Əsas səhifə Haqqımızda Xəbər lenti

Valideynləri dərd götürüb, uşaqlar da “odla su arasında”

Valideynləri dərd götürüb, uşaqlar da “odla su arasında”

Mart ayının ikinci həftəsindən sərt karantin rejiminin tətbiq ediləcəyi, təhsil müəssisələrinin bağlanacağı ilə bağlı söz-söhbətlər dolaşsa da, ekspertlər hazırkı vəziyyətdə bununla bağlı danışmağın tez olduğunu düşünürlər

 

Bir ildən artıq müddətdir ki, dünyanı cənginə alan COVID-19 virusuna Azərbaycanda ilk yoluxma faktının qeydə alınmasının bir ili tamam oldu. Keçən ilin bu vaxtlarında təhsil müəssisələrinin, qabaqlayıcı tədbir kimi fəaliyyətini qısa bir müddətlik dayandırılması ilə bağlı qərar verildi. Heç kəs gözləmirdi ki, bu vəziyyət belə uzun müddət davam edəcək. “Gözəgörünməz” bu bəla uşaqları, müəllimləri məktəbsiz qoyar, onları evdə saatlarla monitor qarşısında qalmağa məhkum edər.

 

2020-ci ilin sentyabr ayından dərslərin ənənəvi formada keçirilməsinə cəhd edilsə də, yolxuma sayında artımın müşahidə edilməsi yenidən tamamilə onlayn təhsilə keçməyi zəruri etdi. 2021-ci ildən vaksinasiyanın başlanması və sərt karantin rejimindən sonra yoluxma ilə bağlı statistik göstəricilərin aşağı düşməsi məktəb və bağçaların açılması üçün şans yaratdı.

 

Fevral ayının 1-dən yenidən təhsil müəssisələri şagird və müəllimlərinin üzünə açıldı. Məktəblər açılandan bu yana müəllim və şagirdlər arasında da yoluxmanın qeydə alınması, bu səbəbdən məktəblərdə bəzi siniflərin və ya ümumilikdə məktəbin ənənəvi fəaliyyətini dayandırması halları müşahidə edilməkdədir.

 

Valideynlərdə də narahatlıq hiss olunur, ənənəvi təhsildən imtina edənlər də az deyil. Sosial şəbəkələrdə yenidən təhsil müəssisələrində dərslərin ənənəvi formada keçirilməsinin tamamilə dayanması barədə söz-söhbətlər ayaq açıb yeriməkdə davam edir.

 

AYNA “Hazırkı vəziyyəti nəzərə alsaq, yenidən sərt karantin rejiminin tətbiq edilməsi, təhsil müəssisələrinin təkrar, tamamilə onlayn formaya qayıtması gözləniləndirmi?” sualı mütəxəssislərə müraciət edib.

 

Həkim-infeksionist Vüqar Cavadzadə epidemioloji vəziyyətin ciddi qapanmaya getmək üçün əsas vermədiyini deyib: “Yenidən sərt karantin rejiminin olması ilə bağlı söz-söhbətlər sadəcə şayiədir, çünki hazırda ciddi qapanma üçün real epidemik durum yoxdur”.

İnfeksionist:

“Hazırkı situasiya stabildir, amma növbəti həftələrdə əgər yoluxma sayında ciddi artım müşahidə edilərsə, o zaman karantin rejiminin nisbətən sərtləşdiriləcəyi barədə düşünmək olar. İndidən bu barədə proqnoz vermək düzgün olmazdı. Hazırda vəziyyət nəzarətdədir”, - mütəxəssis bildirib.

 

Təhsil eksperti Kamran Əsədov isə, yoluxma sayında artım müşahidə ediləcəyi təqdirdə, məktəblərin bağlanacağı qənaətindədir: “Təcrübəyə baxdığımızda görürük ki, fevral ayının 1-dən mart ayının 1-nə olan nəticə 2020-ci ilin sentyabr ayının 15-dən oktyabr ayının 15-nə olan nəticəni, sanki təkrarlayır. Belə ki, yoluxma halları yenə eyni sayda və daha çox eyni coğrafiyada olan məktəblərdə müşahidə edilir. Hesab edirəm ki, bu, çox ciddi bir məsələdir”.

Kamran Əsədov: -Yeni qərardan sonra təhsil sistemində nələr olacaq?

“Bunun belə olmasına səbəb görülməli işlərin kifayət qədər ciddi şəkildə həyata keçirilməməsi, müəyyən qədər səhlənkarlıqların olması ilə əlaqəlidir. Bir ay ərzində 10-dan artıq məktəbdə yoluxma faktı qeydə alınıb. Bəzi məktəblər statistikaya daxil edilməsə də, məndə olan məlumata görə, Qaradağ rayonu Lökbatan qəsəbəsində də iki məktəb, digər yerlərdə də bir sıra məktəblər dərsləri yalnız onlayn qaydada davam etdirir. Hesab edirəm ki, bu, gözlənilən idi. Əlbəttə ki, yoluxma sayı artarsa, təhsil müəssisələri yenidən onlayn rejimdə fəailiyyətini davam etdirməli olacaq”, - o vurğulayıb.

 

Həmsöhbətimiz deyib ki, dərslər onlayn qaydada davam etdiyi vaxtlarda da məktəb yaşlı şəxslər və müəllimlər arasında yoluxma halları var idi: “Biz məktəblərdə yoluxma sayı dedikdə, ümumi kontingentin yoluxma kütləsini başa düşürük. Yoluxmuş şəxslər müəyyənləşdirilməlidir. Burada diqqətdən yayınan məqam var. Belə ki, pandemiyanın davam etdiyi, dərslərin onlayn olduğu vaxtlarda da yoluxma statistikasında məktəb yaşlı şəxslər və müəllimlər var idi. Hazırda dərslər onlayn ilə yanaşı ənənəvi qaydada da davam etdiyinə görə, digər şəxsləri də yoluxdurma riski var”.

 

“Təbii ki yoluxmanın artması təhsil müəssisələrinin ənənəvi fəaliyyətini dayandırması ilə nəticələnə bilər, amma mən həmişə demişəm, bu, mübarizə üsulu deyil. Çünki birmənalı şəkildə yoluxmuş şəxslər müəyyənləşməlidir. Biz həmin şəxsləri haradasa müəyyənləşdirməliyik ki, onları ictimai yerlərdən təcrid edək. Şagirdlər arasında böyük yoluxma sayı yoxdur, daha çox müəllimlər yoluxur. Çox təəəssüf ki, indiyəcən də vaksinasiya müəllimləri tam əhatə etməyib. Prosesin həlli üçün vaksinasiya geniş aparılmalıdır”, - Əsədov vurğulayıb.

 

Mart ayında qapanma ilə bağlı söz-söhbətlərə qaldıqda, ekspert söyləyib ki, bayram günlərində rayonlara gediş-gəlişin artması və yoluxma sayında artıma təsir etməsini qabaqlamaq üçün bir neçə günlük sərt karantin rejiminin tətbiq ediləcəyini ehtimal etmək olar: “Ümumilikdə, mart ayında bayram günlərinə görə dərs günlərinin sayı azdır. Buna görə də məktəbləri bağlamağa dəyməz. Lakin insanların bayram günlərində rayonlara gedəcəklərini düşünsək, ehtimal etmək olar ki, bir neçə günlük sərt karantin rejimi elan edilsin. İndiki halda təhsil müəssisələrinin bağlanmasına zərurət yoxdur, hər şey öz axarında davam edir”.

Müəllif: Aləmdə Nəsib      1 Mart 2021 19:19
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin