"Hava məkanımızın üzərindən raketlər uçması ehtimalı artır"

"Hava məkanımızın üzərindən raketlər uçması ehtimalı artır"

Politoloq: “ABŞ ilə İran arasında hibrid müharibə başlayıb və çox fəal şəkildə davam edir”

 

ABŞ-la İran arasında davam edən gərginlik yüksələn xətt üzrə davam edir. İki ölkə rəhbərinin bir-birinə göndərdiyi hədələyici mesajlar dünya ölkələrinin ciddi narahatlığına səbəb olur.

 

Məsələ ilə bağlı AYNA-ya danışan politoloq İlqar Vəlizadə bildirib ki, İranla ABŞ arasındakı gərginlik son 2 ayda pik həddə çatıb: “İran nüvə proqramı ilə bağlı əldə olunmuş bir çox razılaşmadan çıxacağını bildirib. ABŞ keçən il bu proqramdan çıxıb. Belə olan halda, əlbəttə, regionda hərbi-siyasi gərginliyin artma ehtimalları çox keçmədən özünü doğrultdu. O cümlədən son aylarda baş verən hadisələr, tankerlərə hücum, ABŞ hərbi donanmasının regionda aktivləşməsi, İranın ABŞ-ın pilotsuz hərbi təyyarəsini vurması bölgədə müxtəlif hərbi ssenarilərin reallaşmasına dair fikirləri əsaslandırır”.

Politoloq iki ölkə arasında hibrid müharibənin başladığını, ABŞ-ın İran raket sistemlərinə kiber hücum həyata keçirməsinin də bunun əsas dəlillərindən olduğunu söyləyib: “Hibrid müharibə başlayıb və çox fəal şəkildə davam edir, lakin nə ABŞ, nə də İran açıq hərbi əməliyyatlar səviyyəsində müharibə etmək niyyətindədir. Həmçinin region ölkələri, başlıca olaraq Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn, İraq kimi ölkələrin ticarət dövriyyəsi iflic olacaq”.

 

“Nəzərə alsaq ki, sadaladığımız bu ölkələr əsasən neft və qaz ixrac edir, o zaman müharibə baş verərsə, Hörmüz körfəzinin bağlanması onların iqtisadi vəziyyətinə çox böyük zərbə vura bilər. Zənnimcə, bu proseslər ABŞ tərəfindən ona hesablanır ki, İranın bölgədəki vəziyyəti daha da mürəkkəbləşsin, İranla ticarət edən ölkələr qorxsun, çəkinsin” - deyə Vəlizadə vurğulayıb.

 

Müsahibimiz, müharibə baş verəcəyi təqdirdə, Azərbaycanı hansı təhlükələrin gözlədiyini də münasibət bildirib: “İranla müharibə başlasa, yəqin ki, təkcə cənubdan hücum edilməyəcək. ABŞ-ın və NATO-nun Qara dənizdə yerləşən qüvvələri də bu hücumlarda iştirak edəcək. Dolayısıyla Azərbaycanın hava sərhədlərindən istifadə oluna bilər”.

 

“Bununla yanaşı, İranda humanitar fəlakət baş verə, yəni qaçqınların sayı arta bilər. Və həmin insanların bir hissəsi də Azərbaycana gələ bilər. Hələ 1979-cu ildə baş verən hadisələrdə nə qədər qaçqın ölkəmizə üz tutmuşdu? Yəni müharibə baş verərsə, Azərbaycan və digər qonşu ölkələr heç cür bu problemlərdən yan keçə bilməz” – siyasi şərhçi əlavə edib.

Müəllif: İbrahim Məmmədli      26 İyun 2019 13:03
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin