Əsas səhifə Haqqımızda Xəbər lenti

“Bıçaq peşəkarların əlində olmalıdır” - Nazirliyə müraciət

“Bıçaq peşəkarların əlində olmalıdır” -       Nazirliyə müraciət

İlham Rəhimli: “Orta təhsilli mühafizəçilərin maaşları Xalq artistlərinin maaşlarından çoxdur”

 

Tanınmış teatrşünas, tənqidçi, jurnalist, sənətşünaslıq doktoru, professor, Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi İlham Rəhimli Mədəniyyət Nazirliyinə müraciət ünvanlayıb. Professor bu müraciətdə ölkə teatrlarının problemlərinə diqqət çəkməyə çalışıb.

 

AYNA xəbər verir ki, teatrşünasın müraciəti keçmiş Mədəniyyət nazirinin birinci müavini olan, hal-hazırda nazir səlahiyyətlərini icra edən Anar Kərimova ünvanlanıb. O, öz müraciətində teatrları vəziyyəti ağır, orta-ağır, yüngül olan və gələcək sağlamlığı təhlükə altında olan xəstələrə bənzədərək kateqoriyalaşdırıb.

 

İlham Rəhimli öz müraciətində bildirir: “Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən cənab Anar Kərimovun nəzərinə! Hörmətli Anar müəllim! Əminəm ki, Respublikamızda teatrların vəziyyəti, yeni, daha optimal konsepsiya əsasında işləməsi, qüsurların islahı, uğurlu təcrübələrin təbliği və genişləndirilməsi istiqamətində səmərəli islahatlar aparılmasının yollarını müəyyənləşdirmək üçün peşəkarlarla müzakirələr təşkil etmək də Sizin perspektiv iş planınıza daxildir. Bu mövzuda geniş müşavirə (və ya yaradıcılıq iclası) keçirsəniz, istərdim ki, aşağıda göstərəcəyim vacib proqnoz-qənaətlərə də diqqət yetirəsiniz. Bu barədə bir neçə dəfə yazmışam və Sizin də nəzərinizə çatdırmağı məqsədəuyğun sayıram. Mənim fikrimcə, Azərbaycanda mövcud olan çağdaş teatrları 4 fərqli duruma ayırmaq olar:

20 rejissor haqqında 120 cümlə - İlham Rəhimli | Edebiyyatqazeti.az

Birincisi, reanimasiyada olan teatrlar - onların əksəriyyətinin oradan salamat çıxmasına ümid çox azdır;

İkincisi, ciddi cərrahiyyə əməliyyatına ehtiyacı olan teatrlar - bir şərtlə ki, cərrah bıçağı istedadlı, peşəkar, prinsipial və qətiyyətli yaradıcılıq addımları ata, işin xeyrinə sərt tədbirlər görə bilən baş rejissorun əlində olmalıdır;

Üçüncüsü, terapevtik müalicəyə ehtiyacı olan teatrlar - bir şərtlə ki, hər bir sənət ocağında “xəstəliyin” diaqnozu dəqiq qoyulsun, aparılacaq müalicə səmərəli və effektli olsun;

Dördüncüsü, yaradıcılıq qayəsi aydın nəzərə çarpan, lakin perspektivi bir qədər dumanlı görünən, qayğıya və yardıma ehtiyacı olan teatrlar - bu sənət ocaqları çox azdır və onlara Nazirliyin yanaşma konsepsiyası, göstərilən dövlət yardımının forma və prinsipləri köklü şəkildə dəyişdirilməlidir”.

 

Professor müraciətində teatrların vergi məsələlərinə və kommunal xərcləri ilə bağlı endirim məsələlərinə də toxunub: “Ona da inanmaq istəyirəm ki, teatrlara (xüsusən, bilet satışına) şamil edilən vergi qanunlarına mütləq və mütləq yenidən baxılması üçün hökumətə konkret təkliflərlə müraciət olunmalıdır. Teatrların kommunal xərclərinin (işıq, istilik, qaz və s.) minimuma endirilməsi və ya sənət ocaqlarının bundan tamamilə azad olması üçün də aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmalıdır. Xatırladım ki, 1930-1948-ci illərdə Azərbaycanda bu təcrübə reallaşıb və teatrların yaradıcılıqlarının peşəkarlıqla inkişafına, forma-məzmun axtarışlarına, repertuar qurumuna çox böyük səmərə verib. Qeyd edim ki, həmin illərdə Ağdamda, Ağdaşda, Bərdədə, Füzulidə, Qazaxda, Qubada, Gəncədə, Göyçayda, Lənkəranda, Naxçıvanda, Sabirabadda, Salyanda, Şəmkirdə, Şuşada, Zaqatalada da dövlət teatrları fəaliyyət göstərirdi”.

Anar Kərimov kollektivə təqdim olundu

İlham Rəhimli teatrda çalışanların maaşının artırılmasının da vacib olduğunu bildirib: “Teatrların yaradıcı heyətlərinin maaşları mütləq qaldırılmalıdır (Heç xoşa gələn hal deyil ki, 8-ci və ya 10-cu sinfi bitirərək mühafizədə işləyənlərin əksəriyyətinin maaşları Xalq artistlərinin maaşlarından çoxdur). Yəqin ki, çoxlu sayda mövcud olan digər irili-xırdalı problemlər barədə də keçirəcəyiniz müşavirədə və ya iclasda rejissorlar, aktyorlar, inzibati işçilər, teatrşünaslar geniş, məqsədyönlü şəkildə öz fikirlərini söyləyəcəklər”.

Müəllif: Bünyamin      24 Avqust 2020 23:09
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin