Əsas səhifə Haqqımızda Xəbər lenti

Paşinyanın mənasız israrı: Qarabağın statusu və əsirlər məsələsi artıq yoxdur

Paşinyanın mənasız israrı: Qarabağın statusu və əsirlər məsələsi artıq yoxdur

Rufiz Qonaqov: “Azərbaycan Xankəndi də daxil olmaqla, öz ərazilərində istədiyi vaxt antiterror əməliyyatları keçirib, istənilən cinayətkarı yaxalaya bilər”

 

Xəbər verdiyimiz kimi, yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada üçtərəfli görüş keçirilib. 4 saat davam edən görüşün nəticəsi olaraq, 4 bənddən ibarət bəyanat imzalanıb və sonra liderlər mətbuata bəyanatla çıxış ediblər.

 

Lakin görüşdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın çıxışı və imzalanan bəyanat həm Azərbaycan, həm də Ermənistan ictimaiyyəti tərəfindən suallara səbəb olub. Belə ki, erməni Baş nazirin münaqişənin hələ də nizamlanmadığını və münaqişənin davam etdiyini bildirməsi, ortaya qaranlıq məqamlar çıxarıb.

 

O, bildirib ki, atəşkəs rejimini təmin etməyə nail olsalar da, həllini gözləyən çox məsələ var: “Bu məsələlərdən biri də Dağlıq Qarabağın statusu məsələsidir. Əlbəttə, Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində, o cümlədən bu məsələyə dair danışıqları davam etdirməyə hazırdır. Təəssüf ki, bu günə qədər biz hərbi əsirlər məsələsini həll edə bilməmişik və bu, ən həssas və ağrılı məsələdir. Ona görə ki, bu, humanitar məsələdir. Biz bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəlmişik”.

 

Düzdür, Paşinyan əsas və həssas məsələ kimi, hərbi əsirlər məsələsini xüsusi vurğulasa da, Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin həllini gözlədiyini bildirməsi və münaqişənin davam etdiyini deməsi, ermənilərin mənfur niyyətlərindən hələ də əl çəkmədiklərini göstərir. Ki, bu da Azərbaycan üçün yeni problemlərin yaranması və əsas problemin davam etməsinə rəvac verə bilər.

 

Lakin digər bir maraqlı məqam Ermənistan müxalifətinin Baş nazirliyə vahid namizədi Vazgen Manukyanın görüşlə bağlı fikirləridir. Belə ki, Manukyan bu görüşü Ermənistan üçün növbəti biabırçı məğlubiyyət adlandırıb. Erməni xislətinin ən bariz nümunələrindən olan Manukyan münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində tənzimlənməsi və Dağlıq Qarabağın statusu məsələsinin vacib olduğunu vurğulayıb və Paşinyanın buna nail olmamasını da məğlubiyyət adlandırıb: “Bu, böyük məğlubiyyət idi. Əlbətdə, əsirlərlə bağlı məsələ də açıq şəkildə qaldırılmalı və həll edilməli idi”.

 

Düzdür, Ermənistanın Baş naziri və Baş nazirliyə müxalifətin vahid namizədi əslində, eyni mövqedə olsa da, biri digərini məğlubiyyətdə ittiham edir. Fəqət, gəldikləri ortaq məxrəc eynidir: Qarabağın statusu və münaqişənin hələ də davam etməsi.

 

Bəs, bunu necə anlamaq olar? Xüsusən də Paşinyanın münaqişənin davam etməsi və Qarabağın statusunu vurğulaması nədən xəbər verir və bu, gələcəkdə münaqişənin yenidən alovlanmasına yol aça bilərmi?

Rufiz Qonaqov: “Azərbaycan barışdırıcı qüvvə olduğunu bir daha sübut edəcək”

Mövuzunu AYNA-ya dəyərləndirən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov Paşinyanın fikirlərini absurd adlandırıb: “Çünki Nikol Paşinyan rüsvayçı şəkildə kapitulyasiyaya imza atmış, məğlub hökumət başçısıdır. Bu baxımdan, təbiidir ki, o, Ermənistanın daxili auditoriyasına hesablanmış çıxış elədi və Azərbaycan Prezidenti İlham Əliyev də öz çıxışında ona bir daha cavab verdi və münaqişənin keçmişdə qaldığını vurğuladı. Söhbət ondan gedir ki, üçtərəfli bəyanatda da bu barədə hər hansı maddə və ya müddəa yoxdur. Ona görə də Nikol Paşinyan rüsvayçı vəziyyətə düşdüyü üçün sadəcə olaraq təsəlli xarakterli fikirlər bildirdi”.

