Dövlət Gerbinin təsvirindən istifadə olunması qaydası müəyyənləşdi

Dövlət Gerbinin təsvirindən istifadə olunması qaydası müəyyənləşdi

Dövlət Gerbinin təsvirindən dövlət orqanlarının binalarında və sərhəd nişanlarında istifadə qaydası təsdiqlənib


Nazirlər Kabineti  “Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən dövlət orqanlarının binalarının lövhələrində və sərhəd nişanlarında istifadə olunması Qaydası”nı təsdiq edib.

 

AYNA Nazirlər Kabinetinə istinadən xəbər verir ki, Qayda Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən dövlət orqanlarının binalarının lövhələrində və sərhəd nişanlarında istifadə olunması qaydasını müəyyən edir.

 

Dövlət Gerbinin binalara, sərhəd nişanlarına vurulan təsviri ölçüsündən asılı olmayaraq, onun Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1332-VKQ nömrəli Konstitusiya Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gerbinin Təsviri”nə əlavə edilən rəngli, rəngsiz və sxematik təsvirlərinə uyğun gəlməlidir. Dövlət Gerbinin təsviri “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun 6-cı maddəsi ilə müəyyən edilən binalarda yerləşdirilərkən, birmərtəbəli və çoxmərtəbəli binaların memarlıq xüsusiyyətləri aşağıdakı qaydada nəzərə alınmalıdır:

 

- birmərtəbəli binada Dövlət Gerbinin təsviri (diametri 0,5 metr olmaqla) binanın əsas girişi tərəfindən örtük səviyyəsində və ya frontonunda və ya binanın giriş günlüyünün üzərində yerləşdirilir;

 

- hündürlüyü 20 metrədək olan iki, üç, dörd, beş mərtəbəli binalarda Dövlət Gerbinin təsviri binanın sonuncu mərtəbəsinin örtük səviyyəsində və ya frontonunda (diametri 1 metrdən 1,5 metrədək) və ya binanın giriş günlüyünün və ya giriş portalın üzərində (diametric 0,5 metr olmaqla) yerləşdirilir;

 

- hündürlüyü 30 metrədək olan altı, yeddi, səkkiz, doqquz mərtəbəli binalarda Dövlət Gerbinin təsviri binanın sonuncu mərtəbəsinin örtük səviyyəsində və ya frontonunda (diametri 1,5 metrdən 2,0 metrədək) və ya binanın giriş günlüyünün və ya giriş portalın üzərində (diametri 0,5 metr olmaqla) yerləşdirilir;

 

- hündürlüyü 30 metrdən yuxarı olan çoxmərtəbəli binalarda Dövlət Gerbinin təsviri binanın sonuncu mərtəbəsinin örtük səviyyəsində (diametri 3,0 metr və daha çox olmaqla) və ya binanın giriş günlüyünün və ya giriş portalın üzərində (diametri 0,5 metr olmaqla) yerləşdirilir.

 

Dövlət Gerbinin təsvirindən dövlət mənsubiyyətini müəyyən edən sərhəddə mühüm yolların, göl və çayların kəsişmə yerlərində, sərhədin quru sahələrində, döngə və burulma nöqtələrində quraşdırılan əsas sərhəd nişanlarında istifadə olunur. Dövlət Gerbinin təsviri əsas sərhəd nişanının qonşu dövlət tərəfə yönəlmiş hissəsinin yuxarı qırmızı zolağının üzərinə vurulur. Sərhəd nişanlarında istifadə edilən Dövlət Gerbinin təsviri paslanmayan materialdan hazırlanır, tunc (sarı) rəngdə olur. Sərhəd nişanına bərkidilmiş Dövlət Gerbinin ölçüsü 160x162 mm olur.  Sərhəd nişanlarında istifadə olunan Dövlət Gerbinin təsvirinin istismarına 10 il zəmanət verilir. Sərhəd nişanlarının formaları, ölçüləri və qurulması qaydası “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanununa uyğun olaraq müəyyən edilir.

Müəllif: Ayna.az      29 Dekabr 2019 23:13
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin