Başımıza gələ biləcəklərdən sığortalanmaqda fayda var

Başımıza gələ biləcəklərdən sığortalanmaqda fayda var

“İnsanlar sığortanı onlara xeyir verəcək bir vasitə kimi yox, vergi kimi qəbul edirlər”

 

Müxtəlif sahələrdə riskləri minimuma endirmək üçün sığortanın inkişafı həm iqtisadi, həm də sosial əhəmiyyətə malikdir. Mərkəzi Bankdan verilən məlumata görə, bu ilin yanvar-aprel aylarında bütün sığorta növləri üzrə ümumi yığımlar illik müqayisədə 17,4% artaraq, 311 337 min manat, ödənişlər isə 58.4% artaraq, 105 564.7 min manat təşkil edib.

 

Lakin “SP Global Ratings” Beynəlxalq Reytinq Agentliyinin proqnozlarına görə, ölkənin sığorta bazarında işlər o qədər də yaxşı getmir. Mövcud makroiqtisadi şərtləri, işgüzar fəallığın azalmasını və ümumi daxili məhsulun (ÜDM) artım templərini nəzərə alaraq, beynəlxalq ekspertlər Azərbaycanda illik sığorta xərclərinin adambaşına 20-25 dollar səviyyəsində qalacağını düşünürlər. Sığorta xidmətlərinin insanların həyatına nüfuz dərəcəsi də aşağı olaraq qalacaq və beş illik orta səviyyəyə 0,5% yaxınlaşacaq.

 

Sığorta mütəxəssisi Xəyal Məmmədxanlının AYNA-ya dediyinə görə, sığorta həcmində cüzi artım belə, artıq bazarda inkişafın getdiyinin göstəricisidir: “Ancaq eyni zamanda, iqtisadiyyat üçün bu göstəricinin cüzi miqadarda inkişafı heç bir əhəmiyyət kəsb etmir. Bu il sığorta bazarının həcmi 700 milyon manat, keçən il isə 722 milyon manat təşkil edib. Proqnoza görə, bu ilin sonuna qədər ötən ilə nisbətdə, təxminən eyni göstəricilər qalacaq ki, bu da bazarda inkişafın olmaması deməkdir. İndi sığorta bazarı sözün əsl mənasında dayanıb”.

 

“5 il əvvəl bu bazarda dövriyyə həcminin bir milyard manata çatacağını proqnozlaşdırırdıq, amma indiyə qədər bu, baş vermədi. İndi Azərbaycanda adambaşına düşən illik sığorta dəyəri 70 manatdır. Beynəlxalq təşkilatların araşdırmaları ilə müqayisədə rəqəmlərdəki fərq korporativ müştərilərin sığortasını nəzərə almamaları ilə əlaqədardır. 70 manat inkişaf etmiş ölkələrin göstəriciləri ilə müqayisədə çox az bir məbləğdir. Misal üçün, ABŞ-da bu rəqəm 4000 dollara, Britaniyada isə 3000 funta bərabərdir”, - müsahibimiz deyib.

 

Ekspert bildirib ki, bizdə sığorta bazarı olduqca zəif inkişaf edib: “Əhali, əsasən icbari sığorta əməliyyatlarının iştirakçısı olur. Amma insanların könüllü sığorta növlərində iştirak etməsi vacibdir. İndi ölkədə sığorta bazarının rolu azdır”.

 

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev də AYNA-ya açıqlamasında, daxili sığorta bazarının durğunluq yaşadığını qeyd edib: “Mövsümi olaraq aktivlik artması müşahidə olunsa da, bu, çox qısa müddətli bir xarakter daşıyır. Sonra azalma baş verir. İndiki şəraitdə sığorta bazarında artımın müşahidə oluna biləcəyinə inanmıram. Bu, mənə benzin satışının artması barədə xəbərləri xatırladır. Maraqlıdır ki, şəraitlə əlaqədar maşınlar əvvəlkindən daha az sürülür, təyyarələr daha az uçur. Bəlkə də benzin satışı keçmişdəki müəyyən bir dövrlə müqayisədə artıb - onu bilmirəm. Sığorta bazarı ilə də eyni vəziyyətdir”.

 

“İndi bu bazarın inkişafı üçün heç bir perspektiv görünmür. Daşınmaz əmlak sığortasında artım var, amma o qədər cüzidir ki, onu əhəmiyyətli hesab etmək olmaz. İndiyə qədər kənd təsərrüfatı sığortası inkişaf etdirilmir, ölkə daxilində icbari tibbi sığortanın tətbiqi koronavirus pandemiyası səbəbiylə təxirə salınıb. Bütün bu amillər sözsüz ki, bazarın zəifliyində öz sözünü deyir. İndi tibbi sığorta, əsasən xarici şirkətlərin işçiləri üçün edilir” – ekspert vurğulayıb.

 

Onun sözlərinə görə, Azərbaycanın sığorta sistemi yüksək riskli sistem hesab olunur və güc-bəla ilə işləyir: “İkiqat sığorta sistemini inkişaf etdirmək, eyni zamanda sığortaçıların özlərini də sığortalamaq lazımdır. Bundan başqa, vətəndaşlar könüllü sığorta prosesinin iştirakçısı olmaq istəmirlər. Söhbət insanlarda pulun olmamasında deyil, könüllü sığortanın faydalarının lazımınca təbliğ olunmamasındadır. Sığorta bazarının zəif inkişaf etməsində dövlətin də günahı var. Tez-tez yanğın və ya təbii fəlakət nəticəsində sığınacaqlarını və ya işlərini itirənlərin maddi ziyanlarını dövlət kompensasiya edir. Ancaq burada da dövlətin dəqiq bir mövqeyi yoxdur”.

 

Yuxarıdakı fikirlərə rəğmən, iqtisadçı-ekspert Fuad Əlizadə AYNA-ya deyib ki, sığorta bazarında irəliləyiş var: “Kənd təsərrüfatı sığortası və icbari tibbi sığortanın tətbiqi göstəricilərin artmasına səbəb olacaq. Lakin bunların hamısı icbari sığortadır. Beynəlxalq ekspertlər hesab edirlər ki, əhali icbari sığorta növlərini onlara gələcəkdə üstünlük verəcək bir mexanizm kimi deyil, vergi kimi qəbul edir. Bu isə bazarın inkişafına problem yaradır”.

 

İqtisadçı əmindir ki, bu istiqamətdə əsas gücü maarifləndirmə işinə vermək lazımdır: “Nəzərə almaq lazımdır ki, Azərbaycan aktiv seysmik zonada yerləşir və təbii fəlakətlərin riski olduqca yüksəkdir. Odur ki, bundan çıxış edərək, insanları könüllü sığortaya cəlb etmək lazımdır”.

Müəllif: Elya Belskaya      2 İyul 2020 23:35
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin