Rusiyada əlillər üçün iş yerlərinin sayı kəskin artıb

Dünya

26.04.2024 - 14:57

Bütün iş təkliflərinin 5,6 faizi əlilliyi olan insanlar üçün əlçatandır

2024-cü ilin ilk dörd ayında Rusiyada əlilliyi olan insanlar üçün boş iş yerlərinin sayı 45 faiz artıb. Ümumilikdə, bu cür iş təkliflərinin sayı 90,7 mini keçib. Bu barədə AYNA Rusiya mediasına istinadən bildirir.

Qeyd olunub ki, əlil namizədlərə zəng mərkəzi operatorları, kuryerlik, satış və müştəri xidmətləri üzrə menecerlik, sürücülük, satış işçiliyi, qablaşdırıcılıq, proqramçılıq və anbardarlıq təklif edilir.

Bütün iş təkliflərinin 5,6 faizi əlilliyi olan insanlar üçün əlçatandır. “Rabota.ru” xidmətinin analitika, məlumat elmi və tədqiqat direktoru Elena Artemyeva deyib ki, çox vaxt belə vakansiyalar “təcrübəsiz iş” sahəsinə düşür: “Bu cür təkliflərin payı 27 faizə çatır. Həmçinin əlillər üçün vakansiyalar çox vaxt biznes xidmətləri, nəqliyyat və logistika sahələrinə aiddir”.

Onun sözlərinə görə, namizədlər iş təcrübəsi də ala bilərlər - əlillər üçün belə təkliflərin payı 15 faiz təşkil edir.

Bu ilin yanvar-aprel aylarında əlilliyi olan namizədlər üçün təxmini əmək haqqı 28 faiz artıb. Ölkə üzrə orta göstərici 72 min rubldan bir qədər çoxdur.

“Rosstat”ın məlumatına görə, 2023-cü ilin əvvəlinə Rusiyada 11,7 milyon əlil var idi. Onlardan 4,15 milyonu əmək qabiliyyətli yaşdadır. Bildirilib ki, 1 milyondan çox səhhətində məhdudiyyətli insan işləyir.

Əmək Nazirliyi xatırladıb ki, Rusiyada əlillər üçün iş kvota sistemi mövcuddur. Rusiyanın bütün bölgələrində kvota öhdəliyi ümumi iş yerlərinin 2-4 faizini təşkil edir.

Pensiya və Sosial Sığorta Fondunun məlumatına görə, 2023-cü ildə Rusiyada 31 yaşdan 59 yaşa qədər 2,17 milyon əlil kişi qeydiyyata alınıb. Bu, səkkiz ilin rekord göstəricisidir.

Qeyd olunub ki, 2022-ci ildə ölkədə bu yaş kateqoriyasında 1,67 milyon əlil kişi var idi. Beləliklə, il ərzində artım 30 faizvə ya 507 min nəfər olub.

Mütəxəssislər əlillərin sayının artmasını birbaşa Ukraynadakı müharibə ilə əlaqələndirirlər.

“Düşünürəm ki, əslində on minlərlə, hətta yüzlərlə əlil hərbi qulluqçu var. Artım daha azdırsa, bu, onların qismən və ya tamamilə gizlədilməsi deməkdir”, - müstəqil demoqraf Aleksey Rakşa bildirib.

Müəllif: Turan Abdulla