 

“Həmçinin, o, əsirlər məsələsini də gündəmə gətirdi. Lakin əsirlər məsələsi də artıq öz həllini tapıb. Yəni, müharibə dövründə olan hərbi əsirlər, yaralılar və itkin düşənlərin tapılması ilə bağlı həm müharibə dövründə, həm də ondan sonra dəfələrlə vaxt ayrıldı ki, onları götürüb aparsınlar. Bir çox hallarda aparmadılar, aparanda da çox az sayda apardılar ki, Ermənistanda buna görə hər dəfə gərginlik yaranır. Yəni, bu məsələ də onların öz günahlarıdır və müharibə başa çatandan sonra da onların təxribatçı-diversiya qurupları Azərbaycana qarşı həyata keçirdikləri terror hərəkətlərinə görə həbs olunublarsa, onlar artıq hərbi əsir sayılmırlar.

 

Ona görə də bu məsələ sonuncu Moskva görüşündə heç müzakirə də olunmadı və müzakirə olunmasının heç bir hüquqi əsası da yox idi. Çünki müharibə başa çatıb və Ermənistanın hansısa təxribatçı dəstəsi imzaladıqları bəyanata zidd hərəkət edirsə, bu artıq birbaşa cinayətdir.

 

Çünki Azərbaycan ərazi bütövlüyün təmin edib və Dağlıq Qarabağ da, ətraf ərazilər də Azərbaycanın ərazisidir. Məlum bəyanata görə də, Azərbaycanın ərazisindən həmin bütün qeyri-qanuni silahlı dəstələr çıxarılmalıdır. Əgər, hələ də çıxmayıblarsa və Paşinyan öz ordusuna nəzarət edə bilmirsə, günahkar birbaşa özüdür”, - deyə, politoloq vurğulayıb.

Atəşkəsi pozan erməni silahlıları hərbi əsir deyil, terrorçu kimi mühakimə  olunacaq” - Polkovnik

Onun sözlərinə görə, Paşinyan hərbi əsirlər, Qarabağın statusu və ATƏT-in Minsk Qrupunun həmsədrliyi məsələsini gündəmə gətirməklə iz azdırmaq, ictimai rəyi çaşdırmaq və bununla da özünə haqq qazandırmaq istəyir: “Bunun isə heç bir əhəmiyyəti yoxdur. Çünki bundan əvvəl də dəfələrlə bəyan olunub ki, həmin ərazilərdə Ermənistanın və ümumiyyətlə ermənilərin heç bir hərbi birləşməsi qala bilməz. Yalnız söhbət ondan gedə bilər ki, Azərbaycan vətəndaşları həmin ərazilərə köçəndən sonra ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycan qanunları ilə birgə yaşayışa razı olacaqlarsa, yaşaya bilərlər. Əks halda, orada heç bir əlisilahlı qala bilməz. Ki, sonra həbs olunanda da adını hərbi əsir qoyub, tələb etsinlər. Belə olan halda, Azərbaycan Xankəndi də daxil olmaqla, öz ərazilərində istədiyi vaxt antiterror əməliyyatları keçirib, istənilən cinayətkarı yaxalaya bilər. Çünki Azərbaycanın buna tam ixtiyarı var. Cənab Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, Azərbaycan üçün Xankəndi yolu da, Ağdam yolu da, Laçın yolu da, bir sözlə Qarabağın hər bir yolu açqıdır. Rusiya Prezidenti Vladimir Putin də bildirdi ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və bütün beynəlxalq ictiamiyyət bunu qəbul edir. Ona görə də status məsələsi gündəmdən birdəfəlik çıxıb və belə bir məsələ artıq yoxdur. Bu baxımdan, Paşinyanın səsləndirdiyi fikrilər tamamilə əsassız və hakimiyyətdə qalmaq üçün çaba göstərməkdən ibarətdir”.

 

Ekseprt sözügedən antiterror əməliyyatlarının həyata keçirilməməsi ilə bağlı sualımızı da cavablanıdırıb: “Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatda da erməni silahlı birləşmələrinin Qarabağ ərazisindən çıxarılması qeyd edilib.

 

Yəni, bizə bu əməliyyatı keçirmək üçün heç kim mane ola bilməz. Ölkə başçısı Nazirlər Kabinetinin sonuncu müşavirəsində də bildiridi ki, həmin ərazilər Azərbaycan ərazisidir və Azərbaycanın ərazisinə Qırmızı Xaç Komitəsi istisna olmaqla, heç kəs icazə almdan daxil ola bilməz. Onların partizan müharibəsi aparmaq istəyən qalıqları da məlum olan kimi dərhal ələ keçirilir və həbs olunurlar.

 

Təbii ki, Azərbaycanın hüququ çatır ki, öz ərazilərində istənilən vaxt antiterror əməliyyatı həyata keçirsin. Yəqin ki, növbəti mərəhələlərdə bu məsələ də öz həllini tapacaq. Çünki əks halda birgə yaşayış mümkün olmayacaq. Azərbaycan öz ərazilərində təhlükəsizliyə cavabdehdirsə, sərhədlərini də bərpa edibsə və öz ərazisindən dəhliz də veribsə deməli, orada heç kəs qanunsuz şəkildə qala bilməz və qalmaycaq da”.

Müəllif: Mərahim Nəsib      14 Yanvar 2021 20:24
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin