ölkələrdə - haradan ki, bizə azarkşelər gələcək - vəziyyəti görmək üçün bizə vaxt lazımdır. Məhz bundan sonra dəqiq qərar verilə bilər”.

Müəllif: Təranə Xudabaxşiyeva      17 Mart 2020 19:00
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin