Kremldən Paşinyana ultimatum: Köçəryanı azad et!

Kremldən Paşinyana ultimatum: Köçəryanı azad et!

Ermənistanın Baş Naziri ciddi dilemma qarşısındadır

 

Rusiyanın məşhur “Kommersant” qəzetinin bugünkü sayında Ermənistanın həbsdə olan və məhkəməsi davam edən eks-prezidenti Robert Köçəryan haqqında geniş məqalə yayınlanıb. Məqalənin başlığı Kremlin Ermənistanın Baş Naziri Nikol Paşinyana mesajı sayıla bilər: “Heç kim və heç nə unudulmur”.

 

Kremlin sifarişi ilə yazılan məqalədə İrəvana xüsusi mesajlar var:

 

Birincisi, məqalədə göstərilir ki, Robert Köçəryan üzərindəki məhkəmə Ermənistanın daxili işi deyil: “Moskva məhkəmənin gedişini diqqətlə izləyir. Köçəryan Prezident Vladimir Putinin dostudur”.

 

İkincisi, məqalədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun 2018-ci ildəki sözləri xatırladılır: “Robert Köçəryanın həbsi Ermənistanın hazırki hakimiyyətinin özündən əvvəlki iqtidarlardan intiqam almayacağına dair vədlərini sual altında qoyur”.

 

Üçüncüsü, məqalədə yazılır ki, Putin həbsdə yatan Köçəryanı ad günü münasibətilə təbrik edib: “Vladimir Putin Avrasiya İqtisadi Birliyinin toplantısı ilə əlaqədar İrəvanda olanda Rusiyanın bu ölkədəki səfirliyində Köçəryanın xanımı və oğlu ilə görüşdü”.

 

Beləliklə, Kreml “Kommersant” qəzeti vasitəsilə yenidən Paşinyana xəbərdarlıq mesajı göndərib. Bunu qəzetdəki məqalənin sonuncu cümləsi də sübut edir: “Kremldən qəzetimizə ötürülən xəbərdə deyilir ki, Rusiya Köçəryana qarşı məhkəməni siyasi sifarişli hesab edir. Kremldən qəzetimizə onu da bildiriblər ki¸ Köçəryana qarşı məhkəmə çəkişməsinə son qoyulmasa, bu, Rusiya-Ermənistan münasibətlərində ciddi sual yaradacaq”.

 

Kreml açıq-aşkar Paşinyanı şantaj edir. Köçəryan 2008-ci il prezident seçkisində dostu Sərkisyanı prezident kürsüsündə otuzdurmaq üçün polisə etiraza çıxanlara atəş açmaq əmri verib. Onlarla insan qətlə yetirildi. Mitinqi təşkil edənlərdən biri o zaman müxalifətdə olan Paşinyan idi. Ona görə də Köçəryan üzərində məhkəmə Paşinyan üçün vicdan məsələsidir.

 

Ancaq Ermənistan tamamən Rusiyadan asılıdır və Paşinyan Köçəryanı həbsə göndərərsə, Moskva ilə münasibətləri gərginləşdirəcək. Paşinyan ciddi dilemma qarşısındadır. Köçəyranı həbs etmək Moskva ilə münasibətləri gərginləşdirəcək, eks-prezidenti azad etmək isə isə Paşinyanın prestijinə və hakimiyyətinin mövqelərinə ciddi zərbə vuracaq. Bütün hallarda Paşinyan ikisindən birini seçəcək.

Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi      4 Mart 2020 13:48
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